Hərbi hissəni özbaşına tərk edən hərbçiləri hansı cəza gözləyir? – Hüquqşunasdan AÇIQLAMA

“İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin hüquqi mahiyyəti hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə məsuliyyət mexanizminin təkmilləşdirilməsi, inzibati tənbeh tədbirlərinin fərdiləşdirilməsi və pozuntunun xarakterinə uyğun daha çevik hüquqi yanaşmanın formalaşdırılmasıdır”.

Bu sözləri Sherg.az-a açıqlamasında hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə məsuliyyətin artırılması və alternativ cəza mexanizminin tətbiqi ilə bağlı təklifləri şərh edən hüquq üzrə elmlər doktoru Əlövsət Allahverdiyev deyib. 

Hüquqşünas qeyd edib ki, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissəni özbaşına tərk etməsinə görə inzibati həbsin alternativi kimi pul cəriməsinin tətbiqinin nəzərdə tutulması onu göstərir ki, qanunverici bütün hallarda inzibati həbsi yeganə təsir vasitəsi hesab etmir. Pozuntunun ağırlığından, müddətindən, səbəblərindən və digər konkret hallardan asılı olaraq fərqli tənbeh tədbirlərinin tətbiqini mümkün sayır: 

“Məsələnin hüquqi baxımdan düzgün qiymətləndirilmək lazımdır. Bunun üçün inzibati xəta ilə cinayət əməli arasındakı fərqə diqqət yetirmək vacibdir. Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə bütün hallarda cinayət hesab edilmir. Əməlin hüquqi təsnifatı hərbi qulluqçunun statusundan, hərbi hissədən kənarda qalma müddətindən, hərəkətin təkrar törədilib-törədilməməsindən və xüsusilə də hərbi xidmətdən yayınmaq məqsədinin olub-olmamasından asılıdır. İnzibati Xətalar Məcəlləsinin 613-cü maddəsi hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə, yaxud müəyyən edilmiş vaxtda xidmət yerinə qayıtmamasına görə inzibati məsuliyyət müəyyən edir. Burada əsas şərt əməlin üzrlü səbəb olmadan törədilməsidir. Yəni hərbi qulluqçu icazəsiz olaraq xidmət yerini tərk edir və ya müəyyən olunmuş vaxtda geri qayıtmır, lakin onun hərəkətində Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmur. Məsələn, şəxsi məqsədlərlə xidmət yerini qısa müddətə özbaşına tərk etmək, hərbi xidmətdən tamamilə yayınmaq niyyəti və cinayət məsuliyyəti yaradan digər hallar mövcud olmadıqda, inzibati xəta kimi qiymətləndirilə bilər. Təklif olunan dəyişiklik əslində çox mühüm əhəmiyyətə malikdir. Onun ən mühüm cəhətlərindən biri inzibati məsuliyyətin tətbiq olunduğu müddət həddinin dəyişdirilməsidir. Belə ki, zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün əvvəlki tənzimləmədə üç gündən artıq davam edən özbaşına getmə halı inzibati məsuliyyət yaradırdısa, yeni təklifdə bu müddətin bir gündən artıq olması nəzərdə tutulur. Beləliklə, qanunverici bir tərəfdən inzibati həbsə alternativ olaraq cərimə müəyyən edir, digər tərəfdən isə inzibati məsuliyyətin əhatə dairəsini genişləndirir. Bu səbəbdən dəyişikliyi yalnız məsuliyyətin yüngülləşdirilməsi kimi qiymətləndirmək düzgün olmazdı”.

