Rusiyaya gedən XƏBƏRDARLIQ: Telefonlar yoxlanılır, sosial şəbəkələr izlənilir

Hüquqşünas Əkrəm Həsənov Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarının üzləşə biləcəyi risklərlə bağlı xəbərdarlıq edib.

Sherg az xəbər verir ki, hüquqşünas iddia edir ki, Rusiyaya gedən şəxslərin sərhəd-keçid məntəqələrində telefonlarının yoxlanılması və sosial şəbəkə fəaliyyətlərinin araşdırılması ilə bağlı narahatedici hallar var.

Onun sözlərinə görə, bir Azərbaycan vətəndaşının oğlu Moskva ali məktəblərindən birinə qəbul olub. Rusiyaya çatdıqdan sonra hava limanında onun telefonu yoxlanılıb və cihazında Çeçenistan rəhbəri Ramzan Kadırovla bağlı satirik şəkil aşkar edilib. İddialara görə, həmin şəxs bundan sonra saxlanılıb və Ukraynaya qarşı müharibədə iştirak üçün müqavilə imzalamağa məcbur edilir.

Əkrəm Həsənov qeyd edib ki, hazırda Rusiyaya gedən şəxslərin yalnız özlərinin deyil, yaxınlarının və qohumlarının sosial şəbəkələrdəki fəaliyyətinin də araşdırılması ilə bağlı məlumatlar var.

Hüquqşünas soydaşlarımızın təhlükəsizliyi baxımından bu məsələyə ciddi yanaşmağın vacibliyini vurğulayıb və Rusiyaya səfər etməyi planlaşdıran şəxsləri ehtiyatlı olmağa çağırıb.