Tofiq Zülfüqarov: “İranda ikili hakimiyyət modeli dəyişməsə, dəyişiklik mümkün olmayacaq”
İran ətrafında cərəyan edən geosiyasi gərginlik, xüsusilə Tehran-Vaşinqton xəttində davam edən qarşıdurma və regionda mümkün eskalasiya ssenariləri fonunda ölkənin daxili siyasi sisteminə dair müzakirələr yenidən aktuallaşıb. Bu kontekstdə İranda mövcud idarəetmə modelinin dayanıqlığı, hakimiyyətin strukturu və potensial transformasiya ehtimalları həm regional, həm də qlobal analitik dairələrin diqqət mərkəzindədir.
Ekspertlərin fikrincə, İranda mümkün hakimiyyət dəyişikliyi məsələsi təkcə xarici təzyiqlər və ya regional münaqişələrlə deyil, eyni zamanda daxildə formalaşmış siyasi-ideoloji sistemin transformasiya potensialı ilə birbaşa bağlıdır. Xüsusilə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) kimi güc strukturlarının dövlət daxilindəki iqtisadi və hərbi təsir imkanları bu sistemin dayanıqlığını daha da möhkəmləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Bununla yanaşı, regionda baş verən proseslər, o cümlədən İran-ABŞ münasibətlərindəki gərginlik və mümkün danışıqlar platformaları, Tehranın daxili siyasi balansına da təsirsiz ötüşmür. Belə bir şəraitdə İranda hakimiyyətin gələcək taleyi, islahatlar, yaxud sistem daxilində transformasiya ehtimalları həm siyasi elitalar, həm də beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a söyləyib ki, İranda potensial iqtidar dəyişikliyi və hazırkı siyasi sistemin transformasiya ehtimalları barədə danışarkən ilk növbədə mövcud dövlət modelinin strukturunu nəzərə almaq lazımdır:
“İranda siyasi sistem ikili hakimiyyət mexanizmi üzərində qurulub: bir tərəfdən seçkili dövlət institutları, digər tərəfdən isə dini-ideoloji mərkəz olan teokratik rəhbərlik. Yəni, belə deyək də, xalq tərəfindən seçilməmiş, amma hansısa dini qrup tərəfindən seçilən bir dövlət rəhbəri. Konstitusiyanın əsas ideoloji sütunu “vilayət-i fəqih” konsepsiyasıdır. Bu modelə görə ali dini rəhbər geniş siyasi və hərbi səlahiyyətlərə malikdir və sistemin strateji istiqamətini müəyyənləşdirir. Beləliklə, qərarvermə yalnız seçkili institutlara deyil, eyni zamanda dini legitimlik üzərindən formalaşan paralel hakimiyyət mərkəzinə söykənir. Bir çox digər dindlərdə də buna bənzər konsepsiyalar istifadə olunurdu. Məsələn, Rusiya İmperiyasında vaxtilə I Pyotr dini rəhbərliyi öz üzərinə götürüb və xüsusi bir idarə yaradıb. Yəni, dini səlahiyyətlərə malik olub və eyni zamanda yaradanın nümayəndəsi kimi qəbul edilib. Buna bənzər proseslər, amma bir az fərqli şəkildə Britaniyada da olub. Xristian olduqlarına görə katoliklərdini baxımdan Papa institutuna tabe olublar. Bundan yorulan Britaniya kralları fərqli bir kilsə -Anglikan kilsəsi yaradıblar. Bu kilsə tamamilə Papadan müstəqil şəkildə fəaliyyət göstərib”.
Sabiq nazir bildirib ki, indiki vəxiyyətdə hakimiyyətin dəyişməsi bir növ 1979-cu ildən İranda hökm sürən bu quruluşun dəyişib-dəyişməyəcəyindən asılıdır:
“Biz görürük ki, İranda tam şəkildə əhali tərəfindən seçilməmiş, böyük səlahiyyətlərə və imkanlara malik olan bir siyasi elita formalaşıb. Onların digər dövlət orqanlarının “klonları” olan strukturları var: həm öz ordusu, həm hərbi hava qüvvələri, həm kəşfiyyatı, həm polisi, həm əks-kəşfiyyatı və iqtisadi qurumlar tam şəkildə İran İslam İnqilab Keşikçiləri Korpusu(SEPAH) kimi bir qurumda formalaşıb. Və təbii ki, bunlar hakimiyyətdən getmək istəmirlər. Çünki tam şəkildə ölkəni idarə edirlər. Digər tərəfdən onların təkcə hakimiyyət yox, həm də malik olduqları iqtisadi imkanlar çox genişdir. Müxtəlif rəqəmlər səslənir. Hətta biz görürük ki, onların ailə üzvlərinin əksəriyyəti xaricdə çox dəbdəbəli həyat yaşayırlar. Biz görürük ki, bu İranda olan əsas problemdir və bu baxımdan bu problemin həll olunması gündəmdədir”.
T. Zülfüqarov qeyd edib ki, Pakistanda baş tutan danışıqlarda da səslənməyən mövqe hazırkı siyasi elitanın hakimiyətdən gedib-getməməsi barəsində idi:
“Çünki parlament rəhbəri keçmiş SEPAH başçısıdır. Mənim səsləndirdiyim fikirləri şərqşünaslar, mütəxəssislər çox yaxşı bilir, amma geniş oxuyucular bunu bilmirdilər. Ümumiyyətlə vilayət-i fəqih konsepsiyası təzə bir konsepsiyadır. Bu 1979-cu ildən sonra hakimiyyəti tam şəkildə ələ keçirmək üçün formalaşdırılıb. Düzdür ondan qabaq da -18-ci əsrdə buna oxşar nümunələr var idi. Məsələn, dinlə məşğul olan teokratlar hansısa məsələlərini (məhkəmələr və s.) öz üzərinə götürürdülər. Amma onların İslam dünyasında tam şəkildə hakimiyyəti öz əlinə götürməsi elə də geniş yayılmış hal olmayıb. Biz görürük ki, İrana artıq bu baş verib. Digər ölkələrdə, təkcə sünni ölkələrdə yox, şiə ölkələrində də bu cür vəziyyət yoxdur. Azərbaycanda olan şiə qaydaları tam şəkildə İrandan fərqlidir. Yəni, bizdə Şeyxülislam dövlətdən ayrı olan dindarların rəhbəridir. Amma dövlətdən fərqli olan məsələlərdə onun nüfuzu və səlahiyyətləri mövcuddur. Dövlət isə digər məsələlərlə məşğul olan müxtəlif qurumlardan ibarətdir. Amma İranda fərqlidir. Bir çoxları bunu başa düşmür və dinlə əlaqələndirirlər. Hətta bu mövzu (Allah-Təala ilə onun bəndəsi arasında vasitəçilik və hansısa rolu üzərinə götürmək məsələs) uzunmüddətli İslam düşüncəsində müzakirə olunur və buna aid Quranda ayələr mövcuddur. Orada bildirilir ki, Allah və onun peyğəmbəri vasitəçilərə ehtiyac duymur”.