Kibertəhlükəsizlik fasiləsiz nəzarət tələb edir - Osman Gündüz

  • Dövlət qurumlarının yalnız öz sistemləri deyil, istifadə etdikləri xarici xidmətlər və texnologiyalar da mütəmadi audit olunmalıdır

“Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlarla bağlı rəsmi açıqlama yayılıb. Lakin beynəlxalq məlumatlardan görünür ki, bu, yalnız Azərbaycana qarşı yönəlmiş hadisə deyil. Donald Trampın, Bill Qeytsin və başqa məşhurların, həmçinin ABŞ-ın FTB və Müdafiə Nazirliyinin, McDonald's və Burger King kimi şirkətlərin köhnə paylaşımlarında da oxşar problemlər aşkarlanıb. Hadisə CNN və digər beynəlxalq media resurslarında geniş işıqlandırılıb”.

Bu açıqlamanın müəllifi, Azərbaycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz baş vermiş hadisə ilə bağlı izahında bildirir ki, məsələ kiminsə sosial şəbəkə hesablarının ələ keçirilməsində deyil, internet keçidlərini - linklərini qısaldan Bitly xidmətində aşkarlanmış təhlükəsizlik problemindədir: 

- Prezident İlham Əliyevin də uzun illər əvvəlki, 2010-11-ci illərdəki paylaşımlarda istifadə edilmiş bəzi köhnə, fəaliyyətsiz keçidlərdən sui-istifadə edilərək istifadəçilər tamamilə başqa məzmunlara yönləndirilib. Yəni rəsmi paylaşımlar dəyişməyib, lakin onlardakı keçidlər başqa səhifələrə aparıb. Bitly şirkəti də belə bir problemi rəsmən təsdiqləyib və tədbirlər gördüyünü bildirib. Odur ki, baş verənləri yalnız Azərbaycana qarşı məqsədyönlü hücum, yaxud yalnız Prezidentin sosial hesablarına qarşı məqsədyönlü hücum kimi, hesabların ələ keçirilməsi kimi qiymətləndirmək doğru olmazdı. 

O.Gündüz bildirib ki, son dövrlərdə sektorda məhz ən çox iş görülən sahələrdən biri kibertəhlükəsizlik və kritik qurumların təhlükəsizliyilə bağlı olub. Bu sektorda texnoloji və institusional imkanlar xeyli gücləndirilib: 

- Amma baş verənlər həm də bir daha onu göstərir ki, kibertəhlükəsizlik fasiləsiz nəzarət tələb edir. Dövlət qurumlarının yalnız öz sistemləri deyil, istifadə etdikləri xarici xidmətlər və texnologiyalar da mütəmadi audit olunmalıdır. Köhnə keçidlər yoxlanmalı, riskli olanlar deaktiv edilməli, mümkün qədər qurumların öz domenlərindən istifadə olunmalı və üçüncü tərəf xidmətlərinə nəzarət gücləndirilməlidir.