Kimin uşağını hara göndərək? -Xaricdə təhsil almaq istəyənlərin seçimi qeyri-şəffafdır

Kamran Əsədov: "Elm və Təhsil Nazirliyi bu sahədə nə maarifləndirmə işi aparır, nə də ictimai hesabatlılığı təmin edir"
Xaricdə təhsil üzrə Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları, seçimin hansı əsaslarla aparıldığı niyə ictimaiyyətə açıqlanmır? Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məsələyə toxunsa da, tam aydınlıq gətirməyib. Dövlət Proqramı çərçivəsində magistratura təhsil səviyyəsi üzrə təhsil almaq hüququ qazanan təqaüdçülərlə bağlı jurnalistlərə açıqlamasında T.Topalova qeyd edib ki, Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala görə sıralanır və kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı qazanırlar. Onun sözlərinə görə, xüsusilə, bakalavriat və magistratura səviyyəsi üzrə namizədlərin ehtiyat siyahısı da mövcuddur. T.Topalova bildirib ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək ballı şəxslər də proqramdan yararlana bilərlər. Seçim tam şəkildə qaydalara uyğun və şəffaf aparılır. Bu il Dövlət Proqram iştirakçıları tərəfindən ən çox üz tutulan ölkələr Böyük Britaniya, ABŞ, Türkiyə, ilk dəfə olaraq isə Avstraliya İttifaqı olub.
Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış şəxslərin seçimi ilə bağlı yekun balların ictimaiyyətə açıqlanmaması ciddi şəffaflıq problemi yaradır: 
- Rəsmi qurumların “seçim tam şəkildə qaydalara uyğun və şəffaf şəkildə aparılır” bəyanatı ilə real tətbiq arasında kəskin ziddiyyət müşahidə olunur. Əgər ballar və yekun nəticələr ictimaiyyət üçün əlçatan deyilsə, bu halda seçimlərin obyektiv və ədalətli şəkildə həyata keçirildiyini cəmiyyət necə təsdiqləyə bilər? 2024-cü ildə Dövlət Proqramı çərçivəsində 700-ə yaxın şəxsin təqaüd qazandığı bildirilir, lakin bu şəxslərin hansı balla, hansı göstəricilərlə üstünlük qazandıqları haqqında heç bir məlumat paylaşılmır.
K.Əsədov bildirdi ki, Azərbaycan Respublikasının “Məlumat azadlığı haqqında” Qanununun 10-cu maddəsinə əsasən, dövlət orqanları ictimai əhəmiyyət kəsb edən informasiyaları mütəmadi olaraq ictimaiyyətə təqdim etməlidirlər. Həmin qanunun 3-cü maddəsində isə bildirilir ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətinə dair məlumat almaq hüququna malikdirlər. Dövlət Proqramı isə birbaşa ictimai maliyyə ilə həyata keçirilir: 
- Vətəndaş cəmiyyətinin bu proqramın nə qədər şəffaf, ədalətli və obyektiv idarə olunduğunu izləmək hüququ var. Balların və nəticələrin gizli saxlanılması bu hüququ pozur və nəticə etibarilə cəmiyyətin proqramın legitimliyinə olan inamını sarsıdır. Əgər proqram iştirakçılarının balları, keçid meyarları, ehtiyat siyahılarının tərkibi və seçim arqumentləri tamamilə qeyri-şəffaf və ictimai baxışdan uzaq şəkildə müəyyənləşdirilirsə, bu zaman hansı obyektivlikdən, hansı ədalətli seçimdən danışmaq olar? Namizədlərin özlərinin belə nə qədər bal topladığını tam olaraq bilmədiyi bir mexanizmi şəffaf adlandırmaq sadəcə söz oyunudur. Bu, cəmiyyətin gözünü boyamaqdır. Seçim prosesinə ictimai nəzarətin olmaması, ictimai hesabatlılıq mexanizmlərinin tətbiq edilməməsi proqramın səmərəliliyini və etibarını sual altına salır.
K.Əsədov qeyd etdi ki, dünya təcrübəsində – xüsusilə də Böyük Britaniyanın “Chevening”, ABŞ-nin “Fulbright”, Almaniyanın “DAAD” və digər beynəlxalq təqaüd proqramlarında – həm ballar, həm də seçim meyarları ictimai şəkildə paylaşılır. Bu proqramlar iştirakçılara öz uğurlarını və uğursuzluqlarını anlamaq, gələcək üçün plan qurmaq imkanı verir: 
- Məsələn, DAAD proqramında yalnız seçilənlər deyil, seçilməyənlər də səbəbləri ilə bağlı rəy məktubu alırlar. Bu isə şəffaflığın və peşəkarlığın real göstəricisidir. Azərbaycanda isə seçimlərin nəticəsi yalnız proqramı idarə edənlərin masasında qalır. Kimin keçdiyi, kimin seçilmədiyi və niyə bu qərarın verildiyi bilinmir. Qeyd olunmalıdır ki, Dövlət Proqramı üzrə əsas seçim meyarları sırasında akademik göstəricilər, dil bilikləri, motivasiya məktubu və sosial meyarlar əsas götürülür. Amma bu meyarların hansına neçə bal verildiyi, hər bir namizədin konkret olaraq necə dəyərləndirildiyi açıqlanmadıqda, bütün sistemin manipulyasiyaya açıq olması mümkündür. Bu isə istedadlı, lakin “əlaqəsi olmayan” namizədlərin sistemdən kənarda qalması deməkdir. Belə vəziyyət proqramın əsas hədəfi olan “ölkəyə yüksək səviyyəli kadrların qaytarılması” ideyasını məhv edir. Müsbət cəhət odur ki, Dövlət Proqramı ölkənin elmi və texnoloji inkişafını hədəfləyən mühüm bir təşəbbüsdür və bir çox gəncin dünya universitetlərində təhsil almasına imkan yaradıb. Seçilən sahələrin prioritetləşdirilməsi, sosial həssas qrupların nəzərə alınması və ölkəyə qayıdış öhdəliyinin mövcudluğu proqramın məqsədyönümlülüyünü göstərir. Amma sistem nə qədər yaxşı dizayn edilsə də, onun icrası qapalı və nəzarətsiz olarsa, nəticə ictimai etimadsızlıq olur. Elm və Təhsil Nazirliyi bu sahədə nə marifləndirmə işi aparır, nə də ictimai hesabatlılıq təmin edir. Nazirliyin bu proqram üzrə fəaliyyətində planlı şəkildə ictimai müzakirələrin təşkili, nəticələrin elmi əsaslandırılması və proqramın effektivliyinin illik qiymətləndirilməsi yoxdur. Halbuki bu, istər cəmiyyətin dövlətə olan inamını artırmaq, istərsə də proqramın keyfiyyətini ölçmək üçün vacibdir.
K.Əsədov hesab edir ki, gələcəkdə Dövlət Proqramı çərçivəsində seçim prosesinin tam şəffaflaşdırılması üçün bütün iştirakçıların ballarının kodlaşdırılmış formada dərc olunması, keçid balının açıqlanması, ehtiyat siyahıların kriteriyalarla göstərilməsi, eləcə də ictimai müşahidə şuralarının yaradılması vacibdir. Bu yanaşma həm istedadlı gənclərin inamını artırar, həm də proqramın səmərəliliyini təmin edər. Əgər bu addımlar atılmazsa, Dövlət Proqramı cəmiyyətin deyil, qapalı dairələrin maraqlarına xidmət edən, “kimin uşağını hara göndərək?” düşüncəsi ilə idarə olunan formal mexanizm olaraq qalacaq.