22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür

22 iyul tarixi Azərbaycan Milli Mətbuatının yaranma günüdür. Bu tarix 1875-ci ildə dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən ilk milli mətbuat orqanımız olan «Əkinçi» qəzetinin nəşrə başladığı günün şərəfinə təsis edilmiş və bu tarix 1991-ci ildən Azərbaycan Milli Mətbuat günü kimi qeyd edilir.

Eldəniz Həsənov,

Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, tədqiqatçı Zərdabişünas alim, Yazıçılar və Jurnalistlər Birliyininüzvü, “Qızılqələm” və “AliMedia”mükafatılaureatı.

 Artıq milli mətbuatın yaranmasından 151 il ötür.«Əkinçi»qəzetinin 1875-ci ilin iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

«Əkinçi»qəzetinin banisi Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, maarif və mədəniyyəti inkişaf etdirmək, kənd təsərrüfatı barədə elmi yenilikləri və bilikləri təbliğ etmək, millətinin hərtərəfli inkişafına nail olmaqdan ibarət idi.

  Həsən bəy Zərdabi yazırdı:«Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur».

  Məlumdur ki, ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoyan Həsən bəy Zərdabi nəhayət, çox əzab və əziyyətdən sonra dərc etdirdiyi «Əkinçi»nin əsas yazarı olmaqla yanaşı, həm də qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki işçisi, korrektoru kimi fəaliyyət göstərmişdir.

«Əkinçi»qəzetinin nəşr olunmasında və inkişaf etdirilməsində Həsən bəyin ətrafında böyük məhəbbət və hörmətlə yanaşdığı Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov (1812-1878), böyük maarifçi şair Seyid Əzim Şirvani (1835-1888), vaxtı ilə Həsən bəyin Bakı gimnaziyasında dərs dediyi, sonradan görkəmli dramaturq, jurnalist kimi yetişən Nəcəf bəy Vəzirov(1854-1926), Əsgər bəy Adıgözəlov Gorani(1857-1910), həmçinin Məmmədtağı Əlizadə Şirvani (1958-1918), Əhsənül Qabil, Ələkbər Heydəri kimi dövrünün maarifçi, demokrat, tərəqqipərvər şair və yazıçıları toplanmışdı. Həsən bəy Zərdabi onların hər birinin köməyinə arxalanırdı.

 Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılmağa başladı

Ensiklopedik bilik sahibi, böyük pedaqoq, jurnalist və ictimai-siyasi xadim Həsən bəy Zərdabi qəzetinə «Əkinçi» adını təsadüfən verməmişdi. O, nəzərdə tuturdu ki, bu qəzet ilk növbədə yoxsul kəndlilərin, əkinçilərin vəziyyətini, onların arzu və istəklərini işıqlandırmalı, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın geridə qalmış kənd təsərrüfatının inkişafına xidmət etməlidir.

Bütün bu məsələləri qəzet vasitəsilə xalqına çatdıran Həsən bəy Zərdabi «Həyat» qəzetinin 11 yanvar 1906-cı il tarixli 9-cu nömrəsində yazırdı: «Qəzet camaat üçündür.Camaat qəzet üçün deyildir».

  Bu ideyaların həyata keçirilməsində yalnız qəzetin dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, «Hər vilayətin qəzetəsi gərək o vilayətin ayinəsi olsun» deyən Həsən bəy ana dilində «Əkinçi» başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı Qubernatoruna göndərdiyi yazışmalardan, çox iztirablardan sonra hökumətdən icazə alır. Həsən bəy bu icazəni almaq üçün 7 il mübarizə aparmışdır. 

Həsən bəy Zərdabi «Həyat» qəzetinin 11 yanvar 1905-ci il tarixli 129-cu nömrəsində yazırdı: «Bizim Qubernator... general Staroselski (1832-1884), doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yerli əhalisini artıq özünə dost tuturdu. Mən ona görə dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını «Əkinçi» qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım».

Burada bir məsələni də qeyd edim ki, Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım (1856-1929) Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil alan zaman onunla bir yerdə təhsil alan Staroselskinin gələcək həyat yoldaşı gürcü Yekaterina Qumaşvili ilə dostluq edirdi. Həyatın qisməti belə olmuşdu ki, qubernator ailəsi Bakıda yaşayan zaman onların arasında ailəvi dostluq münasibətləri yaranır və bu səbəbdən Staroselski ailəsi ilə yaxın dostluq, bu iki ailənin münasibətləri sayəsində Həsən bəy qəzetin nəşrinə icazə almağa müvəffəq olur. Staroselski Həsən bəyin layihələrinin qismən də olsamaliyyələşdirilməsinə yardımçı olur. Staroselski Bakıdan geri çağırılanadək Həsən bəyə və qəzetin nəşrinə qarşı yönələn hücumların, təcavüzlərin qarşısını alırdı.

Mətbuat tariximizdən bizə məlumdur ki, ermənilərin donosu, üzədurması nəticəsində «Əkinçi» qəzeti qapanmış, onun naşiri Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdir.

Bildiyimiz kimi, «Əkinçi» qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına səbəb olmuşdur. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdur.

Lakin Həsən bəy Zərdabi dərin zəkası və əməlisalehliyi nəticəsində bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşdur. 

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək «siyasi cəhətdən təhlükəli və etibarsız» hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında «Əkinçi» qəzeti çar hökuməti tərəfindən bağlanır, bütün iş yerləri onun üzünə bağlanır. 1877-ci ildə isə Zərdabi Yekaterinodar (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və onun Bakıda qalması lazım bilinmir.

Müəllimlikdən azad edilən Zərdabi uzun müddət işsiz qalır və maddi çətinliklər, ehtiyac içində yaşayır. Vəfalı həyat yoldaşı Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə öz doğma kəndi Zərdaba köçür, 1896-cı ilədək Zərdabda yaşayır, Ucar stansiyasında vəkil işləyir və 16 il ərzində bütövlükdə Göyçay qəzasını əhatə edən kəndlərdəki özbaşınalığa, hərc-mərcliyə qarşı mübarizəsini davam etdirir.

Zərdab həyatı dövründə Həsən bəy ömür-gün, ideya, məslək yoldaşı Hənifə xanımla xalq yolunda maarifçilik, kənd təsərrüfatı sahələrində çoxsahəli ciddi işlərlə məşğul olur, mətbuatdan kənarda qalmır, müntəzəm olaraq tənqidi və digər məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan«Qafqaz»,«Tifliski listok»,«Novoye obozreniye», «Ziya», Bakıda çıxan «Kaspi» vəs. qəzetlərdə çap etdirirdi.

Türk dünyasının dahi oğlu, millət fədaisi Həsən bəy Zərdabi öz ideyalarını, arzu və istəklərini nəinki doğma vətənində, habelə vətənindən uzaqlarda yaşayan minlərlə soydaşlarına çatdıra bilmişdir.

Rusiyada və Yaxın Şərqdə yaşayan türk xalqlarının sevimlisi olan «Əkinçi»ni bir qədər sonra «Tərcüman»(1883–1919) işıqlandırmalı oldu.

Belə ki, Həsən bəyin xeyir-duası ilə «Əkinçi» qəzetinin ardınca dostu İsmayıl bəy Qaspıralı (1851–1914) 1883-cü ildə Bağçasarayda «Tərcüman» qəzetinin nəşrinə nail olur. Bu qəzet türk xalqlarının maariflənməsində, düşüncəsinin yüksəlməsində əvəzsiz xidmətlər göstərməklə tarixin səhifələrində özünəməxsus iz qoymuş oldu.

Həsən bəyin həyat yoldaşı Hənifə xanım xatirələrində yazırdı: «1879-cu ildə Krım türklərinin dilində ilk qəzet buraxan İsmayıl bəy Qasprinski Həsən bəyə məktub yazıb «Tərcüman»adlı qəzet nəşr etmək üçün ona xeyir-dua verməsini xahiş etmişdi. Bu məktub Həsən bəy üçün böyük bir bayrama çevrildi. O, «Bizim başqa bir qəzetimiz də olur, gələcəkdə isə üçüncü, dördüncü və daha çox qəzetlərimiz olacaq» deyərək uşaq kimi sevinirdi. «Tərcüman» və onun uğurlarını məhəbbətlə izləyirdi. İsmayıl bəy Qaspıralıya məsləhət gördü ki, ərəb və fars sözlərindən uzaq olsun. Qasprinski də həmişə Həsən bəyin məsləhətlərinə qulaq asar, onları nəzərə alardı. Ona görə də son dövrlərdə qəzet qafqazlıların başa düşəcəyi türkcədə çıxır və bunu görə də həvəslə oxunurdu».

Qeyd edək ki, «Tərcüman» qəzeti nəşrə başladığı 1883-cü ildən 1903-cü ilə qədər Rusiya müsəlmanları kimi Azərbaycan türklərinin də yeganə mətbu orqanı olmuşdur.

  Tarixdən bizə məlumdur ki, Hacı Zeynalabdin Tağıyevin (1838-1924) təşəbbüsü ilə Həsən bəy Zərdabdan, kürəkəni Əlimərdan bəy isə Tiflisdən eyni vaxtda – 1896-cı ildə Bakıya dəvət olunmuş və onların hər ikisi ailəsi ilə birlikdə Bakıya köçmüşlər. Bu zaman Həsən bəy və Əlimərdan bəy Tağıyevin satın aldığı «Kaspi» qəzetində fəaliyyətə başlamışlar.

1897-ci ilin sonlarında «Kaspi» mətbəəsinin messanatı Hacı Zeynalabdin Tağıyev 57 min manata satın almış nəşriyyatı öz öhdəsinə götürmüşdür. Sonra isə o mətbəəni Əlimərdan bəy Topçubaşova icarəyə vermişdir. Altı ay müddətində qəzetin və mətbəənin işinin yenidən qurulması məqsədilə xeyli iş görülür, qəzetin redaksiyası və idarəsi şəhərin Nikolayevski küçəsində yerləşən Hacı Zeynalabdin Tağıyevə məxsus yeni binaya köçürülmüşdür.

«Kaspi» qəzeti 1898-ci ilin iyun ayının 23-dən müvəqqəti redaktor kimi K.M.Karyagin (1761-?) tərəfindən imzalanır. Həmin ilin iyun ayının 24-dən etibarən qəzet Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə çıxmağa başlayır və 1907-ci ilin oktyabrın 20-sinədəko qəzeti redaktə etmişdir. Bu dövrdə K.M.Karyagin və H.B.Zərdabi qəzetə müvəqqəti redaktorluq etmişlər.

Onu da diqqətə çatdırım ki, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov (1862-1934) 1877-ci ilin oktyabr ayında Bakı Şəhər Dövlət Dumasının üzvü seçilmişlər. Qeyd edək ki, 1905–1906-cı illərdən etibarən daha çox siyasətlə məşğul olan Əlimərdan bəy Topçubaşov qəzetlə məşğul olmağa vaxtı qalmırdı. 

  Əslində qəzetdə idarəçilik, məqalələrin redaktəsinə, çapına nəzarət və işıqlandırılması böyük jurnalist səriştəsinə malik, ilk milli mətbuatımızın yaradıcısı, dahi mütəfəkkir Həsən bəy Zərdabinin üzərində idi.«Kaspi»nin taleyinidüşünən Əlimərdan bəy mətbuat aləmində təsadüfi şəxs olmayan və bu qəzetə gəlməmişdən öncə Peterburqda nəşr olunan bir sıra mətbuat orqanları ilə əməkdaşlıq edən, eyni zamanda bəzilərinin redaktoru olan A. Veynberqin bu qəzetə redaktor olmasını məsləhət bilmişdir ki, o 12 il «Kaspi»yə redaktorluq etmişdir.

Təbii ki, Əlimərdan bəyin bu ictimai fəaliyyətinə, yüksəlişinəqayınatası dahi mütəfəkkir Həsən bəy Zərdabinin böyük təsiri olmuşdur.

