Tramp: ABŞ bu və ya digər şəkildə Qrenlandiyanı əldə edəcək

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın müdafiəsiz olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

“Qrenlandiya, mahiyyət etibarilə, müdafiəsizdir. Onların cəmi iki it xizəyi var. Bilirsinizmi, onların müdafiəsi nədən ibarətdir? İki it xizəyindən”, — ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, ABŞ Qrenlandiya üçün onların Amerikaya ehtiyacından qat-qat daha vacibdir. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə strateji maraqlara malikdir.

ABŞ Prezidenti Qrenlandiya ilə bağlı niyyətlərinin ciddi olduğunu da vurğulayıb.

“Biz icarə və ya qısamüddətli istifadə haqqında danışmırıq. Söhbət birbaşa ilhaqdan gedir. Əgər biz bunu etməsək, Rusiya və ya Çin edəcək. Mən buna imkan verməyəcəyəm”, — Tramp bildirib.

Tramp Qrenlandiya ilə razılaşma əldə etməyə üstünlük verdiyini desə də, mövqeyini sərt şəkildə ifadə edib: “Mən onlarla razılaşma bağlamaq istərdim — bu, daha asandır. Amma bu və ya digər şəkildə, biz Qrenlandiyanı əldə edəcəyik”.