Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsi üçün praktiki addımlar atır -Politoloq

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün təmin edilməsi və qarşılıqlı etimadın formalaşdırılması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. İstər dövlət başçıları, istər hökumət nümayəndələri, istərsə də rəsmi şəxslər arasında aparılan dialoqlar iki ölkə arasında mövcud problemlərin dinc yollarla həllinə, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bu görüşlər həm də gələcəkdə daha geniş regional layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Keçirilən görüşlərdən biri də Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında baş tutub.

Politoloq Azad Məsiyev Sherg.az-a 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni situasiyanın formalaşdığını deyib: 

"Yaranmış vəziyyət Azərbaycanın apardığı xarici və daxili siyasətin məntiqi nəticəsidir. Azərbaycan regionda aparıcı dövlət olaraq regionda stabilliyi inkişaf etdirməyə çalışır. Rəsmi Bakı sülhün əldə edilməsi üçün müntəzəm şəkildə Ermənistanla danışıq tərəfdarıdır. Bu danışıqlar da müntəzəm şəkildə davam edir. İstər prezident səviyyəsində, istər baş nazirin müavinləri səviyyəsində, istərsə də Prezident Administrasiyasının nümayəndələri müntəzəm şəkildə belə görüşlər keçirirlər. Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsindən dərhal sonra beş təməl prinsipdən ibarət sülh təşəbbüsü ilə çıxış etdi. Məqsəd Cənubi Qafqazda stabillik yaratmaq və sülh bərqərar edildikdən sonra böyük qlobal layihələri həyata keçirmək idi. Bu baxımdan Ermənistan-Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılsa da, hələlik sülh sazişi imzalanmayıb. Bu da Ermənistanın Konstitusiyası ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü tanımaması və torpaq iddialarının Konstitusiyada göstərilməsi ilə bağlıdır".

Analitik qeyd edib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsi üçün praktiki addımlar atır: 

"Rəsmi Bakı Ermənistana yüklərin daşınmasında konstruktiv mövqe göstərir, tranzit yüklərin keçməsinə şərait yaradır, eyni zamanda Azərbaycan yanacağının Ermənistana satılması prosesini həyata keçirir. Bu faktlar onu göstərir ki, Azərbaycan dövləti ümumilikdə praktiki olaraq sülhün bərqərar edilməsi üçün irəliyə doğru addımlar atır. Bu işlər də dövlət məmurlarının apardığı danışıqlar əsasında həyata keçirilməkdədir. Bu yaxınlarda Ermənistan nümayəndələri ilə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevin görüşməsi yaranmış vəziyyəti daha da irəli aparmaq və hər iki tərəf arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Sülh sazişinin əldə edilməsi üçün Ermənistan real addımlar atmalıdır ki, daha böyük qlobal layihələr həyata keçirilsin. Ermənistan nəqliyyat infrastrukturunu Naxçıvanla aşmalıdır. Bu təkcə Naxçıvan-Azərbaycan məsələsi deyil, ümumilikdə Zəngəzur dəhlizi ilə əlaqədar Orta dəhlizin bir qolunun praktiki, işlək vəziyyətə gətirilməsi baxımından vacib məsələdir".

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh sazişindən başqa, istər siyasi, istərsə də iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün müntəzəm dialoqun aparılması vacibdir:

"Uzun müddətdir ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirilib. Bu psixoloji məqamı aradan qaldırmaq üçün dövlət rəsmilərinin görüşləri vacib məsələdir. Bu görüşlər qarşılıqlı anlaşma yaradır, problemlərin dinc yolla aradan qaldırılması və qarşılıqlı anlaşmanın formalaşdırılması üçün diskussiyaların aparılmasına şərait yaradır. Xüsusilə də Prezident Administrasiyasının xarici məsələlər üzrə şöbə müdiri Hikmət Hacıyevin bu görüşünün Ermənistanda keçirilən seçkilərdən dərhal sonra baş tutması, Ermənistanda referendumun keçirilməsi və sülh sazişinin imzalanması üçün praktiki addımların müzakirə olunması baxımından əhəmiyyətlidir. Çünki sülh sazişi imzalandıqdan sonra artıq daha qlobal məsələlər və daha ciddi layihələr həyata keçirilə bilər. Bu isə mütləq şəkildə dialoqdan keçir. Bu cür problemlərin həlli iki dövlət rəsmisinin görüşlərinin nəticəsi olaraq qarşılıqlı addımların atılması ilə mümkündür".

Müsahibimiz vurğulayıb ki, bu cür görüşlər gələcəkdə dövlət başçılarının görüşünə hazırlıq mərhələsidir: 

"Ermənistanda keçirilən seçkilərdən sonra cəmiyyətdə yeni siyasi situasiya yaranır. Qonşularla münasibətlərin yumşalmasına doğru indiki baş nazir seçkilər ərəfəsində bir çox bəyanatlar verdi. Bu bəyanatların praktiki həyata keçirilməsi üçün dövlət rəsmilərinin görüşləri vacib məsələdir. Gələcəkdə atılacaq addımların konturları hazırda müzakirə edilməkdədir. Bu sahədə Hikmət Hacıyevin kifayət qədər nəzəri və praktiki təcrübəsi var. O bu təcrübədən bəhrələnərək Azərbaycanın haqlı və prinsipial mövqeyini həmişə müdafiə edib və bundan sonra da müdafiə edəcəkdir".