Əli Səlimov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində artıq “əlavə yox, strateji tərəfdaş”dır
Son illərdə Avropanın enerji təhlükəsizliyi sistemi sürətli və dərin transformasiya mərhələsinə qədəm qoyub. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı (Aİ) enerji asılılığını azaltmaq və təchizat mənbələrini şaxələndirmək istiqamətində fundamental strateji dəyişikliklər həyata keçirib.
Əgər 2021-ci ildə Rusiya qazı Aİ-nin ümumi idxalının təxminən 45%-ni təşkil edirdisə, 2025-ci ilə doğru bu göstəricinin 12%-ə qədər enməsi Avropanın enerji xəritəsində tarixi dönüşün baş verdiyini göstərir.
Bu boşluğu əsasən Norveç və ABŞ kimi alternativ təchizatçılar doldursa da, eyni zamanda Xəzər regionunun, xüsusilə Azərbaycanın strateji əhəmiyyəti sürətlə artmaqdadır.
Bu dəyişiklik təkcə enerji mənbələrinin diversifikasiyası deyil, həm də Avropanın geosiyasi və geoiqtisadi xəritəsinin yenidən formalaşması kimi dəyərləndirilməlidir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemində getdikcə daha mühüm və strateji mövqe qazandığını vurğulayan iqtisadçı Əli Səlimov Sherg.az-a bildirib ki, prosesin mərkəzində Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı, praqmatik və uzaqgörən enerji diplomatiyası dayanır: 
“Məhz bu siyasət nəticəsində Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, Avropanın enerji təhlükəsizliyini dəstəkləyən etibarlı və strateji tərəfdaş kimi qəbul olunur. 2025-ci il göstəricilərinə baxsaq görərik ki, Azərbaycanın ümumi qaz ixracı təxminən 25 milyard kubmetr təşkil edib və bunun 12–13 milyard kubmetri Avropa bazarına yönəlib. Bu, Azərbaycanın Aİ qaz idxalında təxminən 4% paya sahib olduğunu göstərir. Lakin bu rəqəm təkcə statistik göstərici deyil, eyni zamanda Azərbaycanın Avropa enerji sistemində sabitlik yaradan faktor kimi çıxış etdiyini təsdiqləyir. Son illərdə Azərbaycan qazının Avropaya ixracı 50%-dən çox artıb. Bu artım Cənub Qaz Dəhlizinin effektiv fəaliyyəti və Avropanın etibarlı alternativ təchizatçılara artan ehtiyacı ilə birbaşa bağlıdır. Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən TAP və TANAP layihələri Azərbaycanın Avropa enerji bazarına çıxışını təmin edən əsas infrastruktur xətti kimi çıxış edir.
Hazırda Trans Adriatik Boru Kəməri (TAP) 10–11.5 milyard kubmetr ötürmə qabiliyyətinə malikdir və gələcəkdə 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür. TANAP isə 16 milyard kubmetr gücündədir və uzunmüddətli perspektivdə 30 milyard kubmetrə qədər artırıla bilər. Bu infrastruktur potensialı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində gələcək rolunun daha da güclənəcəyini göstərir.
2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan strateji enerji anlaşmasına əsasən, 2027-ci ilə qədər qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması hədəflənib. Bu, Azərbaycanın Avropa enerji sistemində artıq “əlavə təchizatçı” deyil, “struktur tərəfdaş” kimi qəbul olunduğunu göstərir”.
İqtisadçı qeyd edib ki, Azərbaycanın ümumi qaz hasilatı 2025-ci ildə təxminən 51 milyard kubmetr səviyyəsində olub ki, bu da ölkəyə həm daxili tələbatı, həm də ixrac öhdəliklərini sabit şəkildə yerinə yetirməyə imkan verir:
“Hazırda Azərbaycan qazı 14 ölkəyə, o cümlədən 8 Avropa İttifaqı ölkəsinə ixrac olunur və yaxın illərdə Almaniya və Avstriya kimi bazarların da bu siyahıya daxil olması gözlənilir.
İtaliya Azərbaycanın Avropadakı əsas enerji tərəfdaşı olaraq qalır və ölkənin qaz tələbatının təxminən 15–16%-ni Azərbaycan təmin edir. Bu fakt Azərbaycan qazının artıq bəzi Avropa ölkələri üçün sadəcə alternativ deyil, enerji balansının mühüm struktur elementi olduğunu göstərir.
Avropanın enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, eyni zamanda strateji təhlükəsizlik və xarici siyasət prioritetinə çevrilib. Enerji marşrutlarının şaxələndirilməsi, risklərin azaldılması və etibarlı tərəfdaşların cəlb edilməsi Aİ-nin enerji strategiyasının əsas istiqamətlərindən biridir. Belə şəraitdə Azərbaycan sabit siyasi mühit, uzunmüddətli enerji müqavilələri və proqnozlaşdırıla bilən enerji siyasəti ilə fərqlənən ölkə kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın enerji siyasəti yalnız qaz ixracı ilə məhdudlaşmır. Son illərdə ölkə yaşıl enerji gündəliyinə də aktiv şəkildə inteqrasiya olunur. Xəzər dənizinin külək və günəş potensialı, eləcə də Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ötürülməsi layihələri Azərbaycanın gələcəkdə Avropanın enerji transformasiyasında da mühüm rol oynaya biləcəyini göstərir”.
Ə. Səlimov həmçinin qeyd edib ki, Azərbaycanın Avropanın enerji sistemində rolu artıq sadəcə “təchizatçı ölkə” modeli ilə izah edilə bilməz. Daha doğru yanaşma odur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini sabit saxlayan mühüm strateji tərəfdaş kimi çıxış edir:
“Bu isə Prezident İlham Əliyevin uğurlu, balanslı və uzaqgörən enerji diplomatiyasının nəticəsi olaraq formalaşmışdır. Son olaraq qeyd etmək istəyirəm ki, Avropanın enerji təhlükəsizliyi sistemi dəyişməkdə olsa da, bu prosesdə Azərbaycanın rolu getdikcə daha da güclənir. Rusiya asılılığının azalması, yeni enerji mənbələrinin və marşrutlarının yaranması Azərbaycannı Avropa üçün artıq sadəcə alternativ deyil, etibarlı və vacib tərəfdaşa çevirir. Gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etməsi həm Avropada enerji sabitliyini artıracaq, həm də Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirəcək”.