Dünyanın danışdığı EDAM: Günlər sonra ayıldı, ilk sözləri məlum oldu

ABŞ-də ölüm cəzasına məhkum edilən qadın zəhərli iynə ilə edam cəhdindən sonra günlərlə ölüm-dirim mübarizəsi aparıb. Həkimlərin beyin ölümünün baş verdiyini düşündüyü və həyat dəstəyinin dayandırılmasının planlaşdırıldığı vaxt isə gözlənilməz hadisə baş verib.

Sherg.az xəbər verir ki, 50 yaşlı Krista Payk sentyabrın 30-da Tennessi ştatındakı Riverbend Maksimum Təhlükəsizlikli Cəzaçəkmə Müəssisəsində zəhərli iynə ilə edam edilməli idi. Edam zamanı ona iki doza pentobarbital vurulub. Lakin gözlənilən nəticə baş verməyib və Payk sağ qalıb.

“BEYİN ÖLÜMÜ BAŞ VERİB” DEMİŞDİLƏR

“New York Post”un məlumatına görə, edam cəhdindən sonra xəstəxanaya yerləşdirilən Paykın vəziyyətinin kritik olduğu açıqlanıb. Bazar ertəsi gecə isə onun hüquq müdafiəçilərinə daha ağır xəbər verilib.

Vəkili Rendi Spayvi bildirib ki, hüquq komandasına Paykın beyin ölümünün baş verdiyi və ertəsi gün həyat dəstəyinin dayandırılacağı deyilib.

Lakin ertəsi səhər baş verənlər hər kəsi təəccübləndirib. Payk gözlərini açıb və danışmağa başlayıb.

Spayvi çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, müvəkkili ayıldıqdan sonra ilk olaraq “Mən haradayam və siz kimsiniz?” deyə soruşub.

Daha sonra Paykın illər əvvəl öldürülən qurbanı Kollin Slemmerin ailəsini soruşduğu bildirilib.

“EDAMI XATIRLAMIYIR”

Paykın hüquq komandasına məsləhət verən anestezioloq doktor Joel Zivot bildirib ki, qadının xəstəxanada olması ilə bağlı bəzi xatirələri var, lakin edam cəhdini xatırlamır.

Zivotun sözlərinə görə, Payk öz adını xatırlaya bilir və əsas səviyyədə ünsiyyət qurur. Lakin onun zaman qavrayışı hələ normallaşmayıb. Hadisədən günlər keçməsinə baxmayaraq, Payk hələ də sentyabr ayında olduğunu düşünür.

SAĞLAMLIQ VƏZİYYƏTİ AĞIRDIR

Zəhərli iynədən sağ çıxmasına baxmayaraq, Paykın səhhətinin yaxşı olmadığı açıqlanıb.

Vəkili Spayvi müvəkkilinin qollarından birində qan laxtası yarandığını və pnevmoniya keçirdiyini bildirib. Paykın hələ uda bilmədiyi üçün qida qəbul edə bilmədiyi, əllərindəki şişkinliyin də ciddi həddə çatdığı qeyd olunub.

Spayvi Paykın əllərinin “şişirdilmiş cərrahi əlcəyə bənzədiyini” deyib.

Vəkil əlavə edib: “Kristanın sağalması üçün qarşıda uzun bir yol var.”

ABŞ-DƏ İLK HADİSƏ

Uğursuz edam cəhdi Paykı ABŞ-də zəhərli iynə ilə edam edilməsinə cəhd göstərildikdən sonra sağ qalan ilk məhbus edib.

Payk eyni zamanda Tennessi ştatında 200 ildən çox müddətdə edam edilən ilk qadın olmalı idi.

Payk 18 yaşında olarkən, 1995-ci ilin yanvarında 19 yaşlı sinif yoldaşı Kollin Slemmeri işgəncə verərək öldürməkdə təqsirli bilinib və ölüm cəzasına məhkum edilib. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilmişdi.

MƏHKƏMƏDƏN MÜHÜM QƏRAR

Paykın vəkilləri uğursuz edam cəhdinin bütün detallarının ortaya çıxarılması üçün məhkəməyə müraciət edib.

Devidson dairəsi Kansler Məhkəməsində keçirilən iclasda hakim I'Şi Myles Tennessi Cəzaçəkmə Müəssisəsinə edamla bağlı bütün sübutların qorunub saxlanılması barədə qərar verib.

Qərara əsasən, edam otağında olan materiallarla yanaşı, təhlükəsizlik kameralarının görüntüləri, videolar, əl ilə yazılmış qeydlər, şahid ifadələri və şifrəli kommunikasiyalar da saxlanılmalıdır.

Hakim Myles işlə bağlı “Bu məhkəmə işi, ən azı desək, bənzərsizdir” deyib.

Tennessi Baş prokurorunun müavini Uill Ayers isə bildirib ki, hazırda Payk barəsində qüvvədə olan edam qərarı yoxdur. Lakin onun üçün yeni edam tarixinin müəyyənləşdirilib-müəyyənləşdirilməyəcəyi ilə bağlı sualı cavablandıra bilməyəcəyini söyləyib.

Paykın digər vəkili Luka İnen isə ştatın müvəkkilinin gələcəkdə yenidən edam edilməyəcəyinə dair hər hansı təminat vermədiyini açıqlayıb.

Tennessi qubernatoru Bill Li uğursuz edam cəhdindən sonra bu il həyata keçirilməsi planlaşdırılan digər bütün edamları dayandırıb və hadisənin müstəqil şəkildə araşdırılması barədə göstəriş verib.

Paykın vəkilləri isə ölüm cəzasının yüngülləşdirilməsini tələb edir. Hüquq komandası müvəkkilinin “Amerikanın ölüm cəzası tarixində hər hansı şəxsdən daha ağır cəzaya məruz qaldığını” müdafiə edir.

Zəhərli iynə ilə edam cəhdindən sağ çıxan Paykın bundan sonrakı taleyi isə hələ də qeyri-müəyyən olaraq qalır.