Son xəbərlər

Hafterin Türkiyəyə səfəri Yunanıstanda narahatlıq yaratdı: “Afina üçün ağır hesab”

Liviya Milli Ordusunun baş komandanı Xəlifə Hafterin Türkiyəyə ilk rəsmi səfəri Yunanıstan mətbuatında geniş müzakirələrə səbəb olub. Afina mediası Ankara ilə Benqazi arasında yaxınlaşmanı Şərqi Aralıq dənizində Yunanıstanın mövqeləri üçün ciddi çağırış kimi qiymətləndirir.

Sherg.az xəbər verir ki, Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış dəniz yurisdiksiyası sahələrinin delimitasiyası haqqında memorandumun Benqazi tərəfindən təsdiqlənməsi və Ankarada “Vahid Liviya” platformasının yaradılmasından sonra iki ölkə arasında diplomatik təmaslar intensivləşib. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Xəlifə Hafter Ankaraya ilk rəsmi səfərini edib.

Yunanıstanın “To Vima” nəşri səfərin diqqətçəkən vaxtda baş tutduğunu yazıb. Nəşr bunu Liviyanın şərqindəki parlamentin Türkiyə ilə dəniz sərhədlərinin delimitasiyası haqqında sazişi təsdiqləməsindən sonra Afina ilə Ankara arasındakı fikir ayrılıqlarının fonunda baş verən mühüm hadisə kimi dəyərləndirib.

“Liberal” nəşri isə Türkiyə ilə Şərqi Liviya arasında münasibətlərdə yeni səhifənin açıldığını vurğulayıb.

“Politica” nəşri Ərdoğanın Liviyada sülh yaratmaq səylərinin “Afina üçün hazırlanmış hesab”a çevrilə biləcəyini iddia edib. Yazıda Türkiyənin Liviya ilə yanaşı, Somaliyə qədər Afrikada iqtisadi təsirini artırdığı, Şərqi Aralıq dənizində isə Yunanıstan üçün təzyiqin gücləndiyi bildirilib.

İtaliyanın “Politico Web” nəşri də Türkiyənin Liviyanın hər iki siyasi mərkəzi ilə danışıqlar apardığına diqqət çəkib. Nəşrin fikrincə, Ankara dəniz sazişi və Liviya ordusunun birləşdirilməsi prosesində həlledici rol oynasa, ölkənin enerji ehtiyatları və sahil zolağı ilə bağlı gələcək qərarlarda əsas söz sahibi ola bilər.