Coğrafiya fənnindən imtahan verəcəklər


I və III ixtisas qruplarında dəyişiklik edilib

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.
 Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər. 

DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək: "Yanvar ayından bir neçə sınaq imtahanının keçirilməsi planlaşdırılır. İmtahan fənləri üzrə proqramlar hazırda ekspertlər tərəfindən müzakirə edilir. Növbəti qəbul imtahanlarında yeni region bölgüləri və işğaldan azad olunan ərazilərin tarixi haqqında suallar olacaq. Azad edilmiş ərazilərin işğal tarixləri ilə yanaşı azad olunması tarixləri də mövzularda öz əksini tapacaq. Yeni proqramlar müzakirə edilib və dərsliklər üzrə monitorinqlər aparılıb. Proqram dərc olunandan sonra epidemioloji vəziyyətə uyğun olaraq yanvarda sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur".