- Faktiki olaraq, Ermənistanda Paşinyanın vasitəsilə Qərb və ABŞ güclənir. Gürcüstanda isə tamamilə fərqli proses baş verir
Gürcüstan və Rusiya arasında münasibətlərin normallaşdırılması istiqamətində yeni mərhələnin başlanması gözlənilir. Uzun müddətdir siyasi gərginlik və qarşılıqlı etimadsızlıq şəraitində davam edən münasibətlər fonunda Tbilisi və Moskva arasında dialoqun bərpasına dair konkret addımların atılması diqqət çəkir. Xüsusilə, iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr səviyyəsində ilk görüşün keçirilməsinin planlaşdırılması bu prosesin diplomatik müstəviyə keçdiyini göstərir.
Gürcüstan hakimiyyətinin son dövrlər Rusiya ilə münasibətlərdə daha praqmatik və yumşaq siyasət yürütməsi, iqtisadi və siyasi əlaqələrin inkişafına maraq göstərməsi bu təmasların əhəmiyyətini daha da artırır. Bununla belə, Abxaziya və Cənubi Osetiya məsələləri, eləcə də Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımaması münasibətlərin tam normallaşması qarşısında əsas maneələr olaraq qalır. Belə bir şəraitdə tərəflər arasında keçiriləcək ilk görüşün hansı nəticələr verəcəyi, Moskva və Tbilisinin münasibətlərin gələcək inkişafı ilə bağlı hansı mövqedən çıxış edəcəyi xüsusi maraq doğurur.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, Kobaxidze hakimiyyəti ilk gündən etibarən Rusiya ilə münasibətlərin normallaşdırılması mövqeyindən çıxış edib:

“Hətta xatırlayırsınızsa, onun inauqurasiya mərasimi böyük səs-küyə səbəb olmuşdu. Belə ki, inauqurasiya zamanı etdiyi çıxışda bildirmişdi ki, biz artıq Qərbə inteqrasiyadan imtina edirik. Hətta Qərbi burada ikiüzlü davranışda ittiham etmişdi. Yəni Gürcüstanda Rusiya və Çinlə inteqrasiya, Şərqə inteqrasiya yolu tutulub. Ona görə də Rusiya ilə münasibətlərin normallaşdırılması prosesinin davam etməsində təəccüblü bir şey yoxdur. Rusiya ilə sərhədlər açıldı, viza rejimi ləğv edildi, Rusiya ilə uçuşlar bərpa olundu və Rusiyaya qarşı səsləndirilən ritorika yumşaldıldı. Biz açıq şəkildə gördük ki, Gürcüstan hökuməti artıq Rusiyaya qarşı açıq ittihamlarda bulunmur. Bundan başqa, görünür ki, açıq qarşıdurmaya getmək istəmirlər. Yəni Gürcüstan faktiki olaraq Avropa İttifaqına üzvlüyə namizədlik prosesi istiqamətindəki fəaliyyətini dayandırıb, ən azı bunu dondurub. Avropa ilə münasibətlərdə isə son vaxtlar Gürcüstan hakimiyyəti Avropanı ittiham edir. Ölkə daxilində baş verən məsələlərdə, məsələn, xarici təsirlərlə bağlı qanun bu münasibətin ən bariz nümunəsidir. Həmin qanunu Rusiya qanunu adlandırıblar. Avropa İttifaqı da, öz növbəsində, Gürcüstanı Rusiya ilə yaxınlaşmaqda və əməkdaşlıqda ittiham edir. Hətta Ukrayna və Polşa kimi ölkələr Gürcüstanı yeritdiyi siyasətə görə açıq şəkildə Rusiyaya kömək etməkdə, onun orbitinə qayıtmaqda və Ukraynadan uzaqlaşmaqda ittiham edirlər. Biz bunu açıq şəkildə görürük”.
Analitik qeyd edib ki, Gürcüstan hakimiyyəti anti-Rusiya mövqeyindən imtina edib:
“Gürcüstanın Rusiya ilə yenə də problemləri var. Xüsusilə, Abxaziya və Cənubi Osetiya məsələsi. Rusiya həmin əraziləri faktiki olaraq öz nəzarətində saxlayır və Gürcüstan bu məsələlərlə bağlı açıq şəkildə dialoq aparmağa çalışır. Gürcüstan hakimiyyəti hesab edir ki, Rusiya ilə yaxınlaşma həmin ərazilərin müəyyən şəkildə Gürcüstanın tərkibinə qayıtmasına işarə edəcək. Amma Lavrov bildirmişdi ki, bunu Gürcüstan özü həll etməlidir. Ona görə də burada müəyyən problemli məsələlər var. Xüsusilə, Gürcüstanın ərazi bütövlüyü məsələsi. Amma qalan məsələlərdə iki ölkə arasında yaxınlaşma müşahidə olunur.
Mənə elə gəlir ki, burada gördüyümüz əsas məqam Rusiyanın hazırda Gürcüstanda möhkəmlənməklə Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışmasıdır. Faktiki olaraq, Ermənistanda Paşinyanın vasitəsilə Qərb və ABŞ güclənir. Gürcüstanda isə tamamilə fərqli proses baş verir. Sanki Rusiya Cənubi Qafqazda, Ermənistanda itirdiyi mövqeyini Gürcüstan vasitəsilə möhkəmləndirməyə çalışır. Yəni belə bir siyasət və istək hiss olunur. Düşünürəm ki, Gürcüstanda Rusiyanın mövqelərinin güclənməsi və son dövrlərdə Ukrayna məsələsində fəallaşması Qafqazda Rusiya faktorunun yenidən güclənməsinə səbəb ola bilər. Amma Ukrayna ilə bağlı danışıqların nəticəsində Rusiya istədiyini əldə edə bilmədi. Ukraynada müəyyən nəticələr əldə edilsəydi və Rusiyanı sülhə məcbur etmək mümkün olsaydı, Cənubi Qafqazda və Mərkəzi Asiyada proseslər yenidən aktivləşə bilərdi. Amma indiki halda Cənubi Qafqazda geosiyasi vəziyyətin nə dərəcədə dəyişəcəyini və Rusiyanın mövqelərinin nə qədər güclənəcəyini demək çətindir. Amma ən azı Kreml Ermənistanda boşalan mövqeyini Gürcüstanda bərpa etmək istəyir”.