İlham Əliyevlə Çin sədri arasında məktub mübadiləsi olub
Yusif Nəzərli
07:21 02.04.2022
Aktual
505
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.
Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.
Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm”.
Eyni zamanda, İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Bu il biz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və Sizin simanızda dost Çin xalqına ən səmimi arzularımı çatdırıram.
Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.
Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.
Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər.
Hörmətli cənab Sədr,
Bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərləri, Sizinlə görüşlərimizi, apardığımız ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan ərəb ölkəsinə xəbərdarlıq: Məhv olacaqsınız!
22:58 17.11.2026
Son dəqiqə
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi şəbəkəsi sıradan çıxıb
22:39 17.11.2026
Dünya
Vladimir Putin Çinə səfər etdi
22:20 17.11.2026
Gündəm
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə