“Səssiz qatil”lə bağlı çağırış: Azərbaycanda da Türkiyə modeli tətbiq olunmalıdır

  • Sosioloq: “Siqaret müasir dünyanın qarşısını ala bilmədiyi ən böyük kütləvi qırğın silahıdır”

Hər gün həyatımızı davam etdirmək və gələcəyimizi qurmaq üçün çalışırıq. Lakin gündəlik işlərimizin ardınca qaçarkən, dünyada hər 6 saniyədə, bir insan siqaret ucbatından həyatını itirir. Rəsmi statistikaya görə, dünyada hər il 8 milyondan çox insan tütün epidemiyasının qurbanı olur. İşin ən faciəvi tərəfi budur ki, həmin qurbanlardan 1.3 milyonu özü siqaret çəkmədiyi halda, tüstüyə məruz qalan günahsız insanlardır.

Siqaret şirkətləri ağ ölümün qutu üzərində sağlamlığa ziyan vurduğunu yazsa da, insanlar qəsdən ölümlərini satın alırlar. Bunun ən bariz nümunəsi vaxtilə məşhur tütün markasının reklam siması olan Ueyn Maklarendir. Həyatının son illərində anti-tütün kampaniyasına qoşulan model, insanları bu bəladan çəkindirməyə çalışırdı. Çünki o, 52 yaşında ağciyər xərçənginə yaxalanaraq reklam etdiyi məhsulun öz canını necə aldığını acı şəkildə dərk etmişdi. Qardaş ölkə Türkiyə ağ ölümlə mübarizə kompaniyasına start verib. Hazırda Türkiyədə təxminən 15-19 milyon nəfər siqaret çəkir. Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən siqaretdən imtina etmək istəyən və müalicə alan vətəndaşlara dövlət hesabına dərman dəstəyi göstəriləcək. Səhiyyə Nazirliyi 1 milyon insanı ödənişsiz şəkildə dərmanla təmin edəcək. Azərbaycandakı vəziyyət də ürəkaçan deyil. 10 miyonluq əhalidən 2 milyonu siqaret aludəçisdir. 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Sherg.az-a bildirib ki, siqaret müasir dünyanın qarşısını ala bilmədiyi ən böyük kütləvi qırğın silahıdır:

“Siqaretin zərərli olduğu paketin üzərində də yazılıb. Acı həqiqət budur ki, insanlar bu zərəri hər alışda görsələr də, asılılıq hissi sağlamlıq instinktini üstələyir. Yəni, onlar bu vərdişdən xilas olmaq üçün lazımi vasitələrlə təmin edilmədikləri müddətcə, siqaretdən əl çəkməkdə çətinlik çəkəcəklər. Türkiyənin qəbul etdiyi qərar təqdirəlayiqdir. Türkiyədə 87 milyonluq əhalinin 19 milyonunun, Azərbaycanda isə 10 milyonluq əhalinin 2 milyonunun siqaret çəkdiyini nəzərə alsaq, bu göstəricilər nisbət baxımından bir-birinə olduqca yaxındır. Hələ ki, Azərbaycanda tətbiq olunması ilə bağlı hər hansı hüquqi qərar və ya siyasi iradə yoxdur. Amma mütləq şəkildə hökümət, Türkiyə nümunəsini əsas götürməklə, analoji qadağaları və tənzimləmələri qanunvericiliyə daxil etməlidir”. 

Sosioloqun sözlərinə görə, cəmiyyətin sağlamlığı siqaretdən asılı olduğu üçün insanlar məsələyə həssas və ciddi yanaşırlar:

“Çünki bir insan siqaret çəkəndə havaya buraxdığı tüstünün tərkibində 7000 mindən çox kimyəvi maddə olur. Bu maddələrin ən azı 70-i xərçəngə yol açır. Siqaretin insan orqanizminə vurduğu zərər uzun müddət heç bir əlamət büruzə vermədən, gizlicə irəliləyir. Elə bu səbəbdən də onu “səssiz qatil” adlandırmaq daha doğrudur. Siqaret çəkən şəxs bunu ailəsində, kütləvi məkanlarda etdikdə özü ilə birgə, ətrafındakılara da ziyan vurmuş olur. Hər bir ölkədə belə bir qərara ehtiyac var. Cəmiyyət bu qərarın qəbul edilməsini fəal şəkildə dəstəkləsə də, iki milyonluq əhalinin dərman təminatı yüksək büdcə xərcləri deməkdir. Bu baxımdan, hökumətin qərarı mövcud maliyyə imkanları çərçivəsində sosial təhlükəsizlik və humanist tədbirlərin nə dərəcədə tətbiq edilə biləcəyindən asılıdır".