Qərb formatında da nəticəsiz sülh danışıqları gedir: GƏRGİNLİK ARTACAQ

"Moldovanın paytaxtı Kişineuda beştərəfli qeyri-rəsmi görüş baş tutdu. Görüş ümumi mənada pozitiv müstəvidə keçdi. Bunu görüş zamanı çəkilən fotolardanda da görmək olar. Lakin gözlənildiyi kimi sülh sazişi bu görüşdə imzalanmadı".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib. 

Ekspert bildirib ki, Kişineu görüşü zamanı indiyə qədərki gündəlik yenidən müzakirə olunub: 

"İyulun 21-də Brüsseldə növbəti görüş olacaq. Brüssel görüşünün əsas müzakirə mövzusu da yenə təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi olacaq. Bunu da müsbət bir məqam olaraq qiymətləndirmək olar. Şarl Mişelin bəyanatında diqqətçəkən bir məqam da Prezident İlham Əliyevi, baş nazir Paşinyanı, kansler Şoltsu və prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətində olduğunu deməsidir. Növbəti beştərəfli görüşlə bağlı razılıq mahiyyət etibarilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün başlanan prosesdə oyunçuların sayının artması deməkdir. Bu isə öz növbəsində prosesdə iştirak edən qüvvələrin maraqlarının artdığını göstərir. Formatın genişlənməsi nəticənin əldə edilməsini uzada bilər. Xüsusilə Fransanın olduğu bir formatda real nəticənin əldə edilməsi çətidir. Lakin xoşbəxtlikdən əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılır və Fransa ilə Almaniyanın iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyır".

Ekspertə görə, buna baxmayaraq, Berlinin proseslərdə iştirakı rəsmi Bakının İrəvanın Parisi prosesə daxil etmək cəhdlərinə bir cavabdır: 

"Azərbaycan yaxşı başa düşür ki, Almaniya və Fransa Avropada təbii rəqiblərdir. Berlin Britaniyanın Avropa İttifaqından çıxması fonunda Fransanın təkbaşına liderik etməsini heç vaxt qəbul etməyəcək. Buna görə də Almaniyanın formatda olması Fransa faktorunun bloklanması baxımdan önəmlidir. Kişineu danışıqlarında müsbət məqamlar olsa da, nəticə etibarilə bu da Moskva görüşü kimi nəticəsiz qaldı. Təcrübə göstərir ki, nəticəsiz görüşlər həm Ermənistan-Azərbaycan şərti sərhədində, həm də Qarabağda gərginliyi artıra bilər. Onsuz da Azərbaycan bütün vasitələrindən istifadə edərək Qarabağı danışıqlar masasından kənarda saxlamağa çalışır. Rəsmi Bakı bunu daxili məsələsi olaraq gördüyü üçün separatizmə qarşı praktiki addımlar atması istisna deyil. Lakin Qərb formatında nəticəsiz görüşlərin davamlı xarakter alması öz növbəsində Ermənistan-Azərbaycan şərti sərhədində gərginliyin artmasına gərtirib çıxara bilər".