Klassik publisistika və müasirliyin vəhdəti

Gülbəniz Babayevanın “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı monoqrafiya haqqında qeydlər

Professor Abid Tahirli demişkən “Milli-mənəvi sərvətlərin taleyi üçün cavabdehlik əsl ziyalı xislətidir. Zaman-zaman ziyalılarımız millətin gələcəyi naminə onun keçmişi ilə bağlı sənədləri, fikir və mülahizələri toplayıb tədqiq edərək müasirliyin xidmətinə veriblər”. Bu tarixi missiyanı təmənnasız olaraq, uzun illər böyük sevgilə icra edən ziyalılarımızdan biri də filologiya elmləri doktoru, mollanəsrəddinşünas alim Gülbəniz Babayevadır.

 “Klassik publisistikamız: dünənin, bu günün, sabahın sənət örnəyi”dir tövsiyəsinin daim aktual olduğunu “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı monoqrafiyanı oxuduqca bir daha dərk etdik. O, publisistika ki, xalqın milli özünüdərk və özünəqaydış hisslərinin aşılanmasında dahiyanə nümunələr yaradıb. İstər 20-ci yüzilliyin əvvəlləri, istər sonu milli müstəqilliyimizin, azadlığımızın qazanılmasında sözü “cəsarətlə üzə deyən əlahəzrət” publisistikaya çevrilib. Təpədən-dırnağa maarifpərvərlik, vətənpərvərlik, millətsevərlik, azadlıq hissləri ilə zəngin olan klassik publisistikamız “müasirlərindən ötrü bir məktəb səviyyəsinə yüksəldi”. Bədii publisistikanın “ən önəmli və ustad” nümunələrini ortaya qoyan, səviyyəli, cəsarətli çıxışları ilə heyrət doğuran, öz möhtəşəm ifadəsini tapan, bəşəri ideyaları tərənnüm edən klassik publisistikamıza bu gün də çox böyük ehtiyac duyulur. Bu ehtiyacın nə qədər vacib olduğunu Gülbəniz xanımın “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı monoqrafiyası hər səhifəsində bəyan edir. 

     “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı monoqrafiyanın müəllifi filologiya elmləri doktoru, elm aləmində əsasən mollanəsrəddinşünas kimi tanınan alim Gülbəniz Babayevadır. Xanım tədqiqatçı “Azərbaycan mollanəsrəddinşünaslığını formalaşdıran və bu ədəbi hərəkatın elmi sütununa çevrilə bilən” dəyərli, sanballı tədqiqatların müəllifidir. Onun realizim ədəbi məktəbinin nümayəndələrinə həsr etdiyi çoxsaylı elmi məqalələri və əsərləri mətbuatşünaslıq tariximizin öyrənilməsində qiymətli mənbələrdəndir. 

Zaman baxımından böyük bir dövrü əhatə edən əsərdə “Əkinçi” qəzetindən başlayaraq yeni müstəqillik illərimizin “publisistikasının zirvə nöqtəsini- 44 günlük Zəfərini” ifadə edən publisistikaya qədər əks edilib. Aydın olur ki, 150 illik bir yol qət edən Azərbaycan milli mətbuatı publisistikanın bütün növlərindən bəhrələnib. Azərbaycan publisistikasının keşməkeşlərlə, mübarizələrlə dolu olan bu zaman xatirəsinə nəzər saldıqda, bir daha aydın olur ki, publisistikamız “azad və müstəqil bir dövlətin bərqərar olması üçün böyük mübarizə və mücadilələrdən keçmişdir”. Milli oyanışımızın, milli kimliyimizin təşəkkülündə önəmli yer tutan, klassik publisistikamızın keçdiyi bu şərəfli yol, əsərdə bütün detallarına kimi açıqlanır, təqdim edilir. Müəllif H.Zərdabinin publisistik fəaliyyətini yüksək dəyərləndirərək onun “xalqın ictimai şüurunun oyanmasında və formalaşmasında” xüsusi rol oynadığını qeyd edərək bildirir ki, H.Zərbabidən sonra yetişən “mühərrirlər də ondan yetərincə bəhrələndilər”. Həqiqətən də 19-cu yüzilliyin sonu, 20-ci yüzilliyin əvvəlləri Azərbaycan mətbuatı həm “yeni məzmun və mündəricəli” publisistik əsərlərlə zənginləşdi, həm də yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövrün böyük publisistləri insanlara təsir etmək, onları hərəkətə gətirmək üçün bədii-publisistik sözün qüvvəsindən çox məharətlə istifadə edərək “sözü silaha çevirdilər”. Onların publisistikasını maraqlı edən cəhətlərdən biri də faktları, hadisələri müqayisələrlə təqdim etməsi, obyektiv yanaşması və s. amillərdir. 

