- Bir insanın ölümü neçə nəfərə həyat verə bilər?
- Donorluğa mane olan qorxulu səbəb AÇIQLANDI
Bəzən insanın həyatına kiçik bir məlumat, izlədiyi verilişdə eşitdiyi fikir və ya kiminsə paylaşdığı status təsir edir. Elə olur ki, həmin fikir uzun müddətdir diqqət yetirdiyin, amma konkret addım atmadığın bir məsələ haqqında yenidən düşünməyə vadar edir. Orqan donorluğu da belə mövzulardandır.
Bu dəfə diqqətimi telejurnalist Asif Bağırovun orqan donorluğu ilə bağlı paylaşımı çəkdi. Həmkarımız İTV-də yayımlanan “Sabaha saxlayaq” verilişində bu mövzuda aparılan müzakirələrdən təsirlənərək donor olmaq üçün müraciət etdiyini yazıb.
Asif Bağırov qeyd edir ki, “Sabaha saxlayaq” verilişini izlədikdən sonra “myGov” tətbiqi vasitəsilə orqan donorluğu ilə bağlı müraciət edib. Müraciəti hələlik baxılma mərhələsindədir. Amma bu addımı atmaq barədə düşünmək belə vacib bir başlanğıcdır. Bəlkə də biz ölüm haqqında danışmaqdan çəkindiyimiz üçün dünyadan köçdükdən sonra başqalarına verə biləcəyimiz həyat şansını da müzakirə etmirik. Halbuki insanın vəfatından sonra da kiməsə fayda verməsi, bir ailənin ümidini yaşatması olduqca böyük mənəvi dəyər daşıyır.
Əlbəttə, donor olmaq hər kəsin şəxsi qərarıdır və heç kim bu seçimə məcbur edilə bilməz. Ancaq ən azı bu barədə düşünmək, məlumatlanmaq və cəmiyyət olaraq mövzunu tabu olmaqdan çıxarmaq lazımdır.
Ölümündən sonra kiməsə yaşamaq şansı verə biləcəksənsə, bunu niyə etməyəsən?
Əslində, orqan donorluğu təkcə tibbin, həkimlərin və transplantasiya əməliyyatlarının mövzusu deyil. Bu, həm də insanlıq, mərhəmət, sosial məsuliyyət və həyata münasibət məsələsidir. Bir tərəfdə həyatı orqan köçürülməsindən asılı olan xəstə, digər tərəfdə isə vəfatından sonra belə kiməsə ümid ola biləcək insan dayanır. Bu iki insanı bir-birindən ayıran məsafə bəzən sadəcə bir qərardır.
Təsəvvür edin, bir insanın böyrək, qaraciyər və ya ürək transplantasiyasına ehtiyacı var. Müalicənin digər yolları nəticə vermir, zaman isə onun əleyhinə işləyir. Belə bir vəziyyətdə uyğun donorun tapılması həmin insan üçün sadəcə tibbi prosedur deyil, həyata qayıtmaq imkanıdır. Onun ailəsi üçün isə illərlə gözlədikləri xoş xəbərə çevrilə bilər. Deməli, bir insanın verdiyi qərar başqa bir ailənin taleyini dəyişə bilər.
Təəssüf ki, cəmiyyətimizdə orqan donorluğu hələ də geniş müzakirə olunan, lakin hamının eyni dərəcədə məlumatlı olmadığı mövzulardandır. İnsanların bir qismi donor olmağın mahiyyətini və şərtlərini bilmir, digərləri dini və mənəvi tərəddüdlər yaşayır. Bəziləri isə ölümündən sonra bədəninə müdaxilə ediləcəyi düşüncəsini qəbul etməkdə çətinlik çəkir.
Cəmiyyətdə orqan donorluğuna münasibəti dəyişmək üçün maarifləndirmə işləri gücləndirilməlidir. İnsanlar bilməlidirlər ki, donor olmaq nə deməkdir, hansı orqan və toxumalar transplantasiya edilə bilər, müraciət prosesi necə aparılır, insanın hüquqları və ailəsinin bu prosesdəki rolu nədən ibarətdir. Bu suallara aydın cavab verilmədikcə, insanların tərəddüdlərinin aradan qalxması çətin olacaq.
Ən əsası, bu mövzu yalnız hansısa faciə baş verəndən, yaxınını itirmiş ailə donor qərarı qarşısında qalanda gündəmə gəlməməlidir. Donorluq haqqında insan sağlığında düşünməli, ailəsi ilə danışmalı və öz iradəsini əvvəlcədən ifadə etməlidir. Çünki belə qərarların emosional böhran anında verilməsi daha çətindir.
Maraqlısı odur ki, insanlar yaxınlarının həyatını xilas etmək üçün orqan köçürülməsinə ehtiyac duyanda donor axtarışına başlayırlar. Bəs özləri sağ ikən, ölümündən sonra donor olmaq qərarını verməyə niyə tərəddüd edirlər? Azərbaycanda orqan donorluğuna münasibətdə əsas maneə məlumatsızlıqdır, dini yanaşmadır, yoxsa ölüm qorxusu?
Orqan donorluğu ilə bağlı rəsmi müraciət edən təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda orqan donorluğuna münasibətdə məlumatsızlıq, dini yanaşma və ölüm qorxusu kimi amillərin hər biri müəyyən rol oynayır. Onun sözlərinə görə, bu tərəddüdlərin əsas səbəbi məlumatsızlıqdır. Dini yanaşma və ölüm qorxusu da böyük ölçüdə informasiya çatışmazlığından qaynaqlanır:
“İnsanların əksəriyyəti orqan donorluğunun mexanizmini, beyin ölümünün nə demək olduğunu, donor orqanlarının hansı qaydada və kimlərə köçürüldüyünü dəqiq bilmir. Məhz bu məlumatsızlıq cəmiyyətdə müxtəlif yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Bəziləri orqan donorluğunu insan bədəninə hörmətsizlik kimi qiymətləndirir, digərləri isə donor olmaq qərarının həkimlərin xəstəni xilas etmək səylərinə təsir göstərə biləcəyindən ehtiyatlanır. Dini yanaşmaya gəlincə, insan həyatının xilas edilməsinin ən böyük savablardan biri olduğunu düşünürəm. Bu baxımdan din xadimlərinin və ictimaiyyət nümayəndələrinin məsələ ilə bağlı açıq və aydın izahatlar verməsi olduqca vacibdir.
Digər tərəfdən, ölüm cəmiyyətimizdə müzakirəsi çətin olan mövzulardandır. İnsanlar öz ölümləri ilə bağlı əvvəlcədən qərar verməyi sanki uğursuzluq kimi qəbul edirlər. Burada diqqətçəkən bir ziddiyyət də var: yaxınlarımızın həyatı təhlükəyə düşəndə donor axtarışına başlayırıq, lakin sağlam olduğumuz dövrdə özümüzün donor olmaq imkanımız barədə düşünmürük. Buna görə də maarifləndirmə işləri məhz insanların sağlam və həyatda olduğu dövrdə aparılmalıdır.
Şəxsən mən bu qərarı verərkən bir məqamı əsas götürdüm: insan vəfat etdikdən sonra onun bədəninə artıq ehtiyac qalmır, amma həmin bədəndən götürülən orqanlar başqa insanlar üçün həyata ikinci şans verə bilər. Bir insanın donor olması bir neçə nəfərin həyatının xilas edilməsinə imkan yaradır. Mən bunu həm insani, həm də vətəndaşlıq borcu kimi qiymətləndirdim. Eyni zamanda, ictimai xadim və təhsil eksperti olaraq cəmiyyətə nümunə olmağı da vacib hesab etdim. Başqalarından müəyyən addımlar gözləyiriksə, ilk növbədə özümüz həmin addımı atmalıyıq”.
Orqan donorluğu ilə bağlı müraciətinə ailəsinin reaksiyasına gəldikdə isə Ə.Həsənli qeyd edib ki, ilk mərhələdə müəyyən təəccüb və suallar yaranıb:
“Bilirsiniz ki, orqan donorluğu ailələrdə geniş müzakirə olunan mövzu deyil. Lakin qərarımın səbəblərini izah etdikdən sonra ailə üzvlərim də bunu anlayışla qarşıladılar. Hesab edirəm ki, belə bir qərarı ailə ilə bölüşmək çox önəmlidir. Çünki praktik baxımdan yaxınların məlumatlılığı və prosesdə iştirakı da əhəmiyyət daşıyır. Donorluqla bağlı müraciətdə ailə üzvlərindən birinin əlaqə məlumatlarının qeyd olunması da bu baxımdan vacibdir. Düşünürəm ki, Azərbaycanda orqan donorluğu ilə bağlı maarifləndirmə istiqamətində müəyyən işlər görülsə də, bu proses daha geniş və sistemli şəkildə davam etdirilməlidir. İnsanlar anlamalıdırlar ki, donor olmaq qərarı vəfat etdikdən sonra başqa bir insana yaşamaq imkanı vermək deməkdir. Bu, cəmiyyət olaraq təşviq etməli olduğumuz ən nəcib addımlardan biridir”.
İlahiyyatçı Tural İrfan isə Sherg.az-a açıqlamasında qeyd edib ki, Qurana görə, bir insana həyat bəxş etmək bütün bəşəriyyətə nicat verməkdir. Bir insanı öldürmək də bütün insanlığı öldürmək kimidir:
“Bu meyarla yanaşdıqda, ehtiyacı olan, yaşaması üçün orqana möhtac olan insanlara başqasının öz orqanını bağışlaması məqbuldur. Lakin İslama görə, insanın bilərəkdən özünə zərər vurması, yaxud buna şərait yaratması doğru deyil. Sağlam insan digər şəxsə orqan bağışlayaraq özü şikəst olacaqsa, din buna yol vermir. Vəfat etmiş şəxsdən orqan götürmək isə ya onun vəsiyyəti, ya da vəlisinin, yəni varisinin icazəsi ilə mümkündür. Əgər icazəsiz hansısa şəxsin cəsədindən orqan götürülərsə, bu, oğurluq və qəsbdir. İnsan sağlığında vəsiyyət edirsə ki, vəfat etdikdən sonra onun müəyyən orqanları götürülərək istifadə olunsun, burada da diqqət edilməli bir neçə məqam var. Əvvəla, insan dəqiq bilməlidir ki, ondan götürülən orqan kimə və hansı məqsədlə istifadə olunacaq. Habelə həmin orqan pulla satılmamalıdır. Əgər pulla satılırsa, bu, orqan alveridir və din buna qarşıdır”.
T.İrfanın sözlərinə görə, ölkəmizdə insanlar iki səbəbdən orqan bağışlamağa müsbət yanaşmırlar:
“Birincisi, uzun müddətdir xurafat və mövhumatın təsiri altında olan dindar kütlənin nümayəndələri elə zənn edirlər ki, bu, birmənalı şəkildə günahdır. Əvvəlcədən bildirim ki, bu, cahil yanaşmadır və şəriətdən məlumatsızlıqdan irəli gəlir. İkinci səbəb isə etibarın olmamasıdır. Məsələn, bəzən müəyyən günlərdə insanlar gedib sədəqə olaraq qan verirlər. Lakin elə vaxt olur ki, insanın özünə qan lazım gəlir və həmin vaxt onu həddən artıq baha qiymətə almalı olur. Orqan bağışlanması məsələsində də insanlar düşünürlər ki, mən orqanımı bağışlayacağam, məndən sonra onu kiməsə pulla satacaqlar, yaxud əvəzində ödəniş tələb edəcəklər. Lakin öz yaxınıma orqan lazım olsa, ona da eyni münasibət göstəriləcək. Yəni bir növ səhiyyəyə etibar, inam, ümid qalmayıb. Mənfi hallar o qədər qabarıq görünür ki, insanlar həkimə yalnız əlacı kəsiləndə gedirlər. Şəffaflıq olarsa, orqan bağışlamaq nəinki mümkündür, hətta savabdır. Qeyri-şəffaflıq inamsızlıq yaradır, etimadı heçə endirir. Mən dəqiq bilsəm ki, mənim orqanımla bir yetim, məzlum, özüm kimi kasıb biri həyata qayıdacaq, əlbəttə, bağışlayaram. Amma buna inamım, etibarım, etimadım yoxdursa, əsla etmərəm. Gərək səhiyyəmiz öncə cəmiyyətdə özünə inamı, etimadı doğrultsun ki, bizdə də insanlar axın-axın gəlib vəfat etdikdən sonra orqanlarının istifadə edilməsinə razılıq versinlər”.