İran hökuməti radikal mövqeyindən geri çəkilməlidir - POLİTOLOQ

  • “Söhbət Hörmüz boğazının bağlanması və Körfəz ölkələrinin bombalanmasından gedir"

İran və ABŞ arasındakı toqquşma bütün Yaxın Şərqi raket yağışına bürüyüb. ABŞ bu gün İrana qarşı doqquzuncu hücum dalğasını başa çatdırıb. Artıq hərbi obyektlərlə yanaşı, ekoloji baxımdan ciddi risk yaradan atom elektrik stansiyaları da hədəf alınır.

İordaniya və İraqda amerikalı hərbçilərin həlak olmasından sonra hücumlar intensivləşib. Lakin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqainin bugünkü açıqlaması diplomatik təmasların yenidən bərqərar olacağına dair ümidləri artırıb. O bildirib ki, İran tərəfi vasitəçilərdən gərginliyin azaldılmasına dair təkliflər alıb. Parlament sədri Məhəmmədbaqır Qalibaf isə ABŞ-ni müharibəni dayandırmağa hazır olması barədə sözlərini əməlləri ilə təsdiqləməyə çağırıb.

Mövzu ilə bağlı politoloq Zaur İbrahimli Sherg.az-a bildirib ki, eskalasiyanın artması tərəflərin heç birinin maraqlarına cavab vermir:

“Ritorikanın sərtləşməsinə baxmayaraq, reallıqda ABŞ müharibənin bütün Yaxın Şərq regionunu əhatə etməsini istəmir. Rəsmi Tehran da müharibənin miqyasının böyüməsində və özünə qarşı anti-İran koalisiyasının yaranmasında maraqlı deyil. Nəzərə alaq ki, ABŞ prezidenti dəfələrlə Körfəz ölkələrinə İrana qarşı birləşmək çağırışı edib. İran bu təhlükənin fərqindədir. Tərəflərin danışıqlar masasına əyləşmək şansı hələ də var. 14 bəndlik İslamabad memorandumu əsas olaraq götürülə bilər. Bu memorandum atəşkəsdən sonrakı danışıqların ümumi parametrlərini müəyyən edir”. 

Politoloqun sözlərinə görə, ilk növbədə İran hökuməti radikal mövqeyindən geri çəkilməlidir:

“Söhbət Hörmüz boğazının bağlanması və Körfəz ölkələrinin bombalanmasından gedir. Hər iki məsələdə rəsmi Tehran mövqeyini yumşaldacağı təqdirdə, ABŞ dərhal masaya qayıtmağa hazırdır. Müharibənin müəyyən fasilələrlə uzun müddət davam etməsi də istisna deyil. Amma tərəflərin strateji məhdudiyyətləri var. ABŞ-də noyabrın 3-də Konqresə seçkilər keçiriləcək. Rəsmi Tehranın isə hərtərəfli dəniz blokadasına uzun müddət tab gətirəcəyi mübahisəlidir. Ölkənin sosial və iqtisadi sahədəki durumu da ürəkaçan deyil. Hazırda müharibənin bitməsinə dair İranın siyasi rəhbərliyi ilə hərbi rəhbərliyi arasında ciddi fikir ayrılıqları var. Əminəm ki, tərəflər danışıqlar masasına qayıtmağa məcbur qalacaqlar".