Həsən bəy Zərdabinin, Ə.B.Topçubaşovun, İ.B.Qasprinskinin birlikdə çəkilmiş yuxarıda əks olunan fotosu bizlərə belə bir tarixi yaddaşı bu gün əyani surətdə bizə deməyə əsas verir ki, bu 3 tarixi şəxsiyyətlər ilk növbədə yaxın dost, silahdaş olmuşlar. Həsən bəy Zərdabi Ə.B.Topçubaşovun və İ.B.Qasprinskinin məsləhətçisi, yol göstərəni olmaqla onların hər birinin fəaliyyətində çox böyük tarixi rolu olmuşdur.

  Qeyd edək ki, «Əkinçi» qəzeti vasitəsilə H.B.Zərdabinin apardığı milli-mədəni işlər, milli oyanışsonrakı illərdə gənc ziyalılarımızla yanaşı Üzeyir bəyin də(1885-1948)həyatında ideal məktəb rolunu oynamışdır.

  Vaxtı ilə «Əkinçi»də dərc olunan məqalələri oxuyan Üzeyir bəyin özüdə sonradan publisistika ilə ciddi məşğul olmuşdur. Ü.Hacıbəyovun «Kaspi» qəzetində maraqlı yazıları çap edilirdi ki, bunların içərisində 1904-cü ilin sentyabrın 2-də (N:198) «Məqalələr» başlığında verilən ilk yazısı Cəbrayıl qəzasında ipəkçiliyə həsr edilib.Hansı ki, bu zaman müxtəlif məzmunlu məqalələrinin çap olunması məhz Həsən bəy Zərdabinin redaktəsi ilə çapa getmişdir.

Çar höküməti tərəfindən 1877-ci ilin sentyabr ayında «Əkinçi» qəzeti bağlandıqdan sonra Zərdabi məktəbinin davamçıları, milli ziyalılarımız mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüsündə olmuşlar. Qeyd edək ki, 1891-ci ildə «Kəşkül» qəzeti bağlandıqdan sonra Azərbaycan tarixinin mühüm hadisəsi olaraq «Azərbaycan» qəzeti rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərmişdir. 

  Heçdə təsadüfi deyildir ki, dahi Həsən bəy Zərdabinin ideyalarını, amallarını həyata keçirən Üzeyir Hacıbəyov 1919-1920-ci illərdə «Azərbaycan» qəzetinin baş redaktoru olmuş, o həmçinin mədəniyyətimizin, incəsənətimizin inkişafında müstəsna xidmətlər göstərmişdir.

Qeyd edim ki, «Əkinçi» ilə başlanan milli mətbuatımız sonrakı illərdə «Həyat», «Kəndçi», «Kəndli», «Azərbaycan kolxozçusu», «Azərbaycan kənd təsərrüfatı», «Sovet kəndi», «Bərəkət», «Kənd həyatı» adı ilə çap olunmuş və bu gün isə «Agroinfo» qəzeti adı ilə nəşr olunur.

Eyni zamanda Həsən bəy Zərdabinin əsasını qoyduğu «Əkinçi» adlı qəzet yerli ictimai-siyasi qəzet olaraq onun doğulduğu Zərdab rayonunda fəaliyyət göstərir.

Azərbaycan müstəqillik qazandıqdan suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı.

  Ümummilli lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən «Əkinçi»nin 125 illiyinin və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamlarına əsasən Azərbaycan Milli Mətbuatının 130-135-140-145-150 illiyinin, 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Həsən bəy Zərdabinin 150 il əvvəl Azərbaycan dilində nəşr etdirdiyi «Əkinçi» qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşməsi və onun ənənələrinin, ideyalarının, amallarının müasir dövrdə uğurla davam etdirilməsi nəzərə alınaraq keçən il, yəni 25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında» sərəncam imzalamışdır.

  Eyni zamanda Prezidentin sərəncamı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025) münasibətilə yubiley medalı təsis edilmişdir. Bu yubiley medalı ilə media sahəsinin inkişafında səmərəli fəaliyyəti olan, media ilə əməkdaşlıqda fəaliyyət göstərən vətəndaşlar və sair şəxslər təltif edilmişdir.