“Bu gün beynəlxalq sistemin çatlarından yeni səslər yüksəlir. Almaniyanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyü üçün gözlədiyi dəstəyi ala bilməməsi, Qırğızıstanın isə ilk dəfə masada yer alması qlobal güc tarazlığındakı böyük dəyişikliklərin yaxınlaşdığını göstərir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
“Bu hadisə Qərbin gizlədilməsi mümkün olmayan ikili standartlarının, Qəzza qarşısındakı məntiqə sığmayan susqunluğunun və türk dünyasının getdikcə artan nüfuzunun ifadəsinə çevrilən, köhnə dünyanın qəliblərini dağıdan güclü siqnaldır. Cənubi Asiyadan Mərkəzi Afrikaya, Şərqi Türküstandan Anadoluya, Balkandan Qafqaza, Yaxın Şərqdən Türküstan çöllərinə qədər uzanan geniş coğrafiyada ədalət, təhlükəsizlik, azadlıq və haqq tələbi yüksəlməkdədir.
Bu geniş coğrafiyanın bəzi yerlərində soydaşlarımız öz kimliklərini, dillərini və mədəniyyətlərini qoruyub saxlamaq uğrunda mübarizə aparır, bəzi yerlərində müsəlman qardaşlarımız müharibənin, yoxsulluğun, işğalın və istismarın ağır yükünü daşıyır, bəzi yerlərdə isə məzlum xalqlar öz taleləri üzərində söz sahibi olmaq həsrəti ilə gözləyirlər. Türk dünyası da məhz bu böyük axtarışın içərisində hər keçən gün daha görünən, daha təsirli və daha nüfuzlu mövqeyə yüksəlir. Mərkəzi Asiyadan Anadoluya qədər uzanan bu xətt soydaşlarımızın dualarına vəsilə olan, müsəlman qardaşlarımızın ağrı-acılarına çarə axtaran, məzlum xalqların hüquqlarını və həssaslıqlarını qlobal müstəviyə daşıyan yeni əsrin strateji damarlarından biridir”, - MHP lideri vurğulayıb.