“Bloqer müəllimlər dərsi şouya çevirir!” - Psixoloqdan xəbərdarlıq

Şagirdləri videoya çəkmək təhsili ikinci plana atır

"Sosial şəbəkə həvəsi müəllim nüfuzunu sarsıdır"

Son zamanlar sosial mediada “bloqer müəllim” obrazı yaratmaq uğrunda yarışa girən müəllimlərin şahidi oluruq. Halbuki müəllim davranışı, mənəvi mövqeyi və verdiyi biliklə şagird üçün nümunə olmalıdır. Sosial mediada “özünü tanıtmaq” məqsədilə şagirdləri alət kimi istifadə etmək müəllimin peşə etikasına və pedaqoji nüfuzuna ziddir. Dərs zamanı diqqəti telefona yönələn müəllimin, şagirddən eyni cihazdan uzaq durmağı tələb etməsi inandırıcı deyil. Müəllim özü ekran qarşısındadırsa, qoyulan qadağalar formal xarakter daşıyacaq. Çünki uşaqlar deyiləndən çox, müşahidə etdikləri davranış modellərini mənimsəyirlər. Onsuz da, uşaqların böyük bir hissəsi telefondan asılı vəziyyətdədir. Belə bir şəraitdə müəllimin davranışı həlledici rol oynayır. Təhsil mühitinin fərdi tanıtım platformasına çevrilməsi, tədris prosesinin mahiyyət etibarilə ikinci plana keçməsinə yol açır.

Mövzu ilə əlaqədar kliniki uşaq psixoloqu Nuriyyə Quliyeva Sherg.az-a bildirib ki, bəzi müəllimlər həqiqətən də məktəbdə bloger kimi fəaliyyət göstərirlər:

“Bununla bağlı mənfi və müsbət nümünələrlə qarşılaşmışam. Texnalogiyadan düzgün məkanda və doğru qaydada istifadə etmək lazımdır. Çünki ondan doğru istiqamətdə yararlandıqda, həyatımızın və iş prosesinin asanlaşdığını görürük. Yanlış yöndə istifadə etdikdə isə fəsadlara yol açdığının şahidi oluruq. Əgər müəllimlər motivasiya məqsədilə şagirdlərin dərs fəaliyyətini çəkib paylaşırsa, bu yanaşma müəyyən çərçivədə məqbul hesab oluna bilər. Məsələn, şagirdlərin suallara düzgün cavab verməsi və ya valideynlərini bayram münasibətilə təbrik etməsi kimi müsbət məqamların müəllimlər tərəfindən video formatında paylaşılması, onlarda özgüvən hissinin formalaşmasına müsbət təsir göstərəcək”. 

Psixoloqun sözlərinə görə, mütəmadi olaraq, “göstəriş” üçün şagirdlərin fəaliyyətini çəkmək dərs prosesinin pozulmasına səbəb olar:

“Valideynlərin razılığı ilə, düzgün metoda əsasən dərs prosesində aparılan videoçəkilişlər, uşaqların sosiallaşmasına müsbət təsir bağışlayar. Videogörüntülərdə uşaqların dərs prosesinə düzgün metodlarla cəlb edilməsi, digər müəllimlər üçün də maarifləndirici xarakter daşıya bilər. Təəssüf ki, bəzi müəllimlərin sosial şəbəkədə canlı yayım açaraq, küçə sözləri ilə uşaqlara müraciət etdiyinin də şahidi oluruq. Bu artıq texnalogiyadan mənfi yöndə istifadə edən “müəllim kateqoriyası”na daxildir. Əgər biz uşaqlara məktəbə telefon gətirməməli olduqlarını və evdə istifadəsini məhdudlaşdırmalarını öyrədiriksə, özümüz də bu cihazlardan asılı olmamalıyıq. Çünki valideyn və müəllimlər nə tökürsə uşaqlar da onu yığır”. 

N.Quliyeva bildirib ki, texnalogiya erasında uşaqların telefonla təmasını tam məhdudlaşdırmaq mümkünsüzdür:

“Biz sözlərimizlə deyil, davranışlarımızla uşaqlara nümunə olmalıyıq. Son dövrlərdə telefonu əlindən alındığı üçün cinayətə və ya intihara cəhd edən uşaqlara da rast gəlirik. Ailələrin əksəriyyətində telefona görə valideynlərlə uşaqlar arasında mübahisə yaranır. Yeniyetməlik dövründə həssas olan uşaqlar, kiçik hadisəyə belə fərqli reaksiyalar verə bilirlər. Ona görə də birdən-birə onların telefonla bağlantısını kəsmək doğru olmaz. Valideynlər, telefondan istifadəyə görə düzgün qaydalar tərtib etməli, nəzarət sistemini gücləndirməlidir. Uşaqlara fasilələrlə və müəyyən vaxt aralığında telefonla təmasda olmağa icazə verilməlidir. Valideynlər qəti və ardıcıl qaydalar tətbiq etməklə uşaqların telefona olan asılılığını səmərəli şəkildə tənzimləyə bilərlər”.