Yaşlı insanların köhnə əşyalardan ayrılmaqda çətinlik çəkməsi hər zaman qənaətcilliklə bağlı olmur. Bəzən bunun arxasında tənhalıq, narahatlıq, itki və keçmişə bağlılıq dayanır.
Sherg.az xəbər verir ki, bu barədə klinik psixoloq Viktoriya Kondraşina danışıb.
Onun sözlərinə görə, köhnə geyimlər, qab-qacaq, qəzetlər və məişət əşyaları yaşlı insanlar üçün sadəcə istifadə olunmuş predmetlər deyil, həm də keçmiş həyatlarının xatirələrini yaşadan vasitələrdir. Məsələn, köhnə geyimlər iş illərini, qab-qacaq ailə bayramlarını, alətlər isə vəfat etmiş həyat yoldaşını xatırlada bilər.
Psixoloq bildirib ki, bəzi hallarda fiziki çətinliklər, diqqət və qərarvermə problemləri də əşyaların yığılmasına səbəb olur. Bununla belə, belə davranış nə qocalmanın qaçılmaz nəticəsidir, nə də mütləq demensiya əlamətidir. Əşyalar insanda narahatlıq və tənhalıq hissinə qarşı bir növ psixoloji müdafiə vasitəsinə çevrilə bilər.
Kondraşinanın fikrincə, problemin əsas göstəricisi evin gündəlik yaşayış üçün yararlı olub-olmamasıdır. Əgər əşyalar giriş-çıxışı, yatağa, mətbəxə, hamama və sanitar qovşağa çıxışı məhdudlaşdırırsa, vəziyyət artıq təhlükəli həddə çatıb.
O, yaşlı insanların yaxınlarına əşyaları icazəsiz atmağı tövsiyə etmir. Belə addım onların özlərini nəzarətsiz və müdafiəsiz hiss etməsinə, ailə üzvləri ilə münasibətlərinin korlanmasına səbəb ola bilər. Bunun əvəzinə, söhbətə konkret narahatlıqdan başlamaq, hansı əşyaların daha vacib olduğunu soruşmaq və kiçik sahələri birlikdə səliqəyə salmaq məsləhət görülür.
Psixoloq yanğın təhlükəsi yarandıqda, təxliyə yolları bağlandıqda, yaşlı insanın sanitar qovşağa və suya çıxışı məhdudlaşdıqda, yaxud təcili yardım əməkdaşlarının ona yaxınlaşması mümkün olmadıqda dərhal müdaxilənin vacibliyini vurğulayıb.
Tək yaşayan və köməkdən imtina edən yaşlı insanlarla bağlı isə mütəxəssis diqqəti əşyalardan daha çox onların sağlamlığına yönəltməyi tövsiyə edir. Qidalanma, dərman qəbulu və şəxsi gigiyenaya nəzarət üçün zərurət yarandıqda peşəkar sosial və tibbi dəstək cəlb edilməlidir.