- Rusiya və Ukrayna arasında atəşkəsin əsas düsturu açıqlandı
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırılması üçün diplomatik səylər diqqət mərkəzindədir. Sülh danışıqlarında irəliləyişə nail olmaq məqsədilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçi olması təklif edilir. Bu təşəbbüs Ərdoğanın mümkün vasitəçilik rolunu yenidən gündəmə gətirir.
İndiyədək bir sıra ölkələrin sülh təşəbbüsləri müsbət nəticə verməyib. 2022-ci ilin fevralında başlayan müharibə artıq dörd ildən çoxdur davam edir və ciddi hərbi itkilərlə müşayiət olunur. "Bloombering"in məlumatına görə, bu ilin sentyabr ayı ərzində Rusiyada 28 mindən çox hərbçi müharibənin qurbanına çevrilib. Analoji dövrdə Ukrayna Silahlı Qüvvələri (USQ) isə təxminən 5 min hərbçi itirib.
Belə bir şəraitdə R.T. Ərdoğanın vasitəçi kimi irəli sürülməsi Rusiya-Ukrayna müharibəsində sülhə gedən yolun istiqamətini dəyişə biləcək yeni diplomatik addım kimi diqqət çəkir.
Mövzü ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ərdoğanın mümkün vasitəçiliyi Moskva və Kiyev arasında sülh danışıqlarında yeni imkanlar yarada bilər:
“Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçi kimi çıxış etməsi ehtimalı dəfələrlə beynəlxalq diplomatiyada müzakirə predmeti olub. Andrey Sibiqanın Zelenski və Putin arasında keçiriləcək görüşün sülh danışıqlarında irəliləyişə şərait yaradacağını bildirməsi və belə bir görüşün ABŞ ilə Türkiyə prezidentlərinin vasitəçiliyi əsasında təşkil oluna biləcəyini vurğulaması Ərdoğanın vasitəçilik missiyasını yenidən gündəmə gətirib. Elə Ərdoğan özü də keçən həftə Putinlə telefon danışığında Türkiyənin Moskva ilə Kiyev arasında birbaşa dialoqa kömək etməyə hazır olduğunu bildirmişdi. Bu açıqlamalar əslində Ankaranın danışıqlar prosesində yenidən fəal rol oynamaq niyyətini göstərir.
Ərdoğanın əsas üstünlüyü Moskva və Kiyevlə paralel dialoq kanallarını qorumasıdır. Türkiyə NATO üzvü olsa da, Rusiya ilə iqtisadi və enerji əlaqələrini davam etdirir, eyni şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü də dəstəkləyir. Ankara eyni zamanda Ukraynaya müdafiə sahəsində yardım göstərib və Rusiya ilə Qərb arasında münasibətlərin mürəkkəb olduğu şəraitdə diplomatik təmas imkanlarını qoruyub. Qeyd edək ki, 2022-ci ildə məhz Türkiyənin vasitəçiliyi ilə Qara dəniz Taxıl Təşəbbüsü ərzaq ixracının bərpasına imkan yaratmışdı. Bu təcrübə göstərir ki, Ankara tərəflər arasında məhdud razılaşmaların əldə edilməsinə töhfə verə bilər. Bununla belə, taxıl ixracı üzrə razılaşma ilə müharibəni dayandıracaq siyasi sazişin mürəkkəbliyi eyni deyil".
Politoloqun sözlərinə əsasən Ərdoğanın vasitəçiliyi Türkiyənin beynəlxalq nüfuzunu artıra bilər, amma sülhə zəmanət vermir:
“Türkiyə üçün belə bir proses beynəlxalq diplomatik çəkisini artırmaq imkanıdır. Uğurlu vasitəçilik Ankaranın NATO daxilindəki rolunu, Avropa və Asiya arasında diplomatik əlaqələrini, eləcə də Qara dəniz regionunda təhlükəsizlik məsələlərinə təsir imkanlarını gücləndirər. Lakin nəticəsiz danışıqlar Türkiyənin nüfuzuna müəyyən zərbə vura bilər.
Ümumiyyətlə isə Ərdoğanın vasitəçiliyi müharibənin dərhal başa çatacağına zəmanət vermir, lakin birbaşa dialoqun bərpası üçün imkan yaradır. Burada Türkiyənin mümkün töhfəsi tərəflərin razılığa gələ biləcəyi praktiki mexanizmlərin formalaşdırılmasına kömək etməkdən ibarət ola bilər".
R.Bayramov Rusiya ilə Ukraynanı razılığa gətirəcək əsas şərtləri qeyd edib:
“Rusiya və Ukraynanın razılığa gəlməsi üçün əvvəlcə ən azından atəşkəsə ehtiyac var. Bunun üçün ilk şərt isə atəşkəsin konkret mexanizmlərlə təmin edilməsidir. Atəşkəsin qüvvəyə minmə vaxtı, pozuntuların monitorinqi, insidentlərin araşdırılması və razılaşmaya əməl olunmasına nəzarət mexanizmləri əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda, atəşkəs sadəcə döyüşləri davam etdirmək üçün müvəqqəti fasiləyə çevrilə bilər. Ukrayna təhlükəsizlik təminatlarının, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını vacib sayır. Rusiya isə öz təhlükəsizlik tələblərinin, ərazi ilə bağlı iddialarının və gələcəkdə mümkün razılaşmanın şərtlərinin nəzərə alınmasını istəyir. Bu mövqelər arasındakı ziddiyyətlər müharibənin siyasi həllini çətinləşdirən əsas amillərdəndir.
Buna görə də danışıqlar yalnız ərazi məsələləri ilə məhdudlaşmamalıdır. Hərbi əsirlərin mübadiləsi, mülki şəxslərin müdafiəsi, deportasiya edilmiş və aparılmış uşaqların qaytarılması, enerji və mülki infrastruktura hücumların dayandırılması, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilkin razılaşmalar üçün imkan yarada bilər. Bu məsələlər üzrə əldə ediləcək nəticələr tərəflər arasında etimadın formalaşmasına kömək edə bilər".
Mətanət Həsənova