Ə. Allahverdiyev qeyd edib ki, hərbi hissəni özbaşına tərk etmənin cinayət hesab edilməsi isə Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə tənzimlənir:

“ Həmin maddəyə əsasən, hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi və ya müəyyən olunmuş vaxtda xidmət yerinə qayıtmaması qanunda göstərilən müddət hədlərini aşdıqda cinayət məsuliyyəti yarana bilər. Xüsusilə zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün belə hərəkətin 10 gündən artıq, lakin bir aydan çox olmayan müddətdə davam etməsi Cinayət Məcəlləsinin 333.3-cü maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər. Həmçinin qanunda nəzərdə tutulan təkrar törətmə halları da cinayət məsuliyyəti yarada bilər. Bir aydan artıq davam edən hallar isə Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə daha ağır hüquqi nəticələr doğurur. Bununla yanaşı, Cinayət Məcəlləsinin 334-cü maddəsində nəzərdə tutulan fərarilik cinayəti ayrıca fərqləndirilməlidir. Fərariliyin əsas xüsusiyyəti hərbi qulluqçunun hərbi xidmətdən tamamilə yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk etməsi və ya xidmət yerinə qayıtmamasıdır. Bu halda əsas meyar yalnız hərbi hissədən kənarda qalma müddəti deyil, həm də şəxsin xüsusi məqsədidir. Xüsusilə, hərbi qulluqçunun hərbi xidmətdən birdəfəlik yayınmaq niyyəti sübuta yetirilərsə, əməl müddətindən asılı olmayaraq fərarilik kimi qiymətləndirilə bilər. Bu, inzibati xəta ilə cinayət arasındakı ən mühüm hüquqi fərqlərdən biridir”.

Cərimənin inzibati həbsə alternativ kimi müəyyən edilməsinə gəldikdə isə hüquqşünas bunu hərbi qulluqçuların məsuliyyətinin ümumi şəkildə yüngülləşdirilməsi deyil, məsuliyyətin daha mütənasib və fərdiləşdirilmiş qaydada tətbiqinə imkan verən mexanizm kimi qiymətləndirib:

“ Ona görə ki, inzibati həbs qüvvədə saxlanılır, sadəcə olaraq onunla yanaşı başqa tənbeh növü də müəyyən edilir. Bu isə məhkəməyə konkret işin hallarını nəzərə alaraq daha uyğun tənbeh seçmək imkanı yaradır. Məsələn, hərbi qulluqçunun xidmətdən yayınmaq niyyəti olmayıbsa, pozuntu qısa müddət davam edibsə, ağır nəticələrə səbəb olmayıbsa və şəxsin əvvəlki xidmət göstəriciləri müsbətdirsə, cərimənin tətbiqi daha proporsional hüquqi tədbir hesab oluna bilər. Digər tərəfdən, bu dəyişiklik hərbi intizamın zəiflədilməsi kimi də başa düşülməməlidir. Hərbi xidmət xüsusi intizam, tabelik və məsuliyyət prinsipləri üzərində qurulduğundan, hərbi hissəni özbaşına tərk etmək yalnız fərdi intizam pozuntusu deyil, həm də hərbi hissənin fəaliyyətinə və xidmətin təşkilinə təsir göstərə bilən hərəkətdir. Buna görə də cərimənin tətbiqi elə həyata keçirilməlidir ki, o, hərbi qulluqçular üçün pozuntunun nəticələrini sadəcə pul ödəməklə aradan qaldırmaq imkanı kimi qəbul edilməsin. Cərimə çəkindirici və tərbiyəvi funksiyasını saxlamalıdır. Hesab edirəm ki, təklif olunan dəyişiklik iki istiqamətdə qiymətləndirilməlidir, bir tərəfdən, inzibati həbsə alternativ olaraq pul cəriməsinin müəyyən edilməsi məsuliyyətin fərdiləşdirilməsinə və daha humanist yanaşmaya şərait yaradır, digər tərəfdən, inzibati məsuliyyətin tətbiq olunduğu müddət həddinin azaldılması hərbi intizam pozuntularına qarşı hüquqi nəzarətin genişləndirilməsinə xidmət edir. Cinayət Məcəlləsinin 333-cü və 334-cü maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyəti isə öz qüvvəsində qalır. Buna görə də bu dəyişiklik hərbi qulluqçuların məsuliyyətdən azad edilməsi və ya hərbi intizama münasibətin yumşaldılması deyil, inzibati və cinayət məsuliyyəti arasında hüquqi sərhədlərin qorunması şərtilə tənbeh sisteminin daha çevik və mütənasib qurulması istiqamətində addım kimi qiymətləndirilməlidir”.