Xoruldamağı sadəcə əyləncəli hesab etməyin
Yuxuda tənəffüsün 10 saniyədən çox dayanması ciddi xəstəliklərin əlamətidir
Müasir dövrdə urbanizasiya və sənayeləşmənin sürətlənməsi ilə havanın çirklənməsi insan sağlamlığı üçün ciddi təhlükəyə çevrilib. Xüsusilə tənəffüs sistemi ilə bağlı problemləri olan şəxslər bu vəziyyətdən daha çox əziyyət çəkirlər. Son tədqiqatlar göstərir ki, hava çirkliliyi yalnız astma və bronxit kimi xəstəlikləri deyil, həm də obstruktiv yuxu apnesi kimi daha az diqqət çəkən, lakin ölümcül nəticələrə səbəb ola biləcək xəstəlikləri də ağırlaşdırır. Bu kontekstdə aparılan beynəlxalq bir araşdırmanın nəticələri narahatedici reallığı üzə çıxarıb.
Hollandiyanın Amsterdam şəhərində Avropa Tənəffüs Cəmiyyətinin (ERS) Konqresində təqdim edilən beynəlxalq araşdırmaya görə, havanın çox çirkli olduğu ərazilərdə yaşayan obstruktiv yuxu apnesi (OSA) olan insanlar daha ağır simptomlarla üzləşirlər. Tədqiqata 14 ölkənin 25 şəhərində obstruktiv yuxu apnesi (OSA) olan 19 325 xəstənin məlumatları daxil edilib. İnformasiya Avropa Yuxu Apnesi Məlumat Bazasından götürülüb.
Təhlil göstərib ki, böyük şəhərlərdə yaşayanların obstruktiv yuxu apnesi daha ağır simptomlar verib.
Xatırladaq ki, bu xəstəlik zamanı tez-tez yüksək səslə xoruldama, yuxuda ağır nəfəs alma və qəfildən uzunmüddətli dayanmalar müşahidə edilir. Pasientlər dəfələrlə yuxudan oyadır, hətta yuxuda ikən hava çatışmazlığından həyatını itirir.
Həmçinin bu xəstəliyi olanlar hipertoniya, insult, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski də daşıyır.
Pulmonoloq Könül Məmmədova Sherg.az-a açıqlamasında bildirib ki, yuxu apnesi yuxu zamanı nəfəsin təkrar-təkrar dayanması ilə xarakterizə olunur və ciddi sağlamlıq problemlərinə yol aça bilər. Həkimin sözlərinə görə, insanlar çox vaxt yuxuda xoruldamağı ciddi qəbul etməyib, bunu keçirdikləri günün ağır olması ilə əlaqələndirir, həkimə müraciət etmirlər.
K.Məmmədova həmçinin qeyd edib ki, sağlamlığa təhlükə yaradan yuxu apnesinin əlamətlərini xəstə özü hiss etmir:
“Onun yaxınları çox səsli xoruldamağını, tənəffüsünün bir nəçə saniyəlik dayanmasını, bunun təkrarlanmasını qeyd edə bilərlər. Yuxuda tənəffüsün 10 saniyədən artıq kəsilməsi, bunun 1 saat ərzində 5 dəfə təkrarlanması sizdə yuxu apnesinin olmasını göstərir.
Ağciyərlər oksigensiz qalır! Bu vəziyyət hipoksiya (oksigen azlığı) və ağciyər hipertenziyası yarada bilər, nəticədə ürək və tənəffüs problemləri qaçılmaz olur. Yuxu apnesi depressiya, təşviş pozuntusu, yaddaş problemləri kimi nevroloji və psixiatrik xəstəliklərə səbəb ola bilər. Bədəndə karbon qazı yığılır! Tənəffüsün dayanması nəticəsində karbon qazı bədəndə toplanır və bu da tənəffüs çatışmazlığına gətirib çıxara bilər”.
Həkim qeyd edib ki, tənəffüs dayanması zamanı orqanizmdə oksigen çatışmazlığının yaranması ilk növbədə, ürəyə və beyinə çox mənfi təsir edir:
" Yuxu apnesi kişilər, yaşlılar, alkoqol qəbul edən və siqaret çəkən insanlarda daha çox rast gəlinir. Bu xəstələrin əsas şikayəti qəfildən boğulma ilə oyanma, nəfəs çatışmazlığı, gün ərzində yuxusuzluq, halsızlıq, baş ağrıları, diqqət və yaddaş zəifliyidir. Yuxu apnesi olan xəstələrdə sıxlıqla ritm pozğunluğu görülür. Bu ritm pozğunluqları bəzən həyatı təhdidedici şəkildə ola bilər.
Yuxu apnesi həmçinin ürək çatışmazlığı xəstələrində müalicəni çətinləşdirir və ürək çatışmazlığının irəliləməsinə səbəb olur”.