“Məhsəti” fırtınası - Tarixi xanımın obrazı əxlaqsız kimi təqdim olunur?

Suada Qarayevanın filmi ictimaiyyətin qəzəbinə səbəb oldu

Mübahisələrə ziyalılarımız, publisistlər, ictimai fəallar da münasibətlərini bildiriblər

Məhsəti fırtınası əsir ölkədə. Tam həqiqi mənada. Fırtına nədən qopdu? Suada (Suad da yazılır bəzən) Qarayevanın “Məhsəti” filminin kino festivalına buraxılmamasıyla. Film festivalında qadağa qoyulması hay-küyü olmasaydı, yuxuya getmiş cəmiyyətimiz oyanası deyildi. “Məhsəti” filmi nə zaman çəkildi, filmdə hansı epizodlar var, Məhsəti Gəncəvi necə təqdim olunur, çoxumuz yəqin bilmirdik indiyədək. Heç indi də bilmirik. Çünki film nümayiş olunmur. Hansısa rəqəmsal platformada var, yox, xəbərsizik. Yenə də sağ olsun, qadağa qoyanlar, cəmiyyəti ayıltdılar. Təəccüb doğuran cəmiyyətimizin yenə də müxtəlif hissələrə parçalanmasıdır. Müxtəlif fikirlilik yaxşıdır o zamankı müzakirələrdən doğru nəticə hasil olur. Müxtəliffikirlilik, düşüncə azadlığı yekunda milli dəyərlərə, xalqın ruhuna, tarixinə zərbə ilə nəticələnirsə, bu, azadlıq deyil, hərc-mərclikdir. Dünyanın böyük demokrat sayılan şəxsiyyətləri də “birinin azadlığı digərinin azadlığı başlayan yerdə məhdudlaşır”, deyiblər. “Mən belə istəyirəm, bu mənim fikrimdir, mənim yanaşmamdır”, deyib əfkari-ümumiyyəyə meydan oxumaq qəbuledilməzdir. Hələ məsələ milli dəyərlər, xalq və dövlətçilik tarixidirsə. Təəssüf ki, içimizdəki bəziləri “sənəti boğmaq olmaz”, “XXI əsrdə XII əsr təfəkkürü ilə yaramaz” və buna bənzər mövqe sərgiləyirlər. “Müasir yanaşma" müstəvisindən çıxış edənlər ali dəyərlərimizi illərdir alt-üst edirlər. Televiziyalarımız zatən bu iyrənc prosesin başında yolgöstərən, “mayak”dır. Zatı qırıq olanlar da maddi və müxtəlif dəstək imkanlarından istifadə edib prosesi daha da irəli aparır. Millətini aşağılayanlar tarixdə heç vaxt uğur qazanmayıb. Hansısa mükafatı almaq üçün millətini, xalqını çirkaba bulaşdıranların “uğuru”, “nailiyyəti” müvəqqəti ola bilər. Daimi yox. Festivallara qatılmaq, mükafat qazanmağın yolu Məhsəti Gəncəvi, ya bir başqasını aşağılamaqdan keçmir. “Qızıl Palma Budağı” , “Oskar”, “Qızıl Qartal”, “Qızıl Ayı”, “Bafta”… Bu mükafatlardan hər hansı birini almış filmlərin hansı birində rejissor və ya ssenarist mənsub olduğu xalqın tarixini, şəxsiyyətlərini təhqir edərək sahib olub? Bəlkə Suada xanım bilir? Millətini təhqir et, mükafat al, Nobelə sahib ol. Bu yanaşma bizdə son illərdə yarandı. Və deyəsən, xüsusən Orxan Pamukun “qələbəsindən” sonra. Əkrəm Əylisli də ondan “ruhlandı”. Amma xəyalları suya düşdü. Bəlkə də sudan çıxacaq, gələcək göstərər. Suada Qarayeva da yəqin bu yolu tutub. Biz onun hansı düşüncə ilə Məhsəti barədə bəyənilməyən film çəkdiyini bilmirik. Bilinən budur ki, film qadağan olunub. Təəccüblüdür, əxlaqsız qadın obrazı yaratmaq üçün niyə Məhsəti seçilir ki?!. Müasir dövrümüzdə var, səhnələşdiriləcək obrazlar. Uzağa – XII əsrə niyə getsin ki adam? Qənaət belədir ki, bu, məhz diqqət mərkəzində olmaq, cəmiyyətdə ajiotaj yaratmaq, insanları fikrən qarşı-qarşıya qoymaq, özünü realist, “surrealizm”, “ekspressionizm”, “erotizm” daha başqa-başqa “izm”lərin təmsilçisi kimi təqdim etmək istəyindən qaynaqlanır. Avropa məni qəbul etsin, bəyənsin, istəyi. Bəyəndirin də özünüzü. Özünüz haqqında film çəkin. Özünüzü ekranlaşdırın. Məhsəti niyə də?!. Onsuz da Azərbaycanın görkəmli şəxsiyyətlərinə çirkab atmaq ənənəsinin əsası qoyulub. Özü çirkab içində olanlar hamını palçığa bulaşdırmaq istəyir. Az qala, Bərdə hökmdarı Nüşabədən başlamış Həcərə, Həmidə xanım Cavanşir, Mikayıl Müşfiqin xanımı Dilbər… haramzadalar dil uzadır. Natəvan qalıb, ona bir söz atın, məsələ tamam olsun. Nizamini fars şairi, saray şairi, Füzuliyə “alkaş” (arayişi-söhbət eylə, saqi”, yazıb axı), Xətaini “başkəsən” elan edin, bitsin də iş! Dahi Nizami XII əsrdə deyib sözünü, nöqtəni qoyub: Günəşi örtsə də qara buludlar, yenə Günəş adlı bir qüdrəti var”. Suada Qarayevanın Məhsətini necə təqdim etməsinin Məhsətiyə isti-soyuğu yoxdu ey, artıq. Görünən Suadanın xislətidi. 

