Uitkoff Ukrayna nümayəndə heyəti ilə görüşü müsbət qiymətləndirdi

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqların “müsbət keçdiyini” bildirib.

Sherg.az xəbər verir ki, görüşdə fasiləyə qədər təxminən iki saat müzakirələr aparılıb.

Uitkoff həmçinin təsdiqləyib ki, o, 1 dekabr bazar ertəsi günü Rusiyanın prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yola düşəcək.

Ukraynanın xarici işlər nazirinin müavini Sergey Kislıtsa isə Mayamidə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşü “məzmunlu və konstruktiv” adlandırıb.

Danışıqlarda ABŞ və Ukraynanın xarici siyasət və təhlükəsizlik strukturlarının nümayəndələri iştirak edir. Görüş Uitkoffun Mayamidəki şəxsi Shell Bay qolf-klubunda keçirilir.

Bundan əvvəl Kiyev və Vaşinqton “yenilənmiş və təkmilləşdirilmiş sülh tənzimlənməsi çərçivəsi” hazırlamışdı. Moskva bu təklifləri gələcək razılaşmalar üçün əsas kimi nəzərdən keçirməyə hazır olduğunu bildirmiş, lakin yekun sülh planının hələ mövcud olmadığını qeyd etmişdi.