Uzunmüddətli öskürək xərçəng əlaməti ola bilərmi? - Həkimdən XƏBƏRDARLIQ

Ağciyər xərçəngi ilkin mərhələdə heç bir əlamət verməyə bilər. Sinə xəstəlikləri üzrə mütəxəssis, doktor Funda Karaduman Yalçın uzun müddət davam edən öskürək, qanlı bəlğəm, nəfəs darlığı və səbəbsiz çəki itkisinin diqqətdən kənarda qalmamalı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, “Ağciyər Xərçəngi ilə Mübarizə və Maarifləndirmə Ayı” çərçivəsində açıqlama verən həkim bu xəstəliyin dünyada ən çox yayılan xərçəng növlərindən biri və xərçəngdən ölüm hallarının əsas səbəblərindən olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ağciyər xərçənginin ən böyük risk faktoru siqaret və digər tütün məhsullarıdır. Passiv siqaretçəkmə, hava çirkliliyi, radon qazı, asbest və bəzi kimyəvi maddələrlə təmas da xəstəliyin yaranma riskini artırır.

Həkim qeyd edib ki, uzun müddət davam edən və ya getdikcə şiddətlənən öskürək, qanlı bəlğəm, nəfəs darlığı, sinə ağrısı və səsin xırıltılı olması diqqətlə araşdırılmalıdır. Səbəbsiz çəki itkisi, davamlı yorğunluq və halsızlıq da xəstəliyin əlamətləri ola bilər.

Bununla belə, bu simptomların hər zaman xərçəngə işarə etmədiyini bildirən mütəxəssis, şikayətlər davam edərsə, həkimə müraciət etməyin vacibliyini vurğulayıb.

Funda Karaduman Yalçın xüsusilə uzun illər siqaret çəkmiş və yüksək risk qrupunda olan şəxslərə tibbi müayinədən keçməyi tövsiyə edib. Onun sözlərinə görə, uyğun risk qrupuna daxil olan şəxslərdə aşağı dozalı kompüter tomoqrafiyası ilə müayinə tətbiq oluna bilər.

Həkim ağciyər sağlamlığını qorumaq üçün siqaretdən uzaq durmağın, risk faktorlarına qarşı tədbir görməyin və mütəmadi tibbi müayinələri təxirə salmamağın vacibliyini qeyd edib.