Bir millət vəkilimiz də Suada xanımın səfində yer alıb: “Deyilir ki: "Məhsətini əxlaqsız kimi göstərib!". Görünür, bu izahı verənlərin Məhsətinin şeirləri ilə dərindən tanışlığı yoxdur, bəzi rübailəri 18+ məhdudiyyətinə uyğun gəlirsə, o halda onun obrazını komsomol propaqandaçısı kimi təqdim etmək sənət baxımından nə dərəcədə estetik alınar? Onun həyat ideallarının real təsviri min il öncə yaşamış bir xanımın nüfuzuna xələl gətirməz, ancaq qadın azadlığı motivində çəkilən müasir filmə baxışımıza mübahisəli durum yarada bilər. Hər halda kino sənətinə töhfə vermək istəyən rejissorları, aktyorları bəri başdan bu cür ittihamlara məruz qoymaq onların qol-qanadını sındırmaq deməkdir. Həqiqətən ehtiyatlı olmalıyıq. Bu gün səviyyəli film çəkmək üçün böyük vəsaitə ehtiyac var, ayrı-ayrı mesenatları bu işə yönləndirmək üçün çərçivəni bu qədər məhdud götürməməliyik”. Millət vəkilimizin mövqeyindən belə qənaət hasil olur ki, kino sənətinə töhfə vermək istəyənlərin qolu-qanadı qırılmasın deyə, XII əsr şairəsini hər kəs öz ağlı, öz düşüncə tərzinə uyğun obrazlaşdıra bilər. Mesenatlar da kinomuza vəsait ayırsınlar deyə, əxlaq kodeksi silinməlidir, təki vəsait olsun, nə istəyirsiniz çəkin.     

Qeyd edək ki, film barədə mübahisələrə ziyalılarımız, publisistlər, ictimai fəallar da münasibətlərini bildiriblər.  

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Azər Rəşidoğlu qeyd edib: 

- Məhsəti Gəncəvi XII əsrdə yaşamış görkəmli sufi şairədir. O, Sufi Əxi təriqətinin üzvü idi, Əxi Evrənin ardıcılı idi. Türk idi, azərbaycanlı idi, müsəlman idi. Fəxrimizdir. Qurşaqdan aşağı düşünən və yaşayan Suada Qarayevanın Azərbaycana nə dəxli var? Ümumiyyətlə, o, dilimizi və dinimizi bilir?! Amma piarşikləri yaxşıdır, seksual natamamlıqdan əziyyət çəkənlər filmin həmin kadrlarına baxırlar, danışırlar. Suadaya da elə bu lazım idi. Yoxsa Əbülfəz Qarayevin qızı olmaqdan başqa hansı titulu ilə tanınırdı ki?

