- “Kombaynda şəkil çəkdirməklə kənd təsərrüfatı inkişaf etmir”
- Vahid Məhərrəmov: “Fermerlər problemlərlə təkbətək qalıb, aqrar sahədə dağınıqlıq hökm sürür”
Son zamanlar satıcı və istehlakçıların sosial mediada yeşik-yeşik meyvələri zibilliyə tulladığının şahidi oluruq. Xüsusilə də, Xaçmazın Pirquluoba kəndində gilasların çölə tökülməsini əks etdirən görüntülər cəmiyyətin etirazına tuş gəlib.
Səbəb kimi bazarda alıcının olmaması göstərilir. Paytaxtdakı bazar və marketlərdə isə 4-5 manatdan ucuz gilas tapmaq, samanlıqda iynə axtarmağa çevrilib. Sezonla əlaqədar əhalinin mürəbbə bişirdiyini də nəzərə alsaq, zibilə tullanan meyvələrin narazılıqla qarşılanması qaçılmazdır.
Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Sherg.az-a bildirib ki, Azərbaycanda hər il tonlarla meyvə və tərəvəz çaya və küçələrə tökülür:
“Bizim istehsalçılar xalqa yox, xaricdən gələn gəlirlərə önəm verirlər. Məhsullar arasında çeşidləmə prosesi aparılır. Yüksək keyfiyyətli məhsulu xarici ölkələrə xüsusilə də Rusiyaya ixrac edirlər. Nisbətən aşağı keyfiyyətli məhsullar rayon və yol kənarı ticarət obyektlərində satılır. Satış üçün yararsız hesab edilən, xarab olmuş meyvələr isə çeşidlənərək çaya və ya tullantı poliqonlarına atılır. Bu hər il bütün ölkə üzrə adət halına çevrilmiş prosesdir. Xarab məhsulun da alıcısı olmur. Kənd təsərrüfatı olduqca mürəkkəb prosesdir. Bu sahədə istehsal prosesi hava və iqlim şəraitindən asılıdır”.
Mütəxəssisin fikrincə, hökumət istehsalçılara subsidiya verməsə, digər ölkələrdən daha çox məhsul idxal etmək məcburiyyətində qalacağıq:
“Bununla da, daxili bazar tamamilə çökəcək. Fermerlərə yalnız subsidiya ayırmaqla kifayətlənmək olmaz. İstehsalçılar hazırda, keyfiyyətli toxum və suvarma suyu ilə təminatda problemlə qarşılaşır. Halbuki, toxum səpilmiş sahələr vaxtında suvarılmalıdır. Özünü qabarıq şəkildə göstərən əsas problem texnika və avadanlıq qıtlığı ilə bağlıdır. Məhsulun xarab olmasının qarşısını almaq və daxili bioloji/kimyəvi proseslərin inkişafını dayandırmaq məqsədilə, dərhal soyuducu anbarlara yığılmalıdır. Anbar çatışmazlığı da məhsulların xarab olmasına gətirib çıxarır”.
Ekspertin sözlərinə görə, fermerlərin qarşılaşdığı çətinlikləri saymaqla bitməz:
“Bunları yalnız hökümətin köməyi əsasında həll etmək mümkündür. Aqrar sektordakı böhranın kökündə dayanan əsas səbəb, bazarların monopislərin əlində olmasıdır. Kəndli özü istehsal etdiyi məhsulu bazara çıxara bilmir. Ölkə əhalisinin alıcılıq qabiliyyəti də aşağıdır. Bu da istehsalçının yükünü ağırlaşdırır. İstehsalı artırmaq ambisiyası real alıcı potensialı ilə üst-üstə düşmür. Çünki istehlakçıların əməkhaqqı artmır, işsizlik səviyyəsi isə pik həddə çatıb. Kiçik detal kimi görünən bu itkilər və bazar qüsurları, kənd təsərrüfatının onurğa sütununu sındırır. Fermer və kəndli istehsal etdiyi məhsulun heç olmazsa əsas hissəsini sata bilmədikdə, ziyana düşür. Əfsuslar olsun ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olanların 90 faizinin bu sahə üzrə nə bilikləri, nə də təcrübələri var”.
V.Məhərrəmov qeyd edib ki, son dərəcə mürəkkəb sahədə az təcürbə və biliyə sahib fermerlərimiz, onlardan asılı olmayan problemlərlə mücadilə aparmaq məcburiyyətində qalıb:
“Faktiki olaraq kənd təsərrüfatı sahəsində dağınıqlıq var. Çünki, bu sahəyə məsul olanların özü aqrar sektordan uzaq adamlardır. Kənd təsərrüfatı naziri və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Onlar şəhərdə böyüyüblər, kənddən və təsərrüfatdan zərrə qədər anlayışları yoxdur. Təməl biliklərə malik olmayan şəxs, 100 ildə eyni sahədə çalışsa, lazimi biliyə nail ola bilməyəcək. Sanki yuxu görürlər. Necə nazir və müavin olduqlarını belə xatırlamırlar. Amma Azərbaycana havada uçan yox, torpağa bitkiyə bələd olan mütəxəssis lazımdır. Hər dəfə gedib kombaynda oturub, maşını idarə edir, buğda biçir və şəkil çəkdirirlər. Bununla da guya təsərrüfata maraq göstərdiklərini nümayiş etdirirlər. Halbuki toxunduqları bitkinin və oturduqları maşının nə işə yaradığından xəbərləri yoxdur”.