Üz əməliyyatı keçirən Didem Ceran HAMIDAN ÜZR İSTƏDİ

“Survivor” yarışması ilə tanınan Didem Ceran Cənubi Koreyada keçirdiyi əməliyyatlardan sonra sağlamlıq vəziyyəti ilə bağlı yeni paylaşım edib.

Sherg.az xəbər verir ki, Ceran 2022-ci ildə keçirdiyi bəzi estetik müdaxilələrdən sonra üzündə yaranan deformasiyaları aradan qaldırmaq üçün daha genişmiqyaslı əməliyyata qərar vermişdi.

15 saat davam edən mürəkkəb cərrahi əməliyyatdan sonra üz quruluşu yenidən formalaşdırılan Ceran son görüntüləri ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Əməliyyatdan səkkiz gün sonra paylaşdığı videoda izləyicilərinə müraciət edən Ceran bir neçə gün ərzində xəbər vermədiyi üçün üzr istəyib.

“Bir neçə gündür heç nə paylaşmırdım. Amma mənim üçün narahat olan, dua edən insanların sevgisini o qədər güclü hiss etdim ki, yaxşı olduğumu göstərməli olduğumu anladım. Sizi narahat etdiyim və günlərlə xəbər vermədiyim üçün hamınızdan üzr istəyirəm”, - deyə o bildirib.

Ceran hazırda sürətlə sağaldığını vurğulayaraq, müalicə aldığı xəstəxananın bərpa prosesi üçün bütün imkanlardan istifadə etdiyini qeyd edib.

“Bu gün əməliyyatımın səkkizinci günüdür. Üzümdəki görüntü sizi qorxutmasın, çox sürətlə sağalıram. Həkimlər və xəstəxana komandası mənim sağalmağım üçün əllərindən gələni edirlər”,- deyə o əlavə edib.

Paylaşımından sonra sosial şəbəkə istifadəçiləri Cerana çoxsaylı “keçmiş olsun” mesajları göndəriblər.