Əlimusa İbrahimov: Zelenski müharibə liderlərinin nadir hallarda atdığı addımı atdı
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 4-də Vladimir Putinə açıq məktub göndərərək mövcud cəbhə xətti boyunca dərhal atəşkəs elan etməyi və müharibəyə son qoymaq üçün üçüncü ölkədə ikitərəfli görüş keçirməyi təklif edib.
Zelenskinin rəsmi saytında yayımlanan məktubda deyilib: “Ukrayna müharibəni Sizinlə bizim aramızda aparılacaq formatda başa çatdırmağı təklif edir”.
Bundan əvvəl Putin “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026” çərçivəsində çıxışı zamanı Rusiyanın Ukrayna tərəfindən sülh sazişini imzalayacaq şəxsləri tapa biləcəyini, əsas şərtin Kiyevin buna siyasi iradə göstərməsi olduğunu bildirmişdi. Zelenskinin məktubu Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla həlli istiqamətində yeni çağırış kimi qiymətləndirilir.
Politoloq Əlimusa İbrahimov Sherg.az-a açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin məktubunu həm Kremlə, həm rus ictimaiyyətinə, həm də Ukraynanın Qərbdəki tərəfdaşlarına ünvanlanmış çoxqatlı siyasi kommunikasiya vasitəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, müraciətin diqqətçəkən hissələrindən biri birbaşa Rusiya cəmiyyətinə hesablanıb: “Zelenski məktubunda Rusiyada artan sosial və iqtisadi narazılıqları qabardıb, Ukrayna PUA-larının Rusiya ərazisinə zərbələrini, yanacaq qıtlığını, qiymət artımlarını, sərtləşən qadağaları və ikinci səfərbərlik dalğası ehtimalını ön plana çıxarıb. O, faktiki olaraq Putinin üzərindən rus vətəndaşlarına müraciət edərək müharibədən yorğunluq hissinin gücləndiyini göstərməyə çalışıb. Zelenski iddia edir ki, Kreml 26 il ərzində cəmiyyətin loyallığını maliyyə imkanları və siyasi nəzarət hesabına qoruyub, lakin artıq həm iqtisadi resurslar, həm də siyasi təsir mexanizmləri əvvəlki qədər effektiv deyil. Bu yanaşma təkcə təbliğat məqsədi daşımır, eyni zamanda rus elitası və cəmiyyətində müharibənin davam etdirilməsinin perspektivləri ilə bağlı şübhə formalaşdırmağa hesablanıb”.
Politoloqun fikrincə, müraciətin ən təsirli hissələrindən biri Zelenskinin Rusiya ordusunun itkiləri ilə bağlı səsləndirdiyi rəqəmlər olub: “Zelenski təkcə may ayında Rusiyanın 30 mindən çox ölü və ağır yaralı verdiyini iddia edib. Bu statistikanı xüsusi vurğulaması təsadüfi deyil. O, bununla həm Rusiya cəmiyyətində psixoloji təzyiq yaratmağa, həm də Kremlin insan resurslarının tükənməsi ilə bağlı narahatlıqları dərinləşdirməyə çalışır. Zelenski paralel olaraq Ukraynanın itkilərinin daha aşağı olduğunu önə çəkərək müharibənin Rusiya üçün daha ağır sosial və demoqrafik nəticələr doğurduğu görüntüsünü formalaşdırır. Əslində bu mesaj həm cəbhəyə, həm də Rusiyanın daxilində Putinə qarşı artan narazı dairələrə hesablanmış siyasi təzyiq elementidir. Zelenskinin ritorikası sərt görünsə də, müraciətin mahiyyəti tamamilə diplomatik çərçivəyə söykənir. O, bir tərəfdən Rusiyanı açıq şəkildə ittiham edir, digər tərəfdən isə konkret danışıqlar mexanizmi təklif edir. Məktubun əsas mesajı budur ki, müharibənin dayanması üçün proses artıq vasitəçi bəhanələri və uzun texniki prosedurlarla deyil, birbaşa siyasi qərarlarla başlamalıdır. Zelenski Ukraynanın yeni “Minsk modeli”ni qəbul etməyəcəyini bildirib. Yəni illərlə davam edən, nəticəsiz və tərəflərə vaxt qazandıran “servis diplomatiyası”na qayıdış olmayacaq. Bu baxımdan onun “Alyaskada saziş” kimi fikirləri istehza ilə qarşılaması da simvolikdir. O deməyə çalışır ki, məsələ coğrafi məkan yox, real siyasi iradədir.
