Ukrayna müharibəsinin nəticəsi Avropanın taleyini həll edəcək - ANALİZ

Qələbə ilə çıxsa, Moskva itirdiyi hərbi potensialı bərpa edə bilər

Bu gün amerikalı jurnalist Taker Karlsonun Rusiyanın Avropaya nüvə zərbəsi endirə biləcəyi ilə bağlı səsləndirdiyi iddialar diqqət çəkib. Onun sözlərinə görə, Böyük Britaniya nüvə silahına sahib olsa da, əsas məsələ bu silahlar üzərində real nəzarətin kimdə olmasıdır. Almaniya isə ümumiyyətlə nüvə silahına malik deyil. Buna baxmayaraq, Moskvanın yanaşmasına görə, Almaniya kimi nüvə silahı olmayan ölkələr də Rusiya üçün potensial “qanuni hədəf” sayılır. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibə artıq dörd ildir ki, davam edir. Bu müddət ərzində Rusiya ordusu təxminən 1,2 milyon hərbi personal itirib. Müharibənin başlamasından sonra isə Rusiya ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya və digər Qərb ölkələri tərəfindən misli görünməmiş sanksiyalarla üzləşib. Sanksiyalar Rusiyanın iqtisadi, texnoloji və hərbi sənaye potensialına ciddi zərbə vurub. Onu da nəzərə almaq lazımdır ki, Almaniya ilə Rusiya arasında birbaşa quru sərhədi mövcud deyil. Rusiya Almaniyaya hərbi müdaxilə etmək üçün NATO üzvü olan bir neçə ölkənin ərazisindən keçməli olacaq. Belə bir ssenari NATO-nun 5-ci maddəsinin işə düşməsi və ABŞ başda olmaqla alyansın birbaşa qarşıdurmaya daxil olması ehtimalını artırır. Bütün bu amillər nəzərə alındıqda, Rusiyanın Ukrayna müharibəsindən sonra Avropaya qarşı birbaşa hücum ehtimalı, açıq sual olaraq qalır.

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Rusiyanın Avropaya hərbi zərbə endirmə perspektivi onun Ukrayna müharibəsindən çıxacağı nəticələrdən asılıdır:

“Əgər Moskva bu müharibəni iqtisadi resurslarının ciddi şəkildə tükənməsi və hərbi ehtiyatlarının azalması ilə başa vurarsa, müəyyən müddət ərzində yeni hərbi əməliyyatlar aparmaq imkanlarından məhrum olacaq. Hətta bu halda Rusiyanın özünümüdafiə qabiliyyətində belə problemlər yarana bilər. Lakin Ukrayna müharibəsindən qələbəyə yaxın nəticələrlə çıxacağı təqdirdə, Rusiya üçün tamamilə fərqli və daha əlverişli vəziyyət yaranacaq. Belə bir ssenaridə Moskva bir neçə il ərzində itirdiyi hərbi potensialı bərpa edərək Avropa ölkələrinə qarşı hərbi təzyiq imkanlarını yenidən gündəmə gətirə bilər. Qərb açıq şəkildə anlayır ki, Rusiyanın öz hərbi potensialını bərpa etmək imkanları hələ də mövcuddur. Məhz bu səbəbdən Qərb dairələri ehtiyatlı davranaraq Rusiyanın Ukrayna müharibəsindən asanlıqla kənarlaşdırılmasının qarşısını almalıdır”.

Politoloq hesab edir ki, Rusiyanın gələcəkdə atacağı aqressiv hərbi addımlarda ABŞ-nin mövqeyi həlledici əhəmiyyət daşıyacaq:

“Rusiyanın Avropa ölkələrinə zərbə vurub-vurmayacağı məsələsi bir neçə əsas faktordan asılıdır. ABŞ-nin Avropa üzərindəki təhlükəsizlik çətirini tədricən sökməsi, Vaşinqtonun NATO-dan uzaqlaşma meyilləri və transatlantik əlaqələrin zəifləməsi xüsusi əhəmiyyət daşıyır. Əgər Amerika indiki Tramp administrasiyasının siyasətinə uyğun olaraq Avropanın təhlükəsizlik çətirini zəiflədərsə, Avropa ölkələrinin Rusiya ilə müstəqil hərbi mübarizə aparmaq gücü olmayacaq. Bu halda ABŞ-nin müdafiəsindən kənarda qalan Avropa dövlətləri Rusiya üçün asan hədəfə çevriləcək”.

Aybəniz Səfərova