- Rauf Ağamirzəyev: “Hər dayanacaqda itirilən saniyələr sonda dəqiqələrlə ölçülən gecikmələr yaradır”
“28 May”-“Nizami” stansiyaları arasında ekspress avtobusların ödənişli olmasından narazılq edənləri müəyyən qədər razı salmaq üçün AYNA yenilik tətbiq edib. “28 May”-“Elmlər Akademiyası” marşrutu ilə hərəkıt edən M1 ekspress avtobuslarında ödənişi yalnız ön qapıdan daxil olduqda deyil, orta qapıda da etmək mümkün olacaq.
AYNA-nın bununla bağlı məlumatında bildirilir ki, M1 nömrəli ekspres marşrutunda ikinci oxuma cihazının (validatorların) quraşdırılmasına başlanılıb. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola biləcəklər. Avtobuslara minmə prosesi sürətlənəcək, gözləmə müddəti azalacaq. AYNA çalışır ki M1 avtobusları mümkün olduqca çox sərnişin daşısınlar.
AYNA-nın ekspress avtobuslarda validatorların sayını artırmasını müsbət yenilik hesab edən nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev qeyd edib ki, bu mövzuda daha əvvəl də fikrini bildirib:
- Müsahibələrimdə qeyd etmişəm ki validatorun hər qapıda olması sərnişinlərin minib düşməsin sürətləndirir, tranzit vaxtın qısaldır. Avtobuslarda validatorların – gediş haqqı ödənişini oxutma cihazının yalnız ön qapıda yerləşməsi sərnişinlərin bir nöqtədə toplaşmasına, sıxlığa və əlavə vaxt itkisinə səbəb olur.
“Sherg.az”a açıqlamasında R.Ağamirzəyev qeyd etdi ki, validatorların təkcə avtobusların ön giriş hissədə yerləşməsi mərhələsindən salonun içində də yerləşdirilməsi mərhələsinə keçid müsbət addımdır:
- İctimai nəqliyyatda növbəti mərhələ sərnişin avtobuslarında validatorların sayının artırılması olmalıdır. Hazırda əksər avtobuslarda validator yalnız ön qapıda yerləşdiyi üçün bütün sərnişin axını bir nöqtədə cəmlənir. Bu isə dayanacaqlarda avtobusun saxlanma müddətini artırır, minmə prosesini ləngidir, marşrut üzrə tranzit vaxtını uzadır və nəticədə avtobusların orta kommersiya sürətinə mənfi təsir göstərir. Gün ərzində hər dayanacaqda itirilən bir neçə saniyə belə, marşrutun sonunda artıq dəqiqələrlə ölçülən gecikmələrə səbəb olur. Bu gün məqsəd yalnız nağdsız ödənişin tətbiqi deyil, onun daha səmərəli işləməsini təmin etməkdir. Bunun üçün şəbəkədə fəaliyyət göstərən bütün avtobuslarda orta və arxa qapılarda da validatorların quraşdırılması sərnişinlərin bütün qapılardan minməsinə imkan verər, dayanacaq vaxtını azaldar, tranzit müddətini qısaldar və xidmətin etibarlılığını artırar.
R.Ağamirzəyev Gürcüstan təcrübəsini misal çəkdi:
- Qonşu Tbilisidə sərnişinlər avtobuslara bütün qapılardan minir və validatorlar qapıların yanında yerləşdirilib. Bu yanaşma sərnişin axınının daha səmərəli idarə olunmasına və avtobusların marşrut üzrə daha sürətli hərəkət etməsinə kömək edir. 10 illik təcrübə göstərir ki, bir qapıda validator modeli artıq öz məhdudiyyətlərini ortaya qoyub. İndi isə vaxt itkisinin azaldılması, sərnişin axınının optimallaşdırılması və ictimai nəqliyyatın daha rəqabətli olması üçün təkcə ekspress avtobuslarda deyil, bütün digər marşrutlar üzrə hərəkət edən avtobuslarda da validatorların sayının artırılması zəruridir.