Bununla yanaşı, Ukrayna liderinin mövqeyində müəyyən taktiki dəyişiklik də hiss olunur. Əvvəllər Kiyev “əvvəl işğal olunmuş ərazilərdən çıxış, sonra danışıqlar” xəttinə daha yaxın idi. İndi isə Zelenski “əvvəl atəşkəs, sonra danışıqlar” formulunu irəli sürür. Bu, Ukraynanın geri çəkilməsi yox, daha çox beynəlxalq dəstəyi qorumağa və müharibənin idarəolunan mərhələyə keçirilməsinə hesablanmış diplomatik çeviklik kimi görünür.
Eyni zamanda Zelenski açıq mesaj verir ki, təmas xətti danışıqların başlanğıc nöqtəsi ola bilər, amma bu, işğalın legitimləşdirilməsi anlamına gəlmir. Yəni Kiyev faktiki vəziyyəti müvəqqəti siyasi reallıq kimi qəbul etsə də, hüquqi və strateji baxımdan ərazi iddialarından imtina etdiyini bildirmir. Bu yanaşma Ukraynanın həm döyüş meydanında mövqeyini qorumaq, həm də Qərbdə “sülhdən yayınan tərəf” görüntüsünə düşməmək cəhdidir”.
Ə. İbrahimov qeyd edib ki, məktubda Zelenskinin “əgər müharibəni dayandırmasa, öz şəxsi mövcudluğu uğrunda daha çox mübarizə aparmalı olacaq” fikrinin yer alması təsadüfi deyil. Burada məqsəd Putinin qərarlarını dövlət maraqları kontekstindən çıxarıb şəxsi hakimiyyət instinkti müstəvisinə keçirməkdir: “Zelenski bu mesajı gücləndirmək üçün Rusiyanın daxili siyasi tarixini və son illərdə yaşanan prosesləri də xatırladır: “O, Rusiyada yorğunluq artdıqca dəyişikliklərin baş verdiyini vurğulayır və “Vaqner” qiyamının ildönümünə istinad edir. Bununla Zelenski göstərməyə çalışır ki, müharibənin uzanması təkcə cəbhədə yox, Rusiyanın daxilində də idarəolunmaz proseslər yarada bilər. Lakin bu, kifayət qədər riskli siyasi ritorikadır. Bir liderin şəxsi təhlükəsizliyi və hakimiyyətinin davamlılığı ilə bağlı açıq mesajlar onu kompromisə yox, daha sərt reaksiyalara sövq edə bilər”.
Politoloq hesab edir ki, məktubun mühüm istiqamətlərindən biri də beynəlxalq auditoriyaya hesablanmış mesajlardır. Onun fikrincə, Volodimir Zelenski anlayır ki, hazırda ABŞ-ın diqqətinin bir hissəsi Yaxın Şərqə, xüsusilə İran məsələsinə yönəlib və bu şəraitdə Avropanın Ukrayna mövzusunda daha fəal rol almasını istəyir: “Zelenski açıq şəkildə göstərməyə çalışır ki, Ukrayna məsələsi böyük güclərin ikinci plana keçirəcəyi regional problem deyil. Onun “Ukrayna və Avropa məsələləri Ankoricdə həll edilmir” mesajı həm Vaşinqtona, həm də Avropa paytaxtlarına ünvanlanıb. Burada məqsəd ondan ibarətdir ki, Ukraynanın taleyi qapalı geosiyasi razılaşmaların predmetinə çevrilməsin. Onu da deyim ki, məktub təkcə Moskvaya deyil, Qərb müttəfiqlərinə də siyasi siqnaldır. Zelenski Qərbə mesaj göndərir ki, Ukraynanı zəif və birtərəfli sülh sazişinə məcbur etmək təhlükəlidir. O hesab edir ki, Rusiyanın əsas strategiyası Qərbin siyasi iradəsinin zəifləməsini gözləməkdir. Buna görə də Ukrayna lideri ABŞ nəzarəti altında ikitərəfli danışıqlar modelini təklif etməklə Vaşinqtonun prosesdən kənarda qalmamasına çalışır”.
Ə. İbrahimovun fikrincə hazırda əsas sual Kremlin bu çağırışa necə cavab verəcəyidir: “Zelenski müharibə dövrü liderlərinin nadir hallarda etdiyi addımı atdı, yəni o, rəqibinə açıq şəkildə siyasi çıxış yolu təklif etdi, amma eyni zamanda bu təklifdən imtinanın qiymətinin daha ağır olacağını göstərməyə çalışdı. Bunun strateji uzaqgörənlik, yoxsa riskli siyasi gediş olduğu isə yaxın həftələrdə veriləcək real qərarlar və proseslərin inkişafı ilə bəlli olacaq”.