Plan yoxdur, strategiya yoxdur
“Əhəmiyyətini itirəcək sahələrə marketinq, operator, rejissor kimi ixtisaslar, muzey, arxiv işi, yazışmalar, sənəd dövriyyəsi kimi sahələr daxildir. Bu sahələr avtomatlaşdırılacaq”
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin bir cümləsi əməlli-başlı çaxnaşma yaradıb. DİM sədri qarşıdakı 5 il ərzində bəzi ixtisaslar ləğv edilə bilər deyib. 2024–2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı M.Abbaszadə qeyd edib ki, bəzi sahələrdə çalışan şəxslər gündəlik olaraq eyni və təkrarlanan işləri yerinə yetirirlər. Bu səbəbdən həmin peşə sahiblərinin ixtisaslarının təxminən 5 il ərzində aktuallığını itirərək ləğv olunacağı ehtimal olunur. Lakin DİM sədri konkret hansı ixtisasların ixtisara düşəcəyini söyləməyib. Yəni oxu atıb, yayı isə gizlədib. İndi abituriyentlər də, valideynlər də “qara-qara” düşünürlər: əcəba hansı ixtisaslar ləğv olunacaq? Ləğvi gözlənilən ixtisaslar arasında bu il həmin ixtisaslara qəbul olunanlar varsa, onların taleyi qaranlıq görünür. Ləğv olunacaq ixtisaslar üzrə təhsil alanlar çətin ki iş tapa bilsinlər. Ya da ixtisaslarını dəyişməyə məcbur olacaqlar.
Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında maraqlı sualla çıxış etdi:
- Nə üçün 5 il sonra əmək bazarında olmayacaq ixtisaslara bu gün hələ də tələbə qəbulu həyata keçirilir? Əgər artıq dünya 2030-cu ilin ixtisaslarını formalaşdırırsa, biz niyə hələ də 1980-ci illərin peşələrini tədris edirik? Əgər bilirik ki, bəzi ixtisaslar süni intellekt, avtomatlaşdırma, rəqəmsallaşma ilə əvəz olunacaq, niyə minlərlə gəncin həyatını bu informasiyasızlıqla riskə atırıq? Bu suallara cavab verilməlidir. Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında ehtiyac yoxdursa, onların qəbul planı dərhal dayandırılmalıdır. Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.
Ekspert gələcəyin ixtisaslarını sadalayıb:
- Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bio-informatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç olmasa, istiqamət varmı? Amma universitetlərimiz oturub illər sonra keçmişə baxır: “biz niyə geri qaldıq?” – çünki bu günü planlamadıq. Bütün bunlar o deməkdir ki, təhsil sistemi əmək bazarının arxasınca sürünür. Halbuki önündə getməli idi. Elm və Təhsil Nazirliyi bu məsələdə nə təhlil aparır, nə proqnoz verir, nə də ictimaiyyəti məlumatlandırır. Plan yoxdur. Strategiya yoxdur. Sadəcə köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar. Yalnız bir sual var, əgər bu gənclər sabah işsiz qalacaqsa, bu gün onları niyə bu yola yönəldirik? Təhsil gələcəyin planıdır, keçmişin vərdişi deyil. Bu sistem dəyişməzsə, dəyişən yalnız işsizlərin sayı olacaq.
Təhsil eksperti Elçin Əfəndi də hesab edir ki, süni intellekt və texnologiyaların sürətli inkişafı nəticəsində qarşıdakı 5 ildə bir çox istehsalat sahələrində insan əməyinə olan tələbat azalacaq. Hazırda bir çox proses robotlar və avtomatlaşdırılmış sistemlər vasitəsilə həyata keçirilir artıq. Bu, bəzi peşələrin tədricən əmək bazarından sıxışdırılıb çıxarılacağını göstərir. Ekspert ləğv olunacaq ixtisaslar barədə ehtimal irəli sürüb:
- Əhəmiyyətini itirəcək sahələrə marketinq, operator, rejissor kimi ixtisaslar, muzey, arxiv işi, yazışmalar, sənəd dövriyyəsi kimi sahələr daxildir. Bu sahələr avtomatlaşdırılacaq. Gələcəyin əsas ixtisasları isə kibertəhlükəsizlik mühəndisi, maliyyə meneceri, Data mühəndisi, səhiyyə mühəndisi, psixi sağlamlıq mühəndisi, yeni energetika mühəndisi, inşaat mühəndisi, innovasiya meneceri, süni intellekt mühəndisi, ağıllı şəhər və ev mühəndisi, rəqəmsal transformasiya üzrə mütəxəssis, iqlim müdafiəçisi, Big Data analitiki, biotexnologiya mühəndisi, İoT mütəxəssisi, ağıllı nəqliyyat mühəndisi, proqram tərtibatçıları və sair buna bənzər ixtisaslardır. Gələcəkdə tələbat olmayacaq ixtisaslara qəbul planı azaldılmalıdır. Hətta onların ləğvi barədə də düşünmək, qərar vermək lazımdır.