Gülbəniz xanım bu mərhələləri ardıcıl və sistemli şəkildə tədqiqata cəlb edərək hər bir mərhələnin spesifik xüsusiyyətlərini müəyyənləşdirib.Tədqiqatçının mövzuya həddən ziya məsuliyyət və sevgi ilə yanaşması əsər boyu hiss olunur. Müəllif 20-ci yüzilliyin əvvəllərindəki publisistikanı “xalqın aynası, millətin vicdanı” kimi təqdim edərək, bu dövrün publisistikasını “əsaslı şəkildə təşəkkül tapan” mərhələ adlandırır. Bu mərhələdə “Həyat”, “İrşad”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Tərəqqi”, “İqbal” kimi mətbuat orqanları Azərbaycan publisistikasının formalaşmasında mühüm rol oynadılar. “Həyat”ın publisistik məqalələrinin “müsəlman Şərqində mədəni dirçəlişə yol açdığını qeyd edən müəllif eyni zamanda, “İrşad”ın “ciddi publisistik üslubunu təhlil edir. 

20-ci yüzilliyin əvvəllərində özünü göstərən Azərbaycan publisistikasının aparıcı qüvvələri, Gülbəniz xanımın təbrincə desək, “bu sahəyə yeni ədəbi-estetik mündəricə və dərin məna yükü” gətirmişlər. Həmin illərdə yaranan romantik və realist ədəbi məktəblər Azərbaycan mətbuatında “öz potensial gücünü və ideya zənginliyini” daha da artırmağa nail oldu. Məhz bu iki ədəbi məktəbin, xüsusən də romantiklərin faliyyəti Azərbaycan publisistikasının fəaliyyət dairəsini genişləndirdi. Başda türk dünyasının “mədəni, mətbu-ictimai-mənəvi tarixində misilsiz rol oynayan” Ə.Hüseynzadə olmaqla bu ədəbi qüvvələr “Avropaçılıq-çağdaşlıq məfkurəsini Azərbaycan mətbuatının başlıca leytmotivinə çevirdilər”. Sadalanan keyfiyyətlərə görə onların publisistikasını cəsarətlə “ideyalar publisistikası” adlandırmaq olar.

Müəllif monoqrafiyasında cəsarətli “ideyalar publissitikası”na daha çox yer verib. II, III və IV fəsillərdə milli özünüdərk problemlərinin həllində hər iki məktəbin publisistikası geniş təhlil edilir. Xüsusən də mollanəsrəddinçilərin bədii-publisist yaradıcılığının fərqli və ümumi cəhətləri, satirik mətbuatda tənqidi publisistikanın hədəfləri ustalqla təhlil edilir. “Orjinal üslub və zəngin ədəbi formalı əsərləri ilə yeni publisistika məktəbinin yaranmasına və formalaşmasına təkan verən” mollanəsrəddinçilər ədəbi-ictimai fikir tariximizdə “bənzərsiz forma-struktur özəlliyinin yaranmasını təmin etdilər”. Mollanəsrəddinçilərin publisistikasında ilk baxışdan çox adi görünüən, bəzən diqqətdən kənarda qalan, mövzu elə təqdimat üslubu ilə heyrətamiz mənzərə yaranır. Elə buna görə də monoqrafiyada onların ədəbi-bədii yaradıcılığı yüksək qiymətləndirilir və “xalqımızın ictimai fikir tarixində müstəsna iz” qoyduqları qeyd edilir.  

  Tədqiqatçı alim əsərində sovet dövrü publisistikasına da yer ayırıb. Sosrealizmin publisistika qarşısında qoyduğu ideoloji tələblərdən başlayan müəllif publisistikanın 1960-80-cı illərdə partiyalı xarakterdən çıxmağa can atmasını və insan amilinin ön plana çəkilməsini yüksək səviyyədə, real faktlarla şərh edib. Dövrünün bütün ictimai-siyasi, ədəbi-mədəni mənzərəsini özündə əks etdirən 1920-30-cu illər publisistikasını müəllif “sovet ideologiyasının daşıyıcı funksiyasını yerinə yetirən publisistika” adlandırır. Müəllifin özünün də qeyd etdiyi kimi, biz sovet dövrü publisistikasını birmənalı şəkildə xarakterzə edə bilmərik. Çünki, sovet həyat və düşüncə tərzi 1920-30, 50-60, 70-80-ci illərdə bir-birindən fərqli, təzadlı idi və sovet publisistikası da ona uyğun idi. Məsələn, 1920-40-ci illərin publisistikasında şablonçuluq, plakatçılıq üslubu daha çox özünü göstərirdi. Amma hakim rejimin diktəsi ilə nəşr edilən publisistika ilə yanaşı “demokratik fikirlərin tərcümanına çevrilən publisistik əsərlər də yazılmışdı”. Bu nümünələr, əsasən, 1960-80-cı illərin publisistikasında özünü büruzə verir. Monoqrafiyanın yeddinci fəslində bunlar çoxsaylı faktlarla açıqlanır. Tədqiqatçı da haqlı olaraq yazır ki, “bu dövrün publisistikasında tərənnüm və təşviq cəhdi ön plana keçsə də, bəzi gizli və ya aşkar şəkildə milli ideyalara əsaslanan və ona xidmət edən mətbuat orqanları fəaliyyət göstərirdi”. 

Klassikaya doğru çağrış məhz bu illərdən başlayaraq, müstəqilliyimizin yenidən bərpasından sonra publisistikamızda aparıcı mövzuya çevrildi. Milli yaddaşa qayıdışa xüsusi önəm verildi. Bu, Azərbaycan “publisistikasında zəngin, çoxçalarlı üslublar sisteminin formalaşmasına stimul verdi”. Müstəqillik dövrü bədii publisistikanın zənginləşməsində, ideya-estetik cəhətdən təkmilləşməsində və formalaşmasında “dövrün bütün ictimai-siyasi, tarixi hadisələri öz əksini tapir”. G.Babayeva bu hadisələrə həsr edilən çoxsaylı publisistik nümunələri tədqiqata cəlb edərək onları geniş şəkildə şərh edib oxucunun diqqətinə çatdırır. Odur ki, yuxarıda sadalanan bu keyfiyyətləri nəzərə alaraq cəsarətlə qeyd edirik ki, publisistika və bütövlükdə mətbuat tariximizi əks etdirən “Azərbaycan publisistikasının inkişaf mərhələləri (1875-2025)” adlı monoqrafiya təkcə elmi ictimaiyyət üçün deyil, bütövlükdə geniş oxucu auditoriyası üçün son dərəcə dəyərlidir və aktualdır, klassik publisistikamızın tədqiqi sahəsində atılan növbəti uğurlu addımdır. 

Qərənfil Dünyaminqızı Filologiya elmləri doktoru, professor

Sevil Həsənova, Filologiya elmləri doktoru, professor