Bu gün Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və güclü dövlətçilik ənənələrinin təcəssümüdür. Ölkənin müasir tarixində mühüm dönüş nöqtəsi hesab edilən 15 İyun dövlətçilik ənənələrinin qorunması, siyasi sabitliyin təmin olunması və müstəqilliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Azay Quliyev Sherg.az-a açıqlamasında bu tarixi Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi, xalqın ümidsizlikdən ümidə, xaosdan sabitliyə, parçalanmaq təhlükəsindən isə güclü dövlət quruculuğu mərhələsinə qədəm qoyduğu böyük gün kimi dəyərləndirib:

"Tarix dəfələrlə sübut edib ki, dövlətlər təkcə xarici təcavüz nəticəsində deyil, həm də daxildə səriştəsiz idarəçilik, məsuliyyətsiz siyasi qərarlar və milli maraqlara zidd fəaliyyət səbəbindən zəifləyə və hətta məhv ola bilərlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məhz belə bir ağır sınaqla üzləşdi. 1992–1993-cü illərdə hakimiyyətdə olmuş AXC–Müsavat cütlüyünün dövlət idarəçiliyində yol verdiyi ciddi nöqsanlar, siyasi səriştəsizlik və bacarıqsızlıq ölkəni uçurumun kənarına gətirib çıxardı. Hakimiyyət daxilində bitməyən çəkişmələr, siyasi populizm, xarici siyasətdə yol verilən kobud səhvlər, həmçinin şəxsi ambisiyaların milli maraqlardan üstün tutulması, dövlət institutlarının zəiflədilməsi, qanunsuz silahlı dəstələrin özbaşınalığı və idarəetmədə peşəkarlığın olmaması nəticəsində ölkədə anarxiya və hakimiyyət böhranı hökm sürürdü. Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsi başlamış, müxtəlif bölgələrdə separatizm baş qaldırmış, dövlət hakimiyyətinin nüfuzu ciddi şəkildə sarsılmışdı. Şuşa, Laçın və Kəlbəcər milli xəyanət nəticəsində işğal olunmuş, digər rayonların işğalı üçün əlverişli şərait yaranmış, yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşmüşdü. Bir sözlə, Azərbaycan bir dövlət kimi parçalanmaq, müstəqilliyini itirmək və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir çıxılmaz məqamda xalq öz xilasını siyasi avantüralarda deyil, Azərbaycana ləyaqətlə xidmət etmiş, sovetlər dönəmində ölkəni ən geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirmiş, fundamental dövlətçilik məktəbi formalaşdırmış, zəngin idarəçilik təcrübəsinə malik, qətiyyətli və uzaqgörən Liderin, Heydər Əliyevin şəxsiyyətində gördü. Onun 1993-cü ilin iyununda yenidən hakimiyyətə dəvət olunması adi siyasi proses deyildi, milli iradənin təntənəsi və dövlətçiliyin özünümüdafiə instinktinin təzahürü idi. Heydər Əliyev xalqının düşdüyü acınacaqlı vəziyyətə laqeyd qala bilmədi, həyatını və şəxsi təhlükəsizliyini riskə ataraq məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanı parçalanmaqdan, vətəndaş qarşıdurmasından və dövlət müstəqilliyini itirmək riskindən xilas etdi".
Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətinin böyüklüyü yalnız mövcud böhranı aradan qaldırmasında və müstəqilliyimizi xilas etməsində deyildi, həm də gələcəyin, güclü Azərbaycanın təməlini qoymasında idi:
" Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyi yenidən quruldu, qanunun aliliyi bərpa olundu, nizami ordu quruculuğuna başlanıldı, beynəlxalq münasibətlər sistemi formalaşdırıldı və iqtisadi inkişaf strategiyası müəyyən edildi. O, Azərbaycan xalqına yalnız sabitlik deyil, həm də öz dövlətinə inamı qaytardı. Milli Qurtuluş Günü həm də sübut etdi ki, güclü dövlət təsadüflər nəticəsində deyil, peşəkar idarəçilik, milli həmrəylik və uzaqgörən siyasi liderlik sayəsində qurulur. Əgər 1993-cü ildə Azərbaycan doğru seçimi etməsəydi, Heydər Əliyev Milli Qurtuluş savaşına başlayıb onu qalibiyyətlə başa çatdırmasaydı, dəfələrlə törədilən terror aktlarının və dövlət çevrilişi cəhdlərinin qarşısını ala bilməsəydi, indi nə müstəqil dövlətimiz, nə də bütöv və suveren Azərbaycanımız olardı. Bu mənada Qurtuluş Günü bizə bir həqiqəti təkrar xatırladır ki, müstəqil dövlət bir dəfə qazanılıb unudulan sərvət deyil, onu hər gün qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə daha güclü şəkildə ötürmək lazımdır. Məhz buna görə 15 İyun Azərbaycan dövlətinin dünənini xilas edən, bu gününü qüdrətləndirən və sabahını müəyyənləşdirən milli iradənin təcəssümüdür. Məhz elə bu məqamda bir məsələni də xüsusi qeyd etmək istərdim ki, tarixi proseslərin ən diqqətçəkən xüsusiyyətlərindən biri onların davamlılıq prinsipidir. Lakin tarixdən yaxşı bilirik ki, dövlətçiliyin davamlılıq prinsipi heç də hər xalqa həmişə nəsib olmur. Azərbaycan xalqı bu tarixi mərhələdə də müdrik və doğru qərar verdi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövləti cənab İlham Əliyevə həvalə etdi".
A. Quliyevin sözlərinə görə, məhz Prezident İlham Əliyev Heydər Əliyevin başladığı bütün işləri və tarixi missiyanı uğurla başa çatdırıb:
"Cənab Prezidentin Ulu Öndərin siyasi kursuna və milli maraqlara sarsılmaz bağlılığı, xalqına olan sonsuz sevgisi, yüksək diplomatik məharəti, qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan öz tarixinin ən şanlı səhifələrini yazdı. Uzun illər davam edən erməni işğalına son qoyulub, 2020-ci il Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər, daha sonra həyata keçirilən uğurlu siyasi və hərbi addımlar nəticəsində Qarabağ və işğal altında olmuş bütün torpaqlarımız azad edilib. Bununla, Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi tam, qəti və dönməz şəkildə bərpa olunub. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş torpaqlarda dalğalanması tarixi ədalətin və milli qürurumuzun təntənəsinə çevrilib. Əgər 15 İyun 1993-cü ildə Azərbaycan dövlətçiliyinin xilası günü idisə, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər həmin qurtuluşun məntiqi davamı, milli iradənin ən yüksək zirvəsi oldu. Bir tərəfdə dövləti məhv olmaq təhlükəsindən xilas edən siyasi müdriklik, digər tərəfdə isə həmin dövləti qalib və tam suveren ölkəyə çevirən qətiyyətli liderlik dayanır. Bu mənada Heydər Əliyevin Xilaskarlıq missiyası ilə Prezident İlham Əliyevin Zəfər missiyası vahid tarixi zəncirin ayrılmaz həlqələridir.15 İyun buna görə də yalnız bir bayram deyil – Azərbaycanın xilasının, müstəqilliyinin möhkəmlənməsinin, dövlətçilik iradəsinin və tarixi Zəfərlə tamamlanan milli yüksəliş yolunun rəmzidir. Bu günün ən böyük mesajı ondan ibarətdir ki, Azərbaycan xalqı doğru liderlik, sarsılmaz birlik və milli maraqlara sədaqət sayəsində ən ağır sınaqlardan belə qalib çıxmağı bacaran bir xalqdır".