"İran müharibəsi hər şeyi dəyişəcək" - Etibar Məmmədov

  • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil"
  • "İsrail Türkiyəni də münaqişəyə cəlb etmək istəyir"

ABŞ, İsrail və İran arasında davam edən gərginlik Yaxın Şərqdə təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirib. Vaşinqtonun Tehrana qarşı sərt siyasəti, İsrailin İranın nüvə proqramı və regional təsirinə dair narahatlıqları, eyni zamanda Türkiyənin tərəflər arasında dialoqu təşviq etmək cəhdləri bölgədə yeni geosiyasi mənzərə formalaşdırır. Müşahidəçilər hesab edirlər ki, bu proseslər təkcə Yaxın Şərqlə məhdudlaşmayacaq, həm regional dövlətlərin xarici siyasətinə, həm də iqtisadi proseslərə təsir göstərəcək. 

Müharibənin gedişatı və regiona təsirləri ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş millət vəkili Etibar Məmmədovla danışdıq.

Sherg.az Etibar Məmmədovla "Atüstü söhbət" i təqdim edir:

– Salam, Etibar bəy. Xoş gördük.

– Salam.

– Yaxın Şərqdə ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq olarmı?

– Dünyada artıq dəyərlər sisteminin dəyişməsi prosesi gedir. Bu müharibənin nəticəsində həm iqtisadiyyatda, həm də siyasətdə ciddi dəyişikliklər baş verəcək.

– Bəs qonşuluğumuzda baş verən bu müharibənin Azərbaycana təsiri olacaqmı?

– Regionda baş verən belə böyük müharibənin Azərbaycana təsir göstərməməsi mümkün deyil.

– Bu təsirlər nədən ibarət ola bilər? Azərbaycan mümkün risklərdən yayınmaq üçün hansı addımları atmalıdır?

– Azərbaycanın imkanları məhduddur. Söhbət iki böyük dövlətin iştirakı ilə gedən müharibədən gedir. Burada eyni zamanda iki fərqli sistemin qarşıdurması müşahidə olunur.

– Bu proseslərdə Türkiyə də fəal rol oynayırdı. Ankara ABŞ ilə İran arasında vasitəçilik etməyə çalışsa da, bu təşəbbüs birmənalı qarşılanmadı. Siz bunu necə qiymətləndirirsiniz?

– Türkiyə istəməz ki, müharibənin təsirləri onun ərazisinə keçsin. Buna görə də bölgədə sülhün bərqərar olmasına çalışır. Bu təşəbbüsün kim tərəfindən necə qarşılanması isə artıq başqa məsələdir.

– Donald Tramp bildirib ki, artıq Benyamin Netanyahuya əvvəlki etimadı yoxdur. İran-ABŞ-İsrail qarşıdurması fonunda Vaşinqtonla Təl-Əviv arasında da fikir ayrılıqlarının yarandığı bildirilir. Sizcə, ABŞ–İsrail münasibətləri bundan sonra necə inkişaf edəcək?

– Məncə, orada da müəyyən problemlər mövcuddur. İsrail münaqişəyə Türkiyəni də cəlb etməkdə maraqlıdır. Bu səbəbdən ABŞ ilə münasibətlərdə müəyyən gərginliyin yaranması istisna deyil.