Yazıçı-dramaturq Firuz Mustafa: 

- Mənicə bin-Abdulla Mah-Məsti. Bu, Məhsəti Gəncəvinin əsil adı, atasının adı və təxəllüsüdür. Şairənin bir müddət Sultan Səncər sarayında fəaliyyət göstərdiyi deyilir. "Məhsəti və Əmir Əhməd" adlı dastan var. Əmir Əhməd Gəncə xətibinin oğlu olub. Bəzi məlumatlara görə, Məhsəti ilə Nizaminin məzarı yan-yana olub. Müasirlərinin yazdığından belə məlum olur ki, Məhsəti gözəl və ağıllı qadın olub. İstedadı isə rübailərindən bilinir. Başqa xalqlar öz zibillərini gül əvəzinə təqdim edir. Biz isə nədənsə, bəzən güllərimizi zibil hesab edirik.

“Əbədi Turan Kitab Fondu” İctimai Birliyinin sədri, filologiya elmləri doktoru Esmira Fuad: 

- Əsərləri dövlət varidatı elan edilmiş Məhsəti Gəncəvi obrazına qarşı hücum sıradan hadisə deyil. Bu, daha dərindən araşdırma tələb edən vəziyyətdir. Məhsəti Gəncəvini onun poetik irsinin, bədii texnikasının incəliklərini, dövrün poeziyasının, fəlsəfəsinin ənənə və xüsusiyyətlərini bilməyənlər, yaratdığı lirik qəhrəmanlarla sənətkarın öz şəxsiyyətini qarışdıranlar və ya eyniləşdirənlər səthi mülahizələrlə “əxlaqsız” kimi təqdim edə bilər, amma elm ədəbi irsi başqa cür öyrənir. Məhsəti irsi “Şur” muğamının şöbələrinin birinin adı olmuş şəhraşub poetik janrı kontekstində tamam fərqli məna və məramlarla qarşıya çıxır. Bunları sahənin dərin tədqiqatı ilə məşğul olanlar asanlıqla ayırd edə bilir. Ədəbiyyat tariximizin görkəmli imzası olan Rafael Hüseynovun 1989-cu ildə qələmə aldığı “Məhsəti - necə varsa” əsəri bütün iddialara tutarlı cavabı vaxtında verib. Məşhur şərqşünaslar A.Krımski, F.Meyer və başqaları Məhsəti poeziyasını öyrənərkən səthi mülahizələrə yer buraxmır. Əlbəttə, məsələnin bu hissəsi sahə üzrə məşğul olan alimlərin işidir. “Məhsəti” filmində Məhsəti Gəncəvi obrazının səhv təqdimatına gənc rejissorun qeyri-peşəkarlığı, adi məlumatsızlığı, tərbiyə baxımından öz prototipini yaratmaq cəhdləri kimi də yanaşmaq olardı. Amma keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suada Qarayevanın bu işi daha çox “ev tapşırığı”na bənzəyir. Zəngin, çoxəsrlik mədəniyyəti olan Azərbaycan xalqının mənəvi heysiyyətinə toxunmaq, onun yetişdirdiyi görkəmli şəxsiyyətləri şövqlə qaralamaq, gözdən salmaq, təhrif etmək oyunları ona görə adi görünmür ki, bu, Sovet ənənəsi, bolşevik təfəkkürüdür. Bu gün “Ramiz Mehdiyev işi” və ya “Rusiya şəbəkəsi” üzrə ictimailəşən detallar istər-istəməz düşündürür: niyə müstəqilliyin bərpasından ötən bu qədər uzun dövr ərzində böyük kadr bazası – güclü mədəniyyət və incəsənət xadimləri ola-ola Mədəniyyət Nazirliyi bu sahədə daha çox dağıdıcı fəaliyyət göstərdi, pərakəndəlik yaratdı, intriqaları şiddətləndirdi?! Bu sahə elə vəziyyətə gətirildi ki, indiyədək onu toparlamaq mümkün olmur. Görünür, Azərbaycan dövlətinin daxili təmizləmə prosesi mədəniyyət sahəsindəki milli xəyanətkarların da maskasını salacaq. Vətən müharibəsi ərəfəsində qəfil kənarlaşdırılan Əbülfəs Qarayevin kod adı “Mexsati” (“Məhsəti”) çıxsa, daha təəccüblənmərəm.