Türkçülük ideologiyasının yaranması və bu ictimai fikrin intibahı XIX əsrin sonu, XX əsrin əvvələrində dünyada, xüsusən Rusiyada baş verən hadisələrlə bağlı idi. 1878-ci ildə baş verən Rus – Osmanlı maharibəsindən sonra, Rusiya cəmiyyətində panslavizm ildeyaları güclənməyə başlamışdı. Bu ideolologiyanın Rusiyanın Osmanlı təəssübkeşi hesab edilən müsəlman əhalisinə mənfi təsirinin nəticəsi olaraq, formalaşmaqda olan müsəlman burjuaziyası arasındada İslam birliyi ideyaları yaranmağa başladı. Həmin dövrdə Rusiya müsəlmanlarının böyük əksəriyyəti türk xalqları idi və bu xalqların Avropa təhsili görmüş elitar təbəqəsində xristian təəssübkeşliyi, panslavizm, pangermanizm ideyalarına qarşılıq olaraq Türk-İslam birliyi ideyaları formalaşmağa başladı. Türk-İslam birliyi ideyaları xüsusən Kazan, Kırım və Qafqaz türkləri arasında geniş yayılmışdı. Bu ideyanın formalaşmasında və gerçəkləşməsində İsmayıl bəy Qaspralı, Əbdülrəşid İbrahimov, Yusif Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi şöyük şəxsiyyətlər önəmli rol oynamışlar. 1905-ci ilin birinci rus inqilabından ruhlanan Rusiya türkləri çox sürətlə təşkilatlanaraq “Rusuya Müsəlmanları İttifaqını” yaratmışlar. Sovet dövlətinin qurucusu V. Lenin bu barədə yazırdı: “Misal üçün on milyonları təşkil edən Rusiya müsəlmanları heyrət ediləcək bir tezliklə o zamanlar müsəlmanlar ittifaqını təşkil etdilər”. Lakin rus çarizminin başlatdığı basqılar Rusiya müsəlmanlarının, daha dəqiq ifadə etsək Rusiya türklərinin başlatdığı işi tamamlamağa imkan vermədi. Osmanlı imperiyasında baş verən “Gənc Türklər” inqilabından sonra onların liderlərinin əksəriyyəti Türküyəyə köçmüş və orada türk birliyi ideyasını sistemli bir hala gətirmişlər. Amerika alimi Ç. U. Hostler bu barədə yazır: “1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində pantürkizmin ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi.”
Türk birliyi ideyasının yaranmasında və təşəkkül tapmasında önəmli rol oynayan şəxsiyyətlərdən biri də, böyük mütəfəkkir, sosioloq və siyasət tarixçisi Yusif Akçuradır. O 1876-cı ildə Simbirk şəhərində (indiki Ulyanovsk), nüfuzlü və zəngin tatar tekstil sənayeçisi Həsən Akçurinin ailəsində dünyaya göz açıb. 1883-cü ildə, atasının ölümündən sonra anası ilə bərabər İstambula köçüb. Burada atalığı, dağıstanlı Osman Bəyin təşviqi ilə “Kuleli əskəri” lisesində təhsil gördükdən sonra 1895 ilində Hərbiyyə məktəbinə girir. 1897-ci ildə, İ. Qaspralının “Tərcüman” dərgisinin yaydığı türkçülük ideyalarının təsiri ilə “Malumat Dərgisi”ndə “Şehabettin Hazret” adlı ilk məqaləsini yayınlayıb. Bu məqalə Rusiya və Osmanlı türkləri arasında tanıtım xarakterli bir yazı idi. Gənc türklərlə əlaqəsi olduğuna görə, dövlət çevrilişinə cəhddə suçlanaraq həbs olunur, hərbi tribunal tərəfindən haqqında ömürlük həbs cəzası hökmü çıxarılsa da, sonradan Osmanlı padşahının fərmanına əsasən cəzası sürgünlə əvəz edilir və o bir sıra məsləkdaşları ilə birgə Tripoliyə sürülür. Bir müddət sonra Tunisə gələrək oradan Fransaya qaçan Yusif Akçura Parisdə fəaliyyət göstərən "Gənc Türklər" təşkilatına üzv olur və "Siyasi elmlər" ixtisası üzrə təhsilini davam etdirir. Burada o A. Berqson, A. Sorel, A. Lerua-Bolye, E. Dürkqeym kimi ünlü filosof və sosioloqların mühazirələrini dinləyir. Sosial fəlsəfədə E. Butminin fikirləri onun dünyagörüşünü ciddi təsir göstərir. Bu təsir onun 1905-ci ildə yazdığl “Rusiyada inqilab haqqında” məqaləsində qabarıq görünür. Bu məqaləsində Y. Akçura Rusiya inqilabının kökünü hakimiyyətin çara və bürokratiyaya məxsus olduğu Rusiya tarixində görür. Onun fikrincə, burada hələ də Qızıl Orda qanunları hökm sürür, sadəcə Saray xanını Moskva çarı əvəz edib. Təhsilini başa vuran Y. Akçura, İstambula gedişi yasaq olduğu üçün Rusiyanın Kazan şəhərinə, əmisinin yanına gəlir, orada müəllimlik edir, ictimai-siyasi fəaliyyətlə məşğul olur. Bu dövrdə o “Kazan muxbire” qəzetinin redaktoru və “İttifaqi əl müslimun”(Müsəlman İttifaqı Partiyasının) qurucularından biri olur. Eyni zamanda Misirdə çap olunan "Şurayi-Ümmət" və "Türk" qəzetlərində imzasız xeyli məqaləsi işıq üzü görür. 1904-cü ildə Qahirədəki "Türk" qəzetində silsilə şəklində nəşr olunan 32 səhifəlik "Üç tərzi-siyasət" başlıqlı məqaləsi isə mahiyyətcə türkçülük ideologiyasının manifesti rolunu oynayır. Bu məqalədə o, Osmanlı imperatorluğunun yeni dünya düzənində yenidən toparlana bilməsi üçün reallıqda mövcud olan üç siyasi – ideoloji sistemi təklif edir (Osmançılıq, İslamçılıq, Türk millətçiliyi-türkçülük) və bunların ən uyğununun türk milliyyətçiliyi doktrini olduğunu bildirir. Birinci variantda o vahid osmanlı millətinin yaradılmasını və Osmanlı dövlətinin müxtəlif xalqlarının bu millətin içərisində əridilməsini təklif edir. İkinci variant bütün müsəlmanların Osmanlı hökmdarı ətrafında formalaşan siyasi birliyidir. Üçüncü variant isə türk birliyinə söykənən siyasi sistemin yaradılmasıdır. Türklərin dil, irq, ənənə, əxlaq, həmçinin din birliyini əsas gətirən Akçura, mövcud şəraitdə bunun daha doğru yol olduğunu söyləyir. Bunun üçün türk xalqlarının ən güclüsü, ən inkişaf etmişi olan Osmanlı türkiyəsinin ətrafında birləşməyi lazım görür. Onun XX əsrin əvvəllərində təklif etdiyi bu üç siyasi doktrin bu gün, XXI əsrin əvvəllərində də öz aktuallığını saxlayır.
. Y. Akçura 1906-cı ildə Kazanda nəşr olunan “Qolum va tarix”(elm və tarix) mühazirələr toplusunda o tarixin insan düşüncəsində və digər elmlər arasında yerini müəyyən etməyə çalışır.
Rusiya müsəlmanlarının üçüncü qurultayında (1906) İsmayıl bəy Qaspralı və Yisif Akçura bütün Rusiya müsəlmanlarının vahid bir partiya ətrafınada birləşməyini, bütün müsəlmanların mənafelərini qorumağı təklif edirlər. Siyasi fəaliyyətinə görə Risiya hakimiyyəti tərəfindən həbs edilən Y. Akçura təqiblərdən yaxa qurtarmaq üçün Rusiyanı tərk etmək qərarına gəlir.
1908-ci ildə İkinci Məşrutiyyətin elanından sonra İstanbula qayıdan Yusif Akçura müəllimlik fəaliyyəti ilə məşğul olur, İstanbul Universitetində və Mülkiyyə məktəbində siyasi tarix fənnini tədris edir, türkçülük nəzəriyyəsinin ayrı-ayrı istiqamətlərini araşdırır. "Türk Dərnəyi" və "Türk Ocağı" təşkilatlarının qurucularından biri və məşhur "Türk Yurdu" jurnalının baş redaktoru olur. Geniş türkdilli auditoriyaya hesablanmış “Türk Yurdu” dərgisi bütün türk xalqları barədə müxtəlif materiallar dərc edirdi. Bu dərgi Türkiyədə ictimai şüurun formalaşmasında müstəsna rol oynamış və zamanında ən nüfuzlu yayınlardan biri olmuşdur. Yusif Akçuranın təşəbbüsü ilə yaradılan “Türk Ocaqlaları”, türkçülük ideyalarının yayılmasında və Türkiyədə milli şüurun formalaşmasında mühüm rol oynamışdır.
1915-ci İldə Y. Akçura Leon Kaenin “Asiya tarixinə giriş” kitabından ilhamlanaraq “Türkçülüyün tarixi” əsərini yazır. Burada o “türkçülük və milliyətçilik” düşüncəsinin əsasən Avropadan qaynaqlandığını bildirir. O yazır: “Vatan millet idealini biz mektebimizden değil, tesadüfen elimize geçen ecnebi kitaplarından yahut etrafımızda, içimizde yaşayan yabancı milletlerin faaliyetlerinden öğrendik. Şu söylediklerim acı ise hakikat değil midir?”
Bu əsərdə o əsas diqqətini Türk xaqanlıqları dövründə mövcud olmuş türk millətinin birliyi mövzusuna yönəldir. Türk birliyinin ikinci dövrü kimi Çingisxan imperiyasını göstərir. “Türk milliyeti fikri, Türkler arasına ne zaman ve nasıl girdi?”- süalı ilə başladığı əsərdə bu süala tarixi prizmadan baxmağa çalışır. O ilk dəfə olaraq türk birliyini tarixi analogiyadan əsaslandırmağa çalışır. Teoride ve Batı Türkleri’nde Türkçülük, - Azeri Türkleri’nde Türkçülük - Batı Türkleri’nde Türkçülüğün İkinci Devresi - Kafkas, Kırım ve Kazan Türkleri’nde Milliyet Fikri-Türkçülüğün Üçüncü Faal Devresi - Siyasi Türkçülük -Türkçülüğün Teşkilatlanma Devresi -Türkiye Cumhuriyeti kimi fəsillərdən ibarət olan bu əsərdə Yusif Akçura ilk olaraq türklərin tarixinə bir millət olaraq konseptual şəkildə baxır. Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Akçura türk ruhunu Qafqazda, Sibirdə, Şərqi Türküstanda – Turan çöllərində axtarırdı. “Türk aləmində ” məqaləsində Yusif Akçura Türk dünyasının 3 hissədən ibarət olduğunu qeyd edirdi: a) Müstəqil Osmanlı imperiyası; b) Çar Rusiyası və qismən Çinin tabeliyində olan ərazilər; c ) İranın şimalı və şimal şərqı. O Türklərin birləşməsində İslam dininin rolunu inkar etməsə də, milli zəmində birləşməyi daha önəmli hesab edir. O yazır: “Dinlər, din olmaq baxımından getdikcə siyasi önəmlərini, qüvvətlərini itirirlər. Sosial olmaqdan çox, şəxsiləşirlər. Dolayısı ilə dinlər, ancaq irqlərlə birləşərək irqlərə yardımçı və xidmətçi olaraq siyasi və sosial önəmlərini qoruya bilərlər”- deyə qeyd edir”.
Y.Akçura “Türkçülüyün iki qolu” məqaləsində türkçülük cərəyanının özünü “Demokratik türkçülük” və imperyalist türkçülük” deyə iki yerə ayırır. “
“Bizde Türkçülük cereyanın gitgide iki kola ayrıldığını iddia etmek istiyorum. Bu iki cereyanı şimdi moda olan tabirlerle tarif etmek istersek, birisine "demokratik Türkçülük", diğerine "emperyalist Türkçülük" diyebiliriz. Demokratik Türkçülük, milliyet esasını, her millet için bir hak olarak telakki ediyor ve Türkler için taleb ettiği bu hakkı, diğer milletlere de aynı derecede hak olarak tanıyordu.
Emperyalist Türkçüler ise, ekser Avrupa nasyonalistlerine benziyorlardı: Yalnız hakka değil, sırf kendi kuvvetlerini arttıran milliyetçiliğe taraftar idiler. Vakıa ekser Avrupa nasyonalistlerinin nazarında milli hak, mücerred ve mutlak değildir; bir siyasi vasıtadır. …Efendiler, Türklerin taarruzi emperyalist milliyetçiliği hatadır”.
Onun bu düşüncələri indi nə qədər aktual səsləndiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Məncə türk xalqlarının yeni ideoloqları öz doktrinlərini qurarkən Y. Akçuranın düşüncələrinə daha çox müraciət edəcəkər, çünki onun ortaya qoyduğu “Üç tərzi siyasət” doktrini həmişə yaşarı olacaq, dördüncü yol isə hələlik sadəcə yoxdur.
Ziya Göy Alpın 1923-cü ildə yazdığı “Türkçülüyün əsasları” əsərindəki tezislər əsasən Akçuralını təkrar etsə də, onun doktrini Atatürk Türkiyəsinin reallıqlarına daha çox uyğun gəlirdi, buna görə Y. Akçura uzun müddət Ziya Göyalpın kölgəsində qaldı. Bununla bərabər onun zəkası və millət yolunda göstərdiyi fəaliyyətlər Türküyə Cumhuriyyəti rəhbərliyi, xüsusə M. K. Atatürk tərəfindən yüksək qiymətləndirilmişdir. O ilk Məclisin millət vəkili, M. K. Atatürkün mədəniyyət və siyasət məsələləri üzrə müşaviri olmuşdur. Y. Akçura Türk Tarix Qurumunun qurucularından biri, daha sonra rəhbəri olmuş, Türkiyə prezidentinin tapşıtığı ilə I Türk tarix konqresinə öndərlik etmişdir. Həyatını mənsub olduğu etnosun inkişafına və təşkilatlanmasına həsr etmiş bu böyük insan 1935-ci ildə ürək tutmasından vəfat etmişdir.
Elxan Zal Qaraxanlı