Üzü yalnız su ilə yumağın dəriyə 5 faydası

Dəriyə qulluq zamanı çoxsaylı təmizləyici, maska və kremlərdən istifadə etmək əvəzinə, üzü yalnız su ilə yumaq da müəyyən müsbət nəticələr verir.

Sherg.az xəbər verir ki, Habertürk-ün dərc etdiyi məqalədə üzün yalnız su ilə yuyulmasının dərinin vəziyyətinə mümkün təsirləri açıqlanıb.

Məqalədə bildirilir ki, bəzi təmizləyici vasitələr dərinin təbii yağ qatını zədələyərək quruluq, qaşınma və qızartıya səbəb ola bilər. Belə hallarda həmin vasitələrdən müvəqqəti imtina edib üzü yalnız su ilə yumaq dərinin qıcıqlanmasını azaltmağa kömək edə bilər.

Üzü yalnız su ilə yumağın mümkün faydaları:

1. Dərinin daha hamar görünməsinə kömək edir

Bəzi təmizləyicilər dərinin təbii qoruyucu qatını zədələyə, quruluq və qaşınma yarada bilər. Bu vasitələrdən müvəqqəti uzaqlaşmaq dərinin öz təbii balansını qorumasına şərait yaradır.

2. Sızanaqların azalmasına kömək edir

Məqalədə qeyd olunur ki, dərinin həddindən artıq qurudulması yağ ifrazının artmasına səbəb olur. Soyuq suyun isə dəridə sebum ifrazını və iltihabı azaltmağa kömək etdiyi bildirilir.

3. Dərinin gənc görünüşünü qorumağa kömək edir

Soyuq su dərinin yumşaq qalmasına kömək edir. Əksinə, isti su dərinin təbii yağ qatına zərər vuraraq quruluq və digər problemlər yaradır. Məqalədə yüksək qələviliyə malik sabun və təmizləyicilərin dəriyə mənfi təsir göstərə biləcəyi vurğulanır.

4. Allergik reaksiyaların yaranma riskini azaldır

Həssas və allergiyaya meyilli dəri üçün uyğun təmizləyici vasitə seçmək çətindir. Bəzi məhsullar qıcıqlanma və allergik reaksiyalara səbəb olur. Bu baxımdan, həmin vasitələrdən uzaqlaşmaq dərinin əlavə qıcıqlandırıcılara məruz qalmasını azaldır.

5. Dərinin dincəlməsinə şərait yaradır

Makiyaj və müxtəlif kosmetik vasitələr bəzi dəri problemlərini ağırlaşdıra bilər. Üzü yalnız su ilə yumaq isə dəriyə qulluq vasitələrinin istifadəsini azaltmaqla onun əlavə məhsullara məruz qalmasının qarşısını alır.