İctimai nəqliyyatla bağlı bir sıra yeniliklər tətbiq edilsə də, sərnişinləri razı salmaq çətindir. Hazırda Ankarada olan həmkarımız Zülfiyyə Quliyeva Ankaranın ictimai nəqliyyatı ilə Bakınınkı arasında müqayisə apararaq sosial şəbəkədə belə bir paylaşım edib:
“Ankarada sərnişinlər gedəcəkləri avtobusun onlara ən yaxın dayanacağa nə vaxt çatacağını evdən çıxmadan mobil tətbiqlə öyrənə bilirlər. Azərbaycanda isə xatırlayırsınızsa dövlət qurumlarının milyonlarla vəsait xərcləyib yaratdığı Nəqliyyatı İntellektual İdarəetmə Sistemi heç nəyə yaramadı. Türkiyədə bu işi bir bələdiyyə mobil tətbiqlə həll edərək sərnişinlərə yüksək xidmət göstərir. AYNA-dan bu performansı gözləyirik. Mən də Bakıda evdən çıxmamış 205 saylı avtobusun evimizin önündəki dayanacağa neçə dəqiqəyə çatacağını bilmək istəyirəm. Hörmətli #ayna bizim ankaralı sərnişinlərdən nəyimiz əksikdir? Belə bir mobil tətbiq yaratmaq olar. Artıq şəhərimizdə avtobus zolaqları da yaradılıb. Deyim ki, Bakıkart tətbiqi Ankaradakı “EGO cepte” mobil tətbiqini tam əvəz etmir”. 
Nəqliyyat bə logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bəzi vətəndaşlarımızın bilgisiz olduğunu təəssüflə qeyd etdi:
- Təəssüf ki bəzi vətəndaşlarımız AYNA MaaS-dan hələ də xəbərsizdirlər. Bu tətbiq ötən ilin dekabrında istifadəyə verilib və tətbiq vasitəsiylə real vaxtda avtobusların hərəkətini, avtobusun neçə dəqiqəyə dayanacağa yaxınlaşacağını, harada, hansı istiqamətdə olduqlarını izləmək olur. Bu platforma istifadəçilərə ən uyğun marşrutu seçmək, səfəri planlamaq, nəqliyyatı real vaxtda izləmək imkanlarını təqdim edir. AYNA MaaS avtobus, metro, dəmiryolu, skuter və velosiped kimi müxtəlif nəqliyyat növlərini vahid rəqəmsal tətbiqdə birləşdirərək mobilliyi daha əlçatan edir. Qeyd edim ki, tətbiq istifadəçilərin rəyləri əsasında daim təkmilləşdiriləcək. Bu baxımdan, hər kəs qarşılaşdığı hər hansı problem, yaxud uyğunsuzluqlar barədə tətbiqin “Əks əlaqə” bölməsindən və ya 141 Çağrı Mərkəzi vasitəsilə bildirməklə prosesə töhfə verə bilər. Tətbiq Azərbaycan, ingilis və rus dillərində təqdim olunur. Həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür. Artıq 100.000-dən çox insan “AYNA MaaS”ı seçib. Bu rəqəm istifadəçilərin rahat və planlı nəqliyyat seçiminə verdiyi dəyərin bariz göstəricisidir.