“Elm yalnız məqalə yarışına çevrilməməlidir” - İlqar Orucov

“Rəqəmlərin manipulyasiyası elmi durğunluğa aparır”

Azərbaycan elminin inkişaf göstəriciləri və beynəlxalq elmi məkana inteqrasiyası məsələsi son illər daha çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə qlobal elm məkanında rəqabətin güclənməsi, tədqiqatların keyfiyyət göstəriciləri və impakt faktorlu nəşrlərin əhəmiyyəti elmi qurumların fəaliyyətinə yeni yanaşmalar tələb edir.

Bu kontekstdə Azərbaycan Milli Elmlər Akademiyasında aparılan elmi tədqiqatların miqyası ilə yanaşı, onların beynəlxalq nüfuzlu platformalarda təmsil olunması da əsas prioritetlərdən biri kimi qiymətləndirilir.

AMEA-nın prezidenti İsa Həbibbəylinin Akademiyanın Ümumi yığıncağında səsləndirdiyi fikirlər də məhz elmi fəaliyyətin yalnız kəmiyyət deyil, keyfiyyət göstəriciləri baxımından gücləndirilməsinin vacibliyini önə çıxarır: “2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əhatə etdiyi 9 elmi tədqiqat institutunda, regionlarda yerləşən 2 elmi bölmədə və 2 regional elmi mərkəzdə elmi tədqiqat işi yerinə yetirilib”. O bildirib ki, son illərdə Nobel mükafatına layiq görülmüş işlərin demək olar ki, hamısının kollektiv tədqiqatlardan ibarət olduğunu nəzərə alsaq, elmdə beynəlxalq əməkdaşlığın nə qədər aktual və zəruri olduğunu görə bilərik: “Monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malik olan Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyil. Akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar”.

Bu baxımdan, elmi fəaliyyətin keyfiyyət göstəriciləri, beynəlxalq indeksli jurnallarda təmsilçilik və qlobal elmi əməkdaşlıq məsələləri xüsusi aktuallıq kəsb edir. 

Mövzunu şərh edən fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Sherg.az”a açıqlamasında bildirib ki, müasir dünyada ölkənin gücü yalnız onun təbii resursları ilə deyil, həm də intellektual kapitalı və bu kapitalın qlobal elmi dövriyyədəki real payı ilə ölçülür.

 Onun fikrincə, AMEA-nın Ümumi Yığıncağında qurumun prezidenti, akademik İsa Həbibbəylinin impakt-faktorlu jurnallarda nəşr edilən məqalələrin azlığı barədə tənqidləri Azərbaycan elminin strateji transformasiya mərhələsində olduğunu göstərir: “Mövcud problem təkcə impakt-faktorlu məqalələrin azlığı deyil, həm də elmi səmərəliliyin ölçülməsi və idarə edilməsi sistemindəki struktur boşluqlarıdır.

Beynəlxalq təcrübə sübut edir ki, elmi uğur təkcə alimin fərdi cəhdlərinin deyil, düzgün qurulmuş ekosistemin nəticəsidir. Məsələn, Böyük Britaniya modelində (Tədqiqatın Keyfiyyət Çərçivəsi - REF) universitetlər və institutlar hər 6-7 ildən bir qiymətləndirilir. Burada əsas meyar təkcə nəşr sayı deyil, həmin tədqiqatın cəmiyyətə, iqtisadiyyata və ya texnologiyaya göstərdiyi real təsir (Impact) göstəricisidir.

Dünyada "elmi səmərəliliyin qızıl standartı" hesab olunan Almaniya modeli (Max Planck və Fraunhofer) isə elmi iki strateji qütbə bölür: fundamental və tətbiqi elm. Max Planck Cəmiyyəti "elm elm üçündür" prinsipi ilə dünya miqyaslı kəşflərə imza atdığı halda, Fraunhofer Cəmiyyəti "elm inkişaf üçündür" prinsipi ilə çalışır və büdcəsinin təxminən 70%-ni sənaye sifarişlərindən qazanır. Çin və Cənubi Koreya kimi ölkələr isə "say" mərhələsindən sürətlə "nüfuz" mərhələsinə keçərək, kvantitiv (say) tələbləri ləğv etmiş, yalnız Nature Index və ya Top 1% daxil olan jurnallarda nəşrləri maliyyələşdirməyə başlamışlar.

Müasir elmi səmərəlilik həm də rəqəmsallaşma və şəffaflıq deməkdir. Açıq Elm (Open Science) prinsiplərinin tətbiqi və Süni İntellekt (AI) alətlərindən tədqiqat prosesində istifadə edilməsi artıq seçim deyil, zərurətdir. Bu texnologiyalar təkcə analitik imkanları genişləndirmir, həm də tədqiqat məlumatlarının şəffaflığını təmin edərək "köçürmə" və digər akademik manipulyasiya hallarına qarşı filtr rolunu oynayır.

Ona görə də ölkəmizdə elmi səmərəliliyi artırmaq üçün kəmiyyət göstəricilərindən keyfiyyət süzgəclərinə keçid labüddür. Azərbaycan elmi "Nə qədər çap olundum?" sualından "Nəyi dəyişdim?" sualına keçid etməlidir. Bilik iqtisadiyyatında alim obrazı "məqalə müəllifi"ndən "problemi həll edən və iqtisadi dəyər yaradan mütəxəssis"ə transformasiya olunmalıdır”.

İlqar Orucov hesab edir ki, elmin maliyyələşdirilməsi mexanizmi birbaşa ölçülə bilən sosial-iqtisadi fayda prinsipinə bağlanmalı, elmi fəaliyyət ölkənin ümumi inkişaf strategiyasının lokomotivinə çevrilməlidir:

“Müasir elm idarəçiliyində tədqiqatçı səmərəliliyinin ölçülməsi artıq sadə kəmiyyət göstəricilərini aşaraq, birbaşa sosial-iqtisadi rentabelliyə söykənməlidir. Bu kontekstdə, Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən nüfuzlu jurnallarda nəşrə görə mükafatlandırma sistemi yalnız keçid dövrü üçün nəzərdə tutulmuş ilkin motivasiya mexanizmi və müvəqqəti stimul kimi effektiv ola bilər. 

Lakin uzunmüddətli perspektivdə bu yanaşma elmi ekosistemin dayanıqlı inkişafını təmin etmək iqtidarında deyil. Çünki elmin əsas missiyası yalnız "akademik reputasiya" qazanmaq deyil, həm də bilik iqtisadiyyatının mühərrikinə çevrilməkdir. İmpakt-faktor bir hədəf deyil, keyfiyyətli tədqiqatın təbii nəticəsi olmalıdır. Əks halda, dövlətin ayırdığı mükafatlar real elmi inkişafa deyil, "akademik sahibkarlığın" və hesabat naminə aparılan saxta fəaliyyətlərin inkişafına xidmət edəcək. 

Akademik İsa Həbibbəylinin vurğuladığı "ürəkaçan olmayan" göstəricilər ciddi bir xəbərdarlıqdır. Azərbaycan elminin mövcud inersiyadan çıxarılması üçün qlobal elmi rəqabətin sərt qaydalarını qəbul etmək lazımdır. Elmi səmərəlilik yalnız o zaman artacaq ki, idarəetmə sistemi sayı deyil, nüfuzu, tətbiqi və akademik dürüstlüyü mükafatlandırsın. Əks təqdirdə, ayrılan vəsaitlər real inkişafa deyil, rəqəmlərin manipulyasiyasına və elmi durğunluğa xidmət edəcəkdir”.