"Təhsil haqqını artırmaq üçün universitetlər tələbəyə "ideal imkan" təqdim etməlidir”
“İnfrastruktur və müəllim heyəti yoxdursa, təhsil haqqını artırmaq haqsızdır”
Ali təhsil müəssisələrində təhsil haqlarının artacağı gündəmə gəlib. Ümumi qiymət artımı fonunda, bəlkə də bunu normal, gözlənilən saymaq olar. Lakin məsələ ali təhsil müəssisəsi rəhbərliyinin təyin etdiyi, tələbə tərəfindən də ödənilən təhsil haqqının verilən tədrisə, yaradılmış şərait və imkanlara nə dərəcədə adekvat olmasıdır.
Təhsil haqlarının artımında yaşayış səviyyəsi və gündəlik tələbat əsas gətirilərək bildirilir ki, “bu halda universitet əməkdaşlarının, xüsusilə də müəllimlərin əməkhaqqı tələbləri də yüksəlir. Bu isə ali təhsil müəssisələrinin xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, ölkədə orta gəlirin və yaşayış minimumunun artması da müəllim və digər əməkdaşların daha yüksək əməkhaqqı gözləntilərini formalaşdırır. Universitetlər isə keyfiyyətli kadrları cəlb etmək və onları saxlamaq üçün daha rəqabətli əməkhaqqı təklif etməyə məcbur qalırlar (Milli.az)”.Təhsil haqlarının yüksəlməsinə həmçinin, infrastrukturun yenilənməsi, texniki imkanların artırılması, yeni texnologiyalardan istifadəyə əlçatanlığın təmin edilməsi əsas gətirilir.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrində illik təhsil haqları bir neçə qurumun müzakirəsi əsasında, nəticə olaraq Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: 
- Bizim hər zaman dediyimiz və istədiyimiz budur ki, illik təhsil haqları ailələrin büdcəsi nəzərə alınaraq müəyyənləşməlidir. Söhbət dövlət ali təhsil müəssisələrindən gedir. Özəl ali məktəblər istədikləri qyiməti təyin edir. Amma verdiyi təhsillə qiymət arasında böyük fərq olur. Təhsil haqqı yüksək, tədris keyfiyyəti isə aşağıdır. Təhsl haqqı o zaman artıra bilər ki tələbəyə ideal imkan yaradılmış olsun. İdeal imkan nədir, yəni, tələbə özünü həqiqi təhsil və tələbə mühitində hiss edir, yüksək ixtisaslı müəllim heyətindən dərs alır. Xarici ölkədə təcrübə keçmək, ixtisaslaşmaq imkanı yaradılır, bütün lazımi infastrukturdan ali məktəb daxilində yararlanmaq imkanı var, laboratoriyadan, kitabxanadan, yeməkxanadan, yataqxanadan istifadə edir, asudə vaxtını səmərəli keçirmk üçün idman zalı, əyləncə məkanı var, bütövlükdə kampus variantı mövcuddur. Və tələbə bundan maksimum faydalana bilir. Əgər bu imkanlar yaradılmırsa, bunları varmış kimi təqdim edib yüksək təhsil haqqı təyin etmək yanlışdır. Təhsil haqqı o zaman yüksələ bilər ki, məsələn, kommunal xidmətlərin qiymətində dəyişiklik olsun, elektrik enerjisi, internet qiymətləri artmış olsun. Bu, qiymət artımına səbəb ola bilər. lakin illik təhsil haqqı 3000 manat olan ali məktəb indiyədək bu məbləğə uyğun təhsil verməyibsə, indi təhsil haqqını 1000 manat da artırırsa, bu, doğru deyil. Çünki o, 4000 manatlıq təhsil vermir. Bəli, elə təhsil müəssisələrimiz var ki təhsil haqqı 5-6 mindir. Amma yüksək təhsil keyfiyyəti var. Yüksək akademik göstəricilərə sahibdir və sair. Təhsil haqları müəyyən infarstruktur formalaşdıqdan sonra, buna uyğun müəyyən edilməlidir.