“Soyuq qış Avropaya baha başa gələcək” - Ekspert

  • Akif Nəsirli: “Avropanı qışda yeni enerji böhranı gözləyə bilər”

Avropada qış mövsümünə hazırlıq fonunda təbii qaz ehtiyatları ilə bağlı narahatedici mənzərə yaranıb. Son məlumatlar göstərir ki, qaz anbarlarının doldurulma tempi son illərin ən aşağı səviyyəsindədir və mövcud dinamika davam edərsə, Avropa İttifaqı payız-qış mövsümünə normativ hədəfdən xeyli aşağı ehtiyatla daxil ola bilər.

 Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub ki, hzırkı dinamika davam edərsə, Avropa payız-qış mövsümünün başlanğıcına qədər anbarlarını cəmi 70-75% səviyyəsində doldura biləcək. Bu isə istilik mövsümünün başlanğıcı üçün tarixdə ən aşağı göstərici olacaq.

Məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrinin iyulda anbarlara ehtiyat toplama tempi 2011-ci ildən bəri aparılan müşahidələr dövründə ən aşağı səviyyələrdən biridir.

Apreldə başlayan 2026-cı ilin yay mövsümündən bəri Aİ ölkələrinin yeraltı qaz anbarlarına vurduğu qazın xalis həcmi 28 milyard kubmetri ötüb. Bu, qarşıdakı qış üçün tələb olunan həcmin cəmi 41%-ni təşkil edir.

Qeyd edək ki, Avropa Komissiyasının tələbinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90%-ə çatdırmalıdır. Anbarların doldurulması ilə bağlı çətin şərait yarandıqda isə 10%-lik elastiklik tətbiq oluna bilər.

Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanmasına qədər normativ tələbin yerinə yetirilməsi üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır.

Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 53,67% təşkil edir. Anbarlarda 58,7 milyard kubmetr qaz mövcuddur ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12 milyard kubmetr azdır.

Mövcud vəziyyəti şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Avropanın qaz anbarlarının payız-qış mövsümü ərəfəsində cəmi 70–75 faiz səviyyəsində dolması enerji təhlükəsizliyi baxımından ciddi risk siqnalı hesab oluna bilər:

"Son illərdə Avropa Rusiyadan boru kəməri qazından asılılığı azaltmağa çalışsa da, onu tam əvəz edə bilməyib. Bu səbəbdən qaz ehtiyatlarının aşağı səviyyədə olması qış aylarında bazarda qiymət dəyişkənliyini və tədarük risklərini artırır.

Ən böyük risklərdən biri soyuq qış ssenarisidir. Əgər qış sərt keçərsə və qaz istehlakı kəskin artsa, mövcud ehtiyatlar kifayət etməyə bilər. Bu halda Avropa spot bazarlardan daha yüksək qiymətlə qaz almağa məcbur qalacaq. Nəticədə həm sənaye müəssisələrinin enerji xərcləri artacaq, həm də əhalinin kommunal ödənişləri yüksələ bilər".

İqtisadçının sözlərinə görə, digər mühüm risk qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabətin güclənməsidir:

"Avropa son illərdə əsasən ABŞ, Qətər və digər ölkələrdən LNG idxalını artırmaqla Rusiya qazını əvəz etməyə çalışır. Lakin Asiya ölkələrində, xüsusilə Çin, Yaponiya və Cənubi Koreyada tələbat artarsa, LNG yükləri daha yüksək qiymət təklif edən bazarlara yönələ bilər. Bu isə Avropanın qaz təminatını çətinləşdirə və qiymətləri daha da yüksəldə bilər. Bu vəziyyət Avropa İttifaqının enerji siyasətində müəyyən çatışmazlıqları da üzə çıxarır. Bir tərəfdən Rusiya qazından asılılığı azaltmaq strateji məqsəd kimi müəyyənləşdirilib, digər tərəfdən isə alternativ enerji mənbələrinin inkişafı və yeni qaz tədarükü marşrutlarının yaradılması hələ tam nəticə verməyib. Nəticədə keçid dövründə Avropa daha həssas vəziyyətlə üzləşir".

A. Nəsirli bildirib ki, qaz anbarlarının aşağı səviyyədə dolması enerji bazarlarında psixoloji təsir də yaradır: "Bazar iştirakçıları gələcəkdə qıtlıq ehtimalını nəzərə alaraq qiymətləri əvvəlcədən yüksəldə bilərlər. Belə hallarda hətta real qaz çatışmazlığı yaranmadan belə, qiymətlərdə ciddi artım müşahidə oluna bilər.

Bu proses sənaye istehsalına da mənfi təsir göstərə bilər. Kimya, metallurgiya, gübrə və keramika kimi enerji tutumlu sahələr qazın bahalaşmasına daha həssasdır. Enerji xərclərinin artması həmin məhsulların maya dəyərini yüksəldəcək, bu isə Avropa şirkətlərinin beynəlxalq rəqabət qabiliyyətini zəiflədə bilər.

Digər tərəfdən, mövcud vəziyyət Avropanı enerji mənbələrinin daha sürətlə şaxələndirilməsinə sövq edə bilər. Yeni LNG terminallarının tikintisi, Norveç, Azərbaycan və Şərqi Aralıq dənizi kimi alternativ mənbələrdən qaz idxalının artırılması, bərpa olunan enerji layihələrinin genişləndirilməsi və enerji səmərəliliyinin yüksəldilməsi daha da aktuallaşacaq".

 Ekspert hesab edir ki, bu proses Azərbaycan üçün də müəyyən imkanlar yarada bilər:

"Avropanın alternativ qaz mənbələrinə ehtiyacının artması Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazına marağı gücləndirə bilər. Lakin Azərbaycanın ixrac imkanları da mövcud infrastrukturun ötürmə gücü və hasilat həcmləri ilə məhdudlaşır. Buna görə qısa müddətdə Avropanın bütün əlavə tələbatını qarşılamaq real görünmür.

Nəticə etibarilə, qaz anbarlarının kifayət qədər doldurulmaması Avropa üçün təkcə enerji təhlükəsizliyi deyil, həm də iqtisadi sabitlik baxımından ciddi çağırışdır. Əgər qarşıdakı aylarda qaz ehtiyatları planlaşdırılan səviyyəyə çatdırılmasa və qış sərt keçsə, Avropa həm yüksək enerji qiymətləri, həm də tədarük riskləri ilə yenidən üzləşə bilər. Bu vəziyyət bir daha göstərir ki, enerji təhlükəsizliyi yalnız alternativ mənbələr tapmaqla deyil, həm də kifayət qədər ehtiyat formalaşdırmaq, infrastrukturu genişləndirmək və enerji siyasətini uzunmüddətli əsaslarla planlaşdırmaqla təmin olunur".