İranla müharibə ABŞ iqtisadiyyatına 50 illik sabitlik verə bilər. Bunu ABŞ maliyyə naziri Skott Bessent deyib. “Bunun nə qədər davam edəcəyini bilmirəm, amma düşünürəm ki, geri baxıb deyəcəyik ki, 50, 100 və ya daha çox gün ərzində (hərbi əməliyyatlar) 50 illik sabitliyə nail olduq”, - o bildirib.
Bessent İranla müharibə səbəbindən dolların zəifləməsindən qorxmadığını da bildirib: “Müharibə boyu gördüyünüz kimi, dollar möhkəmlənir. Buna görə də narahat deyiləm”.
İranla müharibənin ABŞ iqtisadiyyatına təsirlərini şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, ən böyük təsiri enerji bazarı ilə əlaqəlidir. İqtisadçı qeyd edib ki, Yaxın Şərq dünyanın ən böyük neft və qaz istehsal edən regionlarından biridir və burada hərbi gərginliyin artması qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb ola bilər:
“Neft qiymətlərinin artması isə ABŞ-də yanacaq və nəqliyyat xərclərini yüksəldə, inflyasiyanın artmasına müəyyən təzyiq göstərə bilər. Digər tərəfdən, ABŞ iqtisadiyyatı nisbətən böyük və şaxələndirilmiş olduğu üçün belə münaqişələrin birbaşa təsiri adətən məhdud olur. ABŞ son illərdə enerji istehsalını artıraraq dünyanın ən böyük enerji istehsalçılarından birinə çevrilib. Bu isə ölkənin xarici enerji şoklarından müəyyən qədər qorunmasına kömək edir”.
A. Nəsirli hesab edir ki, müdafiə xərclərinin artması da iqtisadiyyata mənfi təsir edir:
“Gərginlik artdıqca ABŞ-nin hərbi və təhlükəsizlik xərcləri də artır. Bu isə dövlət büdcəsinə əlavə yük yaradır. Geosiyasi risklər artdıqda investorlar daha ehtiyatlı davranır, bu da maliyyə bazarlarında dalğalanmalara səbəb ola bilər. Lakin ABŞ iqtisadiyyatının böyük daxili bazara malik olması və güclü maliyyə sistemi belə şokların təsirini adətən müəyyən qədər yumşaldır. Ümumilikdə, Yaxın Şərqdəki münaqişənin ABŞ iqtisadiyyatına müəyyən dolayı təsirləri ola bilər, xüsusilə enerji qiymətləri və maliyyə bazarları vasitəsilə. Ancaq bu təsirlərin çox vaxt ciddi və uzunmüddətli böhran yaratması ehtimalı nisbətən aşağı qiymətləndirilir və daha çox qlobal iqtisadi vəziyyətdən və münaqişənin miqyasından asılı olur”.