Atatürkün “Bu atı tapın” əmri türk atçılığının taleyini dəyişdi

Kömür mədənindən çıxarılan əfsanənin nəsli bu gün də yarışlarda qaçır

1930-cu illərin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk xarici qəzetlərin birində gördüyü ərəb mənşəli safqan atın fotosundan təsirlənərək yaxın silahdaşı Salih Bozoka belə bir göstəriş verir:

“Bu atı tapın. Atçılığımızın təməlini onunla quraq.”

Bu qısa tapşırıq sonradan Türkiyə safqan ərəb atçılığının tarixini dəyişən hadisələrin başlanğıcı oldu.

Ərəb atlarının nəsli yox olmaq təhlükəsi ilə üzləşmişdi

1930-cu illərdə Türkiyədə kənd təsərrüfatı və heyvandarlığın yenidən qurulması istiqamətində geniş islahatlar aparılırdı. Həmin dövrdə hazırlanan hesabatlarda ərəb atlarının tarixi vətəni sayılan Ərəbistan bölgəsində ən qiymətli qan xətlərinin sürətlə məhv olduğu bildirilirdi.

Buna görə də 1932-ci ildə Türkiyə tərəfindən xüsusi mütəxəssis qrupu yaradıldı. Baytar həkimlər M. Nurettin Aral, professor Selahattin Batu və atçılıq mütəxəssisi İhsan Akhundan ibarət heyət Mosuldan Hələbə, Bəsrədən Bağdada qədər geniş ərazidə safqan atları araşdırmağa başladı.

Əfsanəvi “Baba Sad” kömür mədənində tapıldı

Uzun axtarışlardan sonra heyət Bağdad yaxınlığındakı kömür mədənində ağır vəziyyətdə saxlanılan məşhur ayğır “Baba Sad”ı tapdı.

1928-ci ildə doğulan bu safqan ərəb atı vaxtilə Bağdad və Bombey hipodromlarının əfsanəsi hesab olunurdu. Demək olar ki, bütün yarışları qazanmışdı. Hətta Hindistandan onu damazlıq məqsədilə almaq üçün böyük məbləğdə təklif verilmişdi.

Lakin bir yarışda jokeyin səhvi nəticəsində məğlub olduqdan sonra sahibi onu cəzalandıraraq kömür mədənində yük daşımağa məcbur etmişdi.

Türk nümayəndə heyəti aylarla davam edən danışıqlardan sonra “Baba Sad”ı 1933-cü ildə satın alaraq Türkiyəyə gətirdi. Şərt yalnız bir idi: o, bir daha yarışlarda iştirak etməyəcək, yalnız damazlıq məqsədilə istifadə olunacaqdı.

“Baba Kuruş”un itkisi Suriyada böyük hadisə olmuşdu

Türkiyəyə gətirilən digər əfsanəvi ayğır “Baba Kuruş” idi.

1921-ci ildə Suriyanın Halbe kəndində doğulan bu safqan ərəb atı məşhur Kuruş qan xəttinin ən qiymətli nümayəndələrindən biri hesab olunurdu. Onun balaları Suriya və Misirdə keçirilən yarışlarda böyük uğurlar qazanırdı.

Türkiyə tərəfindən satın alınaraq ölkəyə gətiriləndə bölgənin tanınmış yetişdiricilərindən biri belə demişdi:

“Suriya və Livan ərəb atçılığı böyük itki verdi.”

Türk yarışçılığının təməli oldular

“Baba Sad” və “Baba Kuruş” Türkiyəyə gətirildikdən sonra Bursa bölgəsində yerləşən Karacabey Harasında damazlıq kimi istifadə edilməyə başlandı.

“Baba Sad” 17 il ərzində 147 tay verdi. Onun nəslindən çıxan Akbatur, Albatur, Özgünhan, Kafkaslı və digər məşhur atlar türk yarışçılığının simvollarına çevrildi.

“Baba Kuruş” isə 11 il ərzində 141 tayın atası oldu. Güclü skelet quruluşu, dözümlülüyü və yarış xarakteri ilə seçilən bu qan xətti bu gün də yüksək qiymətləndirilir.

“Kuruş yatdı, qalxmaz...”

1945-ci ildə “Baba Kuruş” ağır xəstələndi. Onun vəziyyəti ilə bağlı Ankaraya davamlı məlumat göndərilirdi.

Rəvayətə görə, rəhbərlikdən “Atı sağaldın, ölüm xəbərini verməyin” göstərişi gəlmişdi. Lakin bütün səylərə baxmayaraq ayğır öldü.

Həmin vaxt təsərrüfatın müdiri Mümtaz bəy Ankaraya cəmi bir cümləlik teleqram göndərdi:

“Kuruş yatdı, qalxmaz.”

Bu teleqram sonradan Türkiyə atçılıq tarixinin ən məşhur sənədlərindən birinə çevrildi.

Nəsilləri bu gün də yarış meydanlarındadır

Hazırda Türkiyədə doğulan hər safqan ərəb tayına mikroçip yerləşdirilir, qan nümunəsi götürülür və DNT analizi aparılır. Bu sistem sayəsində atların nəsil şəcərəsi 7-8 nəsil geriyə qədər izlənilir.

Mütəxəssislərin sözlərinə görə, bu gün Türkiyə yarış meydanlarında çıxış edən safqan ərəb atlarının böyük hissəsinin şəcərəsində “Baba Sad” və “Baba Kuruş”un qan xətti mövcuddur.

Beləliklə, bir vaxtlar kömür mədənində unudulan “Baba Sad” və Suriyanın dağlarından gətirilən “Baba Kuruş” təkcə damazlıq ayğırlar deyil, müasir türk ərəb atçılığının əsasını qoyan tarixi simvollara çevriliblər.