Xorvatiyada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan konfrans keçirilib

Azərbaycanın Xorvatiyadakı Səfirliyi Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan konfrans keçirib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Konfransda Xorvatiyanın dövlət qurumlarının rəsmiləri və Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Azərbaycanın Baş Prokurorluğunun nümayəndəsi, Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər, Xorvatiyada yaşayan azərbaycanlılar və digər şəxslər iştirak edib.

İlk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Anar İmanov çıxışında Xocalı soyqırımı barədə ətraflı məlumat verərək hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirib.

Azərbaycanın Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov tədbir iştirakçılarına Xocalı soyqırımı, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müxtəlif terror aktları, 1-ci Qarabağ müharibəsi dövründə törədilmiş qətliamlarla bağlı faktlar təqdim etmiş, habelə 2-ci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlər barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib və “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr olunan bukletlər tədbir iştirakçılarına təqdim olunub.