Bakı metrosunda 59 illik problem həll olunur

  • Qatarlar daha sürətli və minimum intervalla hərəkət edəcək

Bu gündən etibarən metronun “28 May”–“Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı. Bu, Bakı Metropolitenində “qırmızı xətt”lə “yaşıl xətt”in ayrılmasını nəzərdə tutan irimiqyaslı layihənin icrasıdır. İşlərin 11 ay davam edəcəyi bildirilir. Təbii ki, sərnişinlər bu müddət ərzində əziyyət çəkəcək, sıxlığa düşəcək, əlavə gediş haqqı ödəməli olacaqlar. Ümid edək ki, işlər nəzərdə tutulan müddətdə yekunlaşar və sərnişinlər üçün daha rahat gediş imkanı yaranar.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hesab edir ki, Bakı metropolitenində 59 illik problemin praktik həlli başlayıb və bu, bir müddət sonra metronu daha çevik, daha sürətli və rahat nəqliyyat vasitəsi edəcək:

– Dünən gecə Bakı metrosunun son 59 illik əsas problemlərindən birinin həllinin praktik icrasına başlanıldı. Avqustun 15-i gecə Yaşıl xətt üzrə “28 May” stansiyasından “Nizami” istiqamətində sonuncu qatar keçdikdən sonra həmin tunel bağlanıb və Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi üzrə tikinti işlərinə start verilib. Hazırda “İçərişəhər”–“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edir və “28 May” stansiyası normal rejimdə fəaliyyət göstərir. “28 May”–“Nizami” sahəsində qatarların hərəkəti layihə başa çatanadək dayandırılıb. Bu müddətdə “Dərnəgül”–“Nizami” istiqamətində hərəkət təmin olunacaq. Layihənin təxminən 10–11 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Layihənin tamamlanmasından sonra Bakı metrosunun 3 xəttinin hər biri ayrıca deposu və keçid stansiyaları ilə müstəqil fəaliyyət göstərəcək. Bu isə xətlərin bir-birindən asılılığını azaltmaqla yanaşı, qatarların daha optimal və minimum intervalla hərəkətinə imkan yaradacaq. Sərnişinlər xətlər arasında keçid üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər. Bu, sadəcə tuneldə aparılan tikinti işi deyil – Bakı metrosunun 60 illik inkişafında struktur baxımından yeni mərhələnin başlanğıcıdır.