Hər gün risk altındayıq, minatəmizləmə iflic vəziyyətdədir - Hərbi ekspertdən sərt açıqlama

Ədalət Verdiyev: “Beynəlxalq dəstək zəifdir, təşkilatlar səylərini artırmalıdır”

Son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi yenidən ciddi narahatlıq doğurmaqdadır. Xüsusilə son bir ay ərzində qeydə alınan ardıcıl partlayışlar göstərir ki, ərazilərin minalardan təmizlənməsi istiqamətində aparılan genişmiqyaslı işlərə baxmayaraq, təhlükə hələ də qalmaqdadır. Bu hadisələr bir tərəfdən mina probleminin miqyasını üzə çıxarır, digər tərəfdən isə bölgədə təhlükəsizlik məsələlərinin aktuallığını bir daha ön plana çıxarır.

Son bir ayda baş verən mina partlayışları həm mülki şəxslərin, həm də bu sahədə çalışan peşəkarların həyatını risk altına salıb. Xüsusilə kənd təsərrüfatı işləri ilə məşğul olan sakinlər, eləcə də bərpa-quruculuq prosesində iştirak edən şəxslər üçün mina təhlükəsi ciddi maneəyə çevrilib. Bu faktlar göstərir ki, minalar yalnız müharibə dövrünün qalığı deyil, həm də post-münaqişə mərhələsində davam edən humanitar problemdir.

Aprelin 14-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baş verən son hadisə isə vəziyyətin nə qədər həssas olduğunu bir daha təsdiqlədi. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həyatını itirdi. Bu faciə bir daha sübut edir ki, mina təhlükəsi ilə mübarizə aparanlar hər gün ölüm riski ilə üz-üzə qalırlar.

Beləliklə, son hadisələr fonunda mina təhlükəsi yalnız təhlükəsizlik məsələsi deyil, həm də sosial və humanitar problem kimi aktuallığını qoruyur və bu sahədə tədbirlərin daha da gücləndirilməsini zəruri edir.

Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a söyləyib ki, Azərbaycan üçün hazırda prioritet məsələlərdən biri böyük qayıdışın təmin edilməsidir:

“Mina təhlükəsi isə bu prosesin sürətlə getməsinə mane olur. Minalanmış ərazilər Azərbaycanın böyük bir hissəsini təşkil edir. Ermənistan isə minalanmış ərazilərin nə xəritələrini təqdim edir, nə da hansısa dəstək verir. Halbuki minalanmış ərazilərin xəritələri Ermənistan Müdafiə Nazirliyinin mühəndis qoşunlarının arxivlərində olmalıdır. Çünki ərazi minalanandan sonra xəritələr üç nüsxədə tərtib olunur. Onlardan biri həmin ərazidəki bölmələrdə qalır, digəri rəhbərliyə göndərilir, üçüncü isə mühəndis qoşunlarının arxivində saxlanılır. Lakin Ermənistanın verdiyi xəritələr düzgün deyil və bizim mina axtaranların işinə yaramır. Buna görə də minatəmizləmə prosesi həm kifayət qədər ləng gedir, həm də yüzlərlə Azərbaycan vətəndaşının həyatı bahasına başa gəlir”.

Ekspert qeyd edib ki, mina təhlükəsinin qarşısını almaq üçün kifayət qədər təbliğat kompaniyaları keçirilib:

“Amma fakt ondan ibarətdir ki, Azərbaycan azad olunan ərazilərdə minatəmizləmə prosesləri zamanı itkilərə məruz qalır. Bu işlə məşğul olan təşkilatlarımız isə beynəlxalq ictimaiyyətin diqətini hadisələrə lazimi qədər cəlb edə bilmir. İctimai təşkilatlar səylərini artırmalı və təbliğatın miqyasını genişləndirməlidirlər. Digər tərəfdən isə beynəlxalq təşkilatların minatəmizləmə prosesinə dəstəyinin artması istiqamətində addımlar atmalıdırlar”. 

Ə.Verdiyev qeyd edib ki, ölümlərin qarşısının alınması üçün ANAMA rəhbərliyi minatəmizləmədə iştirak edən heyyətin təlimlərinə ciddi diqqət yetirmılidir:

“Onlar bu işlərlə məşğul olan heyyətin təlimatlandırılması, təhlükəsizlik tədbirlərinin imzalı olaraq çatdırılması, rəhbərin heyyətin peşəkar bacarıqlarının olmasına xüsusi diqqət yetirməlidirlər. Minatəmizləmə proseslərinə rəhbərlik edən heyət mütləq daha əvvəl bu fəaliyyətlərlə məşğul olan peşəkar hərbçilərdən ibarət olmalıdır. Yəni mühəndis və istehkam bölmələrində aktiv xidmət edən heyyət yüksək vəzifədə olmalıdır ki, onlar öz peşəkar vəzifələrini yerinə yetirə bilsinlər. Həmçinin setfikatlaşma məsələsinə də ciddi diqqət yetirilməli və imtahanlar keçirilməlidir. Eyni zamanda şəxsi heyyətin ixtisas dərəcələrinə görə mükafstlandırılması kimi prosedurlar olmalıdır ki, xidmət edən peşəkar kadırları sıralarında saxlaya bilsinlər”.