Bu gün Bakı şəhərinin sayca onuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start veriləcək.
Teleqraf xəbər verir ki, 11 komandadan 22 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Maks Ferstappen, Şarl Lekler, Serxio Peres və digərləri yarışacaqlar.
Formula 1 təqvimindəki ən uzun treklərdən biri sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə hərəkət edərək Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr məsafəni qət edir və Neftçilər prospektinə çıxaraq başlanğıc nöqtəsində başa çatır.
51 dövrədən ibarət trekin ən geniş yeri 13 metr, ən dar hissəsi isə İçərişəhər ətrafındakı bölmələrdə, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbinin əks istiqamətində hərəkət edilən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən mənzərəni izləyə biləcəklər.
Yarışın start və finiş xətləri Azadlıq meydanında yerləşir. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Yarışın ilk günündə Formula 1 və Formula 2 üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 20-də Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün – sentyabrın 21-də əsas yarış baş tutacaq.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışlarından biri olan Formula 1-ə ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub.
Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Azərbaycan Qran-Prisinin ilk gününün proqramı:
10:00 – Formula 2: sərbəst yürüş
12:30 – Formula 1: birinci sərbəst yürüş
14:00 – Formula 2: birinci sıralama sessiyası
14:30 – Formula 2: ikinci sıralama sessiyası
16:00 – Formula 1: ikinci sərbəst yürüş
Qeyd edək ki, Bakı mərhələsi mövsümün 15-ci Qran-Prisidir və turnir cədvəlindəki gərgin mübarizə yarışa marağı artırır. “Mercedes”in gənc pilotu Andrea Kimi Antonelli Monza və Madriddəki ardıcıl qələbələrindən sonra çempionatda 81 xallıq üstünlüklə liderlik edir.