Bayaq "İnstagram"da qarşıma çıxdı: Türkiyəli bir professor danışırdı ki, yaxın zamanda dünyada yeni bir dəhşətli virus yayılacaq, xeyli adam öləcək. Üstündən çox keçmədi ki, saytlardan birində nüvə müharibəsi riskinin artdığını, üçüncü dünya savaşının hər an başlaya biləcəyini oxudum. Bu yazını yazmağa qərar verməzdən əvvəl isə daha dəhşətli məlumatla tanış oldum: dünyanı dəyişirlər, insanlar robotlaşır...
...İndi başqa şeydən danışım: İki həftədir ki, dünən rayona getmək barədə planlar qururdum. Hər şey qaydasında idi. Bilmirəm taleyin hökmündənmi, işin tərsliyindənmi gedə bilmədim. Üstəlik, həmin günümü istirahətdə yox, xəstəxanada keçirdim. Mən saydığım saydım, fələk də sözünü dedi.
Məyus oldum. Təkcə ona görə ki, dostlarımla rayona gedə bilmədim. Həm də ona görə ki, planım pozuldu. Qaçhaqovdan macal tapmaq üçün düşən fürsət sağlamlığımla məşğul olarkən "qiymətləndirməli oldum"...
Amma özümə söz verdim: bunu kompensasiya edəcəm. Taleyə qarşı çıxacam, onun məni məyus etməsinə imkan verməyəcəm. Axı buna layiq deyiləm. Əksinə, mən də gülməli, əylənməliyəm. Özü də belə zamanda...
...Dünyada baş verən hadisələr indi bizə adi gəlir. Amma planet gözümüzün qabağında dağılır. Bu həngamənin qarşısını almaq isə asan görünmür. Verilən proqnozlar da bu yöndədir.
Nə koronavirus pandemiyası gözlənilən idi, nə dörd ildir davam edən Rusiya- Ukrayna müharibəsi, nə də burnumuzun dibindəki ABŞ-İsrail cütlüyü ilə İran arasındakı savaş. Günün birində gözümü açacağıq ki, yeni bir müharibə başlayıb, ya da hazırkı münaqişələrə fərqli ölkələr də qoşulub, təzə pandemiya elan olunub və ya ən qorxulusu: Nüvə müharibəsi başlayıb...
Bəlkə də, elə yuxudan dəhşətli səs-küylə oyanacağıq. Ya da...
Yəni bir gün sonuncusu olacaq və bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq. Bu günün nə zaman gələcəyini isə dəqiq bilmirik. Amma yaxınlaşır.
...Elə hay harasa qaçırıq. Tələsirik, bəzən heç səbəbini də bilmədən: Təkcə işə, dərsə yox ha, elə şəhərdə gəzərkən, kimləsə danışarkən tələsirik. Arxamızda qaçanmı var?
Ola bilsin, başa düşürük, hətta özümüzə etiraf etməsək də anlayırıq ki, dünyaya etibar yoxdur.
Məncə, bol-bol, dolu-dola və doya-doya yaşamağa ehtiyav var. Əgər sabah nə olacağını bilmiriksə, istədiyimiz kimi, gecikmədən yaşayaq bu həyatı, gülək, sevdiklərimizi incitməyək...
KƏNAN Novruzov