- “Uşaq cəmiyyətin qızıl fondudur. Zorakılıq gələcək nəsli məhv edir"
Uşaq bağçalarında şiddət halları getdikcə çoxalır. Özünü müdafiə etməkdən aciz, qayğıya möhtac olan azyaşlı görəsən hansı “günah”ın sahibi hesab edilərək aqressiyaya məruz qalır? Uşaq bağçaları uşaqların qayğı ilə əhatələndiyi, valideynlərin övladlarının təhlükəsizliyindən arxayın olduğu məkan statusunu itirməkdədir artıq. Hər gün hansısa uşaq bağçasında şiddət, zorakılıq faktları ictimaiyyətə açıqlanır.
Bu günlərdə valideyn Elnur Əliyev “Kayu” uşaq bağçasında oğlunun bədəninin müxətlif zədələr aldığı barədə sosial şəbəkədə yazıb: “Hər gün uşağı hansısa bir yerində göyərmələrlə evə gətirirdim”. Uşaqlara qarşı bağça müəllim-tərbiyəçilərinin, baxıcıların bu aqressiyasının səbəbi nədir?
Sosioloq Naib Niftəliyev Sherg.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, uşaq bağçaları məktəbəqədər təhsil müəssisəsi kimi uşağın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Azərbaycanda da bu müəssisələrin fəaliyyət şəbəkəsi kifayət qədər genişdir. Həm dövlət, həm də özəl bağçalar bu istiqamətdə müəyyən qədər mütərəqqi fəaliyyət göstərirlər. Lakin şiddət və zorakılıq halların artması ilə bağlı məlumatlar yayılır. Bir neçə belə fakt mövcuddur. Hətta son faktlardan birində uşaq psixoloqunun autizmli uşağa kobud münasibəti və davranışı ilə bağlı müəyyən müzakirələr də yaranmışdı:
- Yaxın günlərdə diqqətimizdə olan və dəfələrlə müzakirə etdiyimiz məsələlərdən biri də budur ki, uşaq bağçalarında uşaqların inkişafı və tərbiyəsi ilə məşğul olan şəxslərin pedaqoji təcrübəsi, peşə hazırlığı və uşaqlarla işləmək bacarığı yüksək səviyyədə olmalıdır. Onlar uşağın davranışını, psixologiyasını yaxından bilməli və onu düzgün istiqamətləndirməyi bacarmalıdırlar. Amma təəssüf ki, bəzən müəyyən şəxslər bu məsuliyyətin ağırlığını ya dərk etmirlər, ya da dərk etsələr belə, öz üzərlərinə düşən məsuliyyəti tam şəkildə qəbul etmək istəmirlər. Uşaqların həssas davranışlarına, dəcəlliyinə və nəzarətdən kənar hərəkətlərinə düzgün yanaşmaq əvəzinə, onlara qarşı kobud və zorakı münasibət göstərirlər. Əslində, uşaqların davranışları müxtəlif ola bilər. Bizim üçün adi və normal görünən bir davranış digər insan üçün qeyri-adekvat görünə bilər. Hər kəs öz həyat təcrübəsindən çıxış edərək uşağın davranışına münasibət bildirir. İnsan öz uşaqlığını xatırlayır və buna müəyyən təbəssümlə yanaşır. Xüsusilə məktəbəqədər yaş dövründə uşaqlar hələ bir çox vəziyyətləri tam dərk edə bilmirlər. Eyni zamanda, bu dövr onların şəxsiyyətinin sürətlə formalaşdığı mühüm mərhələdir. Bu yaş xüsusiyyətlərinə xas müəyyən davranışlar mövcuddur və böyüklər bunu nəzərə almalıdırlar.
Sosioloq qeyd etdi ki, uşaqlara aqressiv yanaşmaq, onları döymək, qorxutmaq və incitməklə idarə etməyə çalışmaq yolverilməzdir. Bu, əslində, gələcək nəslin psixoloji sağlamlığına ciddi zərbə vurmaq deməkdir:
- Təbii ki, valideynin və ya tərbiyəçinin müəyyən tələbləri ola bilər. Lakin bu tələbləri zorakı davranışa çevirmək, uşağı qorxu içində saxlamaq və onda psixoloji travmalar yaratmaq heç bir halda qəbul edilə bilməz. Xüsusilə də belə halların kütləviləşməsi təhlükəlidir. Çünki bir uşaq döyülür və ya zorakılığa məruz qalırsa, digər uşaqlar da bunu nümunə kimi qəbul edə və zorakılığı tərbiyə üsulu hesab edə bilərlər. Bu isə cəmiyyət üçün çox ciddi problemdir. Ümumiyyətlə, uşağın tərbiyəsində fiziki cəza yolverilməzdir. Döymək, zorakılıq və işgəncə heç vaxt tərbiyə vasitəsi ola bilməz. Bununla bağlı həm qanunvericilikdə müvafiq müddəalar və sanksiyalar var, həm də peşə etikası deyilən anlayış mövcuddur. Uşaq bağçaya və məktəbə döyülmək, söyülmək və incidilmək üçün göndərilmir. O, tərbiyə olunmaq, müəyyən bilik və bacarıqları mənimsəmək, yaşıdları və digər uşaqlar arasında sosial vərdişlər və keyfiyyətlər əldə etmək üçün həmin mühitə daxil olur. Uşaq gələcəkdə birlikdə çalışacağı, birlikdə həyat quracağı insanları elə erkən yaşlarından tanımağa başlayır. Məqsəd onun daha sosial, düşüncəli, həssas, bilikli və hazırlıqlı, cəmiyyətə inteqrasiya olunmuş şəxsiyyət kimi formalaşmasına şərait yaratmaqdır. Bu, təlim-tərbiyə prosesinin və bütövlükdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
N.Niftəliyev bildirdi ki, bu məsələdə mənəvi-psixoloji, sosial-psixoloji, sosial-siyasi və sosial-etik məsələlər bir-birini tamamlayır. Uşaqların tərbiyəsi dövlət siyasətinin də əsas istiqamətlərindən biridir:
- Uşaqlar və gənclər cəmiyyətin gələcəyidir. Yeni dünyaya gələn hər bir uşaq cəmiyyətin qızıl fondudur. Cəmiyyət uşaqsız tənəzzülə və deqradasiyaya məhkumdur. Bu baxımdan, maraqlı bir statistik göstəriciyə də diqqət çəkmək istəyirəm. Artıq dünyada 65 yaşdan yuxarı insanların sayı 5 yaşadək uşaqların sayını üstələyib. Bu, əhalinin qocalmasını, uşaqlara göstərilən qayğının müəyyən mənada zəifləməsini və insanların uşaq sahibi olmaq istəyinin azalmasını ifadə edən göstəricilərdən biridir. Düzdür, kimsə bunu sosial və iqtisadi vəziyyətlə izah edə bilər. Amma nəzərə almalıyıq ki, yeni nəsil daha çox komforta üstünlük verir və bəzən uşaqların davranışlarına qarşı dözümsüz münasibət göstərilir. Mən deməzdim ki, tərbiyəçilərin və digər pedaqoji işçilərin seçimində yalnız struktur dəyişiklikləri ilə kifayətlənmək lazımdır. Eyni zamanda, uşaqlara qarşı zorakı davranışlara yol verən şəxslərlə bağlı adekvat qərarlar qəbul edilməlidir. Bəzən müasirlikdən və yenilikdən çox danışan insanların özləri potensial zorakılıq daşıyıcısına çevrilə bilirlər. Görürsən ki, insanın təhsili var, hər şey qaydasındadır, normal danışır və davranır. Amma pərdə arxasında uşağa tərbiyə vermək əvəzinə, onu təhdid edir, qorxu ilə idarə edir və bununla da öz vəzifəsini yerinə yetirdiyini düşünür. Valideynlər də bu məsələdə məsuliyyət daşıyırlar. Onlar övladlarının bütün ehtiyaclarının qarşılanmasını və diqqət mərkəzində olmasını istəyirlər. Bəzən bəzi valideynlər pedaqoqların, tərbiyəçilərin və müəllimlərin müxtəlif istəklərini könüllü və ya könülsüz şəkildə yerinə yetirirlər. Lakin bunun müqabilində onların uşaqları döyülür, söyülür, incidilir və hər hansı zorakılığa məruz qalırsa, bu, gələcək üçün çox mənfi siqnallar verən ciddi problemdir. Əgər belə hallar artıq tendensiyaya çevrilirsə, həm dövlətin, həm cəmiyyətin, həm də insanların kəskin ictimai qınağına və fəal sosial mübarizəsinə ehtiyac var. Bu baxımdan düşünürəm ki, həm müəllimlərin və tərbiyəçilərin seçilməsi ilə bağlı tələblər sərtləşdirilməli, həm də şəffaf nəzarət mexanizmləri genişləndirilməlidir.
Sosioloq bu fikirdədir ki, müşahidə kameraları vasitəsilə uşaqların tərbiyəsi və təlimi prosesi şəffaf şəkildə həm valideynlər, həm də rəhbərlik tərəfindən izlənilə bilər. Hətta müəyyən hallarda bu nəzarət anonim şəkildə həyata keçirilə bilər. Hər kəs bilməlidir ki, prosesə nəzarət olunur. Bununla yanaşı, daha keyfiyyətli tərbiyə və daha yüksək nəticə göstərən pedaqoqlar müvafiq şəkildə qiymətləndirilməli və təşviq olunmalıdırlar. Digər tərəfdən, işini bilməyən, uşaqlara qarşı zorakılıq tətbiq edən, onları incidən və psixoloji və ya fiziki travmaya məruz qoyan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir:
- Fiziki şiddət uşağın şəxsiyyətinə ciddi zərbə vurur və onun gələcək inkişafına mənfi təsir göstərə bilər. Əlbəttə, belə hallara yol verən şəxsin işsiz qalması hər zaman ən optimal həll olmaya bilər. Lakin əgər həmin şəxs uşaq tərbiyəsini və pedaqoji fəaliyyəti bacarmırsa, onun bacarıqlarına və potensialına uyğun, uşaqlarla təmasda olmadığı və zorakı davranış göstərmək imkanının olmadığı başqa iş sahəsinə yönləndirilməsi də nəzərdən keçirilə bilər. Bu, eyni zamanda, cəmiyyətin sağlam ruhunun, sağlam tərbiyənin və sağlam inkişafın formalaşdırılmasına xidmət edər. Ümumiyyətlə, bu problemin həlli üçün tədbirlər və yollar çoxdur. Məsələ həm dövlət siyasəti, həm sosial siyasət, həm ailə və uşaq siyasəti ilə bağlıdır. Eyni zamanda, dövlətin sosial inkişaf strategiyasının tərkib hissəsi kimi müxtəlif alternativlər, sosial proqramlar və xidmətlərin təkmilləşdirilməsi kontekstində də nəzərdən keçirilə bilər.