- Ovçuluq üzrə mütəxəssis Kudaktin ayı hücumlarından qorunmağın yollarını açıqlayıb
Rusiyanın müxtəlif regionlarında ayıların yaşayış məntəqələrinə hücumu səngimir. Maqadanda ayı qəbir qazaraq dəfn edilmiş qadının qalıqlarını yeyib, Sverdlovsk vilayətində isə başqa bir ayı iki gün ərzində avtomobil dayanacağındakı maşınlara zərər vurub. İrkutsk vilayətində baş verən hadisədə isə ovçu iki ayının hücumuna məruz qalıb. O, ayılardan birini güllələsə də, ikinci ayı atəş səsindən qaçmayaraq ona hücum edib və həyatına son qoyub.
Sherg.az xəbər verir ki, Rusiya Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son 30 ildə qonur ayıların sayı 2,3 dəfədən çox artaraq sentyabr ayına olan məlumata əsasən, təxminən 308 minə çatıb.
Mütəxəssislər hesab edirlər ki, ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının səbəblərindən biri bu il tayqada sidr qozasının məhsuldarlığının aşağı olmasıdır. Bununla yanaşı, ayı populyasiyasının artması da vəziyyəti ağırlaşdırır.
Ovçuluq üzrə mütəxəssis, biologiya elmləri doktoru Anatoli Kudaktinin sözlərinə görə, ayıların sayının artmasının əsas səbəblərindən biri onların ovlanmasının azalmasıdır. Əvvəllər ayı əti, dərisi və piyi iqtisadi baxımdan dəyərli hesab olunurdu. Hazırda isə bu məhsullara tələbat azalıb.
Ekspertlər ayı ətinin qida sənayesində istifadəsini mümkün variantlardan biri hesab etsələr də, burada ciddi maneələr mövcuddur. Belə ki, ayı əti trixinellyoz kimi parazitar xəstəliklərin daşıyıcısı ola bilər. Bu səbəbdən onun satışından əvvəl baytarlıq və sanitariya yoxlamalarının aparılması vacibdir. Ayı ödü və digər heyvan mənşəli məhsullara tələbat da əvvəlki illərlə müqayisədə azalıb.
Kudaktin hesab edir ki, insanlara təhlükə yaradan, yaşayış məntəqələrinə və tullantı sahələrinə gələn ayıların sayına nəzarət edilməlidir. Onun fikrincə, belə hallarda təhlükəli heyvanların ovlanması üçün xüsusi tədbirlər görülməli, bununla yanaşı, meşələrdə yaşayan ayıların qorunması təmin olunmalıdır.
Mütəxəssis insanları ayıları yemləməməyə də çağırıb. Onun sözlərinə görə, heyvanlar insanlardan qida almağa öyrəşdikdə avtomobillərə və yaşayış məntəqələrinə daha tez-tez yaxınlaşa